2018-06-22 14:39:00   |   248 dəfə oxunub

Ermənistan səksəkədədir

Zakir Həsənovun açıq müharibə mesajları düşmənin ağlını başına gətirməlidir



"Ən müasir raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir”. Bunu ötən gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda çıxışı zamanı deyib. Nazir bildirib ki, Azərbaycan Ordusu ən müasir raket və artilleriya sistemlərinə malikdir. Nazir bəyan edib ki, Ali Baş Komandanın həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələr üçün yeni dağıdıcı silahlar alınıb:

"Bütün döyüş maşınları yenilənib. Yeni tanklar, piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək. Biz ən müasir raket və artilleriya sistemlərinə malikik. Bu raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Bütün işlərimiz döyüş hazırlığına yönəlib. İstəyirik ki, əsgərlərimiz yalnız döyüş hazırlığına önəm versinlər. 

Azərbaycan Ordusunun döyüş hazırlığı yüksək səviyyədədir. Torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır”. Analitiklər müdafiə nazirinin sərt bəyanatlarını düşmənə qarşı açıq mesaj kimi dəyərləndiriblər. Onların fikrincə, Zakir Həsənovun açıq müharibə mesajları düşmənin ağlını başına gətirməlidir. Əks halda, Ermənistanın işğalçı qoşunları növbəti sarsıdıcı zərbələrlə darmadağın ediləcək. Təbii ki, bu zaman yeni silahlar da tətbiq ediləcək.

Nazirin bəyanatını "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullzadə deyib ki, ölkəmizin günü-gündən artan hərbi qüdrəti və keçirdiyi mütəmadi təlimlər Ermənistanda panika ilə izlənməkdədir: 

"Ordumuzun raket-artilleriya qoşunlarının arsenalının yenilənməsi, Belarus və İsraildən alınan müasir raketlər Cənubi Qafqazda hərbi imkanlarımızı genişləndirməklə yanaşı, işğalçı ölkə üzərində üstünlüyümüzü də qoruyub saxlayır. Hesab edirəm ki, Naxçıvanda keçirilən Günnüt hərbi əməliyyatları bir daha göstərdi ki, Ermənistan hərbi cəhətdən zəif və döyüş qabiliyyətinə hazır olmayan orduya malikdir. Müdafiə naziri Zakir Həsənovun açıqlamaları düşmənə açıq mesajdır və ciddi nəticələrə hesablanıb. 

Çünki, son günlərdə baş nazir Nikol Paşinyanın danışıqların ruhuna zidd açıqlamaları müharibə variantını gündəmə gətirir və bizə başqa çıxış yolu qoymur. Ona görə də nazir Zakir Həsənovun son dərəcə aydın mesajları işğalçıya növbəti ultimatum kimi dəyərləndirilməlidir. Artıq İrəvanın ciddi nəticə çıxarmağının vaxtıdır”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-22