2018-06-22 15:14:17   |   382 dəfə oxunub

Zorakılığa məruz qalmış qadınların heç bir zaman ruhu sağalmır

“Onlar ana olduqları zaman belə digər qadınlardan fərqli hisslər yaşayırlar”

“Hətta o qız təcavüzkarla bir evdə yaşaya-yaşaya seksual manyaka da çevrilə bilər”



Lerik rayonunda məktəblinin zorlanması ilə bağlı sosial şəbəkələrdə Lerikdə təcavüzə susma aksiyası başladılıb. Yüzlərlə insanın qoşulduğu aksiyada uşaqlara qarşı zorakılıq, təcavüz halları qınanılır. "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə faktla bağlı araşdırma başladıldığını bildirib: "Dünən bu barədə məlumat almışıq. Hadisə ilə bağlı tərəfimizdən araşdırma başladılıb. 

Təfərrüatı öyrənib, hadisənin dəqiqliyi təsdiqləndikdən sonra mətbuata da məlumat verəcəyik. Biz bu hadisəni diqqətimizdə saxlamışıq. Belə bir fakt təsdiqini taparsa, mütləq şəkildə həmin şəxslər hüquqi yollarla cəzalandırılacaq. 

Onu qeyd edim ki, şəxsi təcrübəmdə bu cür hallar zamanı polislərin laqeyd münasibət göstərdiyinin şahidi olmamışam. Olduqca ağır hadisədir, qızın hamilə olması, yaşının az olması onun səhhəti üçün də təhlükəlidir. Keçən il buna bənzər hadisə baş vermişdi.

 Biz o uşağın reabilitasiyası ilə məşğul olduq. Daxili İşlər Nazirliyi də faktla bağlı araşdırma aparır. Nəticələr barədə mətbuata məlumat veriləcək”.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hadisənin hüquqi yollarla həll olunmasının vacibliyini vurğulayıb: "Bu cür hallarla son vaxtlar çox qarşılaşırıq. Keçən il atası tərəfindən zorlanan 12 yaşlı qız barədə Səhiyyə Nazirliyi tibbi rəy əsasında abort edilməsi qərarı verilmişdi. 7-ci sinif şagirdinin də orqanizmi bu prosesə tab gətirməz deyə düşünürəm. Bizim təşkilata belə bir müraciət olmayıb”.

Psixoloq Narınc Rüstəmova da atanın "namusunu təmizləmək” üçün qızını təcavüzkar oğlanla adaxlamasının qəbulolunmaz olduğunu deyib. Onun fikrincə, zorakılığa məruz qalan bir qızın təcavüzçü ilə bir yatağı, bir evi paylaşması, ondan övlad dünyaya gətirməsi onun üçün ölümə bərabər bir hissdir: 

"Zorakılığa məruz qalan bir qadının nə seksual həyatı, nə də sosial sferadakı həyatı faydalı olur. Hətta o qız təcavüzkarla bir evdə yaşaya-yaşaya seksual manyaka da çevrilə bilər. Yaxud da özünü təsdiq etmək üçün başqa-başqa adamlarla da görüşə bilər. Onlar ana olduqları zaman belə digər qadınlardan fərqli hisslər yaşayırlar.

Zorakılığa məruz qalmış qadınların ruhu heç bir zaman sağalmır. Onlarda ailəyə bağlılıq, övlad sevgisi, mənəvi duyğular məhv olmuş vəziyyətdə olur”.

Cəmiyyət olaraq zorakılıq baryerini aşa bilmədiyimizi vurğulayan Narınc xanım bir ata üçün qızının zorakılığa məruz qalmasının həddindən artıq ağır hadisə olduğunu deyib:

 "Amma onun vəziyyətdən çıxmaq üçün bu yola əl atması xoşagələn deyil. Övladını sevən bir ata eqoist davranıb öz adını düşünməməlidir. "Cəmiyyət nə deyər” sözünün təsirinə düşüb 14 yaşlı bir qızın həyatını qurban vermək çox yanlış bir hərəkətdir. Əvvəla hadisə araşdırılmalıdır ki, ortada zorakılıq faktoru varmı? 14 yaş artıq cinsi yetişkənlik çağı hesab olunur. Ola bilsin ki, oğlan qızı aldadaraq öz istəyi ilə onunla cinsi əlaqədə olub. 

Sözsüz ki, qız azyaşlı olduğu üçün bu da zorakılıq sayılır. Yəni cinsi zorakılıq olmasa belə, psixoloji zorakılıq da yolverilməzdir. Əgər polisə şikayət olunsa idi, psixoloqlar, ekspertlər həmin qızla işləyib onun psixoloji durumunu yoxlayardılar. Adətən bu cür zorakılıqlar qızlarda dərin depressiyalar yaradır. 1 ay sonra bu hadisə tamamilə unudulacaq, sosial şəbəkələrin gündəmindən düşəcək. 14 yaşlı qız isə ömrünün sonuna kimi bu travma ilə yaşamaq məcburiyyətində qalacaq. 6 aydan, 1 ildən sonra intihar etməyəcəyinə dair də bir zəmanətimiz yoxdur. Çünki bu qızın güvənc yeri qalmayıb”.

Psixoloqun sözlərinə görə, zorakılıq edən insanların cəzasız qalması gələcəkdə bu cür cinayətlərin, təcavüzlərin sayının daha da atmasına rəvac verəcək. Zorlama hadisələrinin səbəbkarları ağır cəzaya məhkum edilsə, o zaman belə hadisələr cəmiyyətdə azalar: 

"Nə qədər ki, seksual manyaklar azadlıqda gəzir, bütünlükdə cəmiyyət olaraq təhlükə altındayıq. Təsəvvür edin ki, 13 yaşlı bir qız uşağına dəfələrlə təcavüz edən həmin oğlan gələcəkdə övlad sahibi olacaq. 

O adamın öz qızına tamah salıb, təcavüz etməyəcəyi nə məlumdur? Bu gün namusunu təmizləmək bəhanəsi ilə qızını o manyakın əlinə təslim edən ata fikirləşmir ki, gələcəkdə onun nəvələrinin taleyi də sual altında qalacaq. 

Seksual manyakın tərbiyəsi ilə böyüyən bir uşaq cəmiyyət üçün faydalı ola biləcəkmi? Görün, bir atanın eqoist davranışı cəmiyyətə nə qədər ziyan vurur. Halbuki insanlar çox unutqan olurlar. Bu ata qızına dəstək çıxsa, bir müddət sonra cəmiyyət hər şeyi unudacaq, onların da həyatı öz axarında davam edəcək”.

Şəymən







SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22