2018-06-22 14:42:54   |   163 dəfə oxunub

General əsgərin yeməyini oğurlayır...

Ermənistan ordusunun səfalət içində olduğu təsdiqləndi



Ermənistanda sosial-iqtisadi vəziyyətin günbəgün ağırlaşdığı artıq faktlarla öz əksini tapıb. Təqdim edilən materiallardan da göründüyü kimi aclıq, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəyə gəlməyəcək dərəcədədir.

Ermənistanda sistemli böhran olduğu heç kimə sirr deyil. Bu böhran cəmiyyətin və ölkə həyatının bütün sferalarını əhatə edir. Xüsusən də, ordu səfalət içərisindədir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti general Manvel Qriqoryanın evində və istirahət zonasında aparılmış axtarışın videogörüntülərini yayıb.

Axtarış zamanı xeyli sayda silah və sursat, eləcə də, uşaqların cəbhə xəttindəki əsgərlərə göndərdikləri məktublar və ərzaq aşkarlanıb.

Bağ evində əsgərlər üçün nəzərdə tutulmuş qidalar, dərmanlar və hərbi geyimlərin anbarı da olub. Aşkarlanan ərzaqlar arasında süd, makaron, tomat pastası, konservləşdirilmiş ət və tərəvəzlər, gigiyena vasitələri var.

İstirahət zonasında şir, ayı, zürafə saxlanılan zoopark, eləcə də ippodrom yaradılıbmış. Məlum olub ki, Manvel Qriqoryan əsgərlər üçün nəzərdə tutulmuş qudaları zooparkındakı heyvanlara verirmiş.
Millət vəkili Elman Məmmədov deyib ki, Ermənistan ordusundakı aclıq və səfalət Azərbaycana çoxdan bəllidir: 

"Hətta dünya gücləri və xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbisi də erməni əsgərlərinin durumuna bələddir. Erməni cəmiyyətinin özü də bunu çox gözəl bilir. Biz 20 ildən artıqdır deyirik ki, Qarabağdan olan bir dəstə hərbi cani havadarları vasitəsilə Ermənistandakı siyasi hakimiyyəti rədd elədilər və hərbi xunta yaratdılar. Köçəryan-Sarkisyan komandası və onların ətrafı tamamilə kriminallaşmış hərbi cinayətkarlardan ibarətdir. Onlar təkcə Ermənistan ordusunu yox, bütünlükdə Ermənistanda yaşayan insanları rəzil duruma salıb. İrəvan mərkəz olduğu üçün Ermənistandakı səfalət bir o qədər nəzərə çarpmır. Paytaxtdan kənardakı bölgələrdə durum çox acınacaqlıdır. Orada yaşayan əhali bir-bir ölkəni tərk edir, çətin şəraitdən başını götürüb qaçır”.
Özünü ağıllı hesab edən erməni cəmiyyətinin ötən illər ərzində özlərinə bir ədalətli lider tapa bilmədiklərini vurğulayan millət vəkili deyib ki, uzun illər Köçəryan, Sarkisyan onların qanını sovurub məhv elədi: "Bu gün də o siyasət davam edir. Heç Paşinyan da onların öhdəsindən gələsi deyil. Çünki meydan adamı olan Paşinyan SOROS vasitəsilə hakimiyyəti ələ keçirsə də, yenə də Rusiyanın təlimatlarını yerinə yetirmək məcburiyyətindədir. Erməni xalqı isə bütün bunlardan nəticə çıxarıb işğala son qoymur. Ordu deyilən bir şey yox səviyyəsindədir. Ehtiyac içərisində yaşayan insanlar da biri-birini öldürmək, intihar etməklə məşğuldur”.

E.Məmmədov hesab edir ki, Azərbaycan öz ordusunun gücü ilə torpaqlarını işğaldan azad etməlidir. Paşinyanın və ATƏT həmsədrlərinin hərəkətləri onu göstərir ki, haqq-ədalət yoluna qayıtmaq istəmirlər. Onlar öz bildikləri yolla gedib torpaqlarımızı işğal altından azad etmək istəyirlər. Azərbaycan isə öz gücündən istifadə edib onların arzularını gözündə qoymalıdır, vəssalam!

Şəymən







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20