2018-06-22 14:49:02   |   293 dəfə oxunub

Artıq Amerikaya etimad edilmir

Trampın hakimiyyəti ilə ABŞ-ın demokratiya maskası tamamilə yırtılıb





Amerika Birləşmiş Ştatları BMT-nin İnsan Hüquqları Şurasını rəsmi olaraq tərk etməyə qərar verib. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo BMT İnsan Hüquqları Şurasının ölkənin milli maraqlarını pozduğunu vurğulayıb: "Əgər təşkilat bizim və müttəfiqlərimizin milli maraqlarını pozursa, biz onun üzvü olmaqdan imtina edirik. Heyli bir ildən çoxdur ki, bu təşkilatda islahatlar həyata keçirməyə çalışır, lakin buna nail ola bilmir”. 

Ağ Evin gözlənilməz qərarını "Şərq”ə şərh edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bildirib ki, ümumiyyətlə ABŞ son 10 ildə dünyanın demokratiya və insan hüquqları mərkəzi olmaqdan çıxıb. Amerikanın Yaxın Şərqdə, Fələstində, Yəməndə, Qətərdə və digər ərəb ölkələrində həyata keçirdiyi siyasət Vaşinqton üçün ən prioritet məsələnin dünyəvi deyil, milli maraqlar olduğunu göstərib:

 "Demokratiya və insan haqqları ikinci, hətta üçüncü sırada olan məsələdir. BMT-nin Təhlükəsizlik və İnsan Haqqları Şurasında gedən müzakirələr zamanı ABŞ-ın qeyri-konstruktiv mövqe tutması Ağ Evin beynəlxalq imicinə xeyli mənfi təsir göstərib. Fələstinin ərazi bütövlüyü və Qüdslə bağlı müzakirələrdə ABŞ-ın beynəlxalq hüquq normalarından deyil, Amerikanın milli maraqlarından çıxış etməsi, habelə Yaxın Şərqə hərbi müdaxiləsi, Yəməndə vətəndaş qarşıdurması yaratması, Qətərin blokadaya alınması Vaşinqtonun reytinqini azaldıb. Trampın hakimiyyətindən sonra isə ABŞ-ın demokratiya maskası tamamilə yırtılıb. Artıq Amerikaya etimad edilmir”. 

Hüquqşünas deyib ki, BMT-nin İnsan Haqqları Şurası təkcə ABŞ-ın qərar verdiyi bir platforma deyil. Orada digər güclü üzv ölkələr də var və onlar zaman-zaman ABŞ-ın ünvanına ciddi tənqidlər səsləndirirlər:

 "Bütün məsələlərdə İsraili gözüyumlu müdafiə etməsi Vaşinqtonun tərəfsizliyini ortadan qaldırdı. Amerika artıq yorulub, ona görə də kartlarını açıq şəkildə oynamağa başlayıb. Bu baxımdan insan haqqlarını prioritet hesab etmədiyini bəyan edib. Hesab edirəm ki, ABŞ-ın sözügedən qurumu tərk etməsi onun fəaliyyətinə təsir göstərməyəcək. Tezliklə bu boşluğu digər ölkələr tutacaq. Hələ ki, ən böyük namizəd Türkiyədir. Türkiyə BMT-nin İnsan Haqqları Şurasında liderliyi ələ ala biləcək gücdədir. Ancaq Rusiya da bu məsələdə iddialıdır. Düşünürəm ki, iki ölkədən biri Amerikanın yerini dolduracaq”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-07-18