2018-06-22 14:40:58   |   354 dəfə oxunub

Qarış-qarış da olsa torpaqlarımızı azad edəcəyik

Azərbaycanın belə bir haqqı olduğunu indiyədək heç kim danmayıb



Azərbaycan Ordusunun Naxçıvan istiqamətində həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində ötən əsrin 90-cı illərindən Ermənistanın işğalı altına düşən 11 min hektar ərazi və mühüm strateji yüksəkliklər ordumuzun nəzarətinə keçib.

Ordumuzun şəxsi heyəti həmin ərazini düşmən qüvvələrindən təmizləyərək, strateji mövqelərdə postlar qurublar. Artıq əraziyə əsgərlərimiz nəzarət edirlər. İşğaldan azad edilən mühüm obyektlərdən biri SSRİ zamanında Sədərək rayonunun Heydərabad qəsəbəsində fəaliyyət göstərən şərab zavodudur. Şərab zavodu və onun ətrafına ermənilər yüzlərlə mina basdırıblar. Hazırda ərazidə minatəmizləmə işləri həyata keçirilir və tam yararsız vəziyyətə salınan şərab zavodu tullantılardan təmizlənir. Qeyd edək ki, bu zavod ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib və Şərur-Sədərək bölgəsinin iqtisadi həyatında mühüm yer tutub. Ötən gün müdafiə naziri Zakir Həsənov da Naxçıvan əməliyyatına toxunub və düşmənə vurulan sarsıdıcı zərbələrin bundan sonra da davam edəcəyi mesajını verib.

Politoloq Sədrəddin Soltan "Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan istənilən an işğal altında saxlanılan torpaqlarını azad etmək hüququna malikdir. Bunu dünyanın bütün qanunları təsdiqləyir: 

"Azərbaycan ordusu işğal altında olan ərazilərini düşməndən təmizləməklə öz hüququndan yararlanır. Azərbaycanın belə bir haqqı olduğunu indiyədək heç kim danmayıb. Çünki istənilən dövlət öz ərazi bütövlüyünü qorumaq və onu təmin etmək hüququna malikdir. Beynəlxalq vasitəçilər işğal altında saxlanılan Azərbaycan torpaqlarını danışıqlar yolu ilə həll etməyə səy götərir. Ancaq bu səylər zamanı ədalətsizliyə yol verirlər. 

Onların ədalətsiz mövqeyinə cavab olaraq, Azərbaycan öz torpaqları üzərində suveren hüquqlarını addım-addım bərpa etməyə üstünlük verir. Eyni zamanda bununla beynəlxalq vasitəçilərə də müəyyən mesajlar göndəririk. Bu, həm də o deməkdir ki, Azərbaycan gec-tez öz torpaqlarının hamısını işğaldan qurtaracaq. Ona görə də təmizləmə əməliyyatının davam edəcəyi gözləniləndir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20