2018-06-22 16:15:19   |   527 dəfə oxunub

Əvvəlcə kriteriyalar müəyyənləşməlidir

Onlayn medianın hər birinə maliyyə ayırmaq mümkün deyil

“Saytların gündəlik giriş sayı, populyarlığı nəzərə alınaraq, onlar üçün müvafiq vəsait müəyyən edilə bilər”




(Əvvəli ötən sayda)

Son vaxtlar mətbuatla bağlı yenidən gündəmə gələn məsələlərdən biri də onlayn medianın dövlət tərəfindən dəstəklənməsidir. Mövzu daha öncədən dəfələrlə müzakirəyə çıxarılsa da, bir sıra səbəblərdən prosesin reallaşması mümkün olmayıb. Məlumdur ki, hazırda dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulduğundan ən azı 30 dollar yüksəkdir. Belə olan halda, iyun ayının 29-da Milli Məclisdə yeni büdcə müzakirələrinin keçirilməsi nəzərdə tutulur. Bu zaman mediaya ayrılan dövlət yardımının tərkib hissəsi kimi, onlayn mediaya da yardım edilməsi səslənən təkliflər sırasındadır.

Xüsusən də ölkə mediasının tanınmış simaları onlayn medianın dəstəklənməsini vacib sayır. Mövzu ilə bağlı açıqlama verən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da büdcə müzakirələri zamanı məsələni gündəmə gətirəcəyini bildirib. Deputat bildirib ki, yeni büdcənin müzakirə olunmasının səbəbi dünya bazarında neftin kəskin bahalaşmasıdır: "2018-ci ilin büdcəsində neftin qiyməti 45 dollardan götürülmüşdü, bu gün isə artıq Azərbaycan nefti 75 dollardan da baha satılır. Büdcə müzakirə edilərkən çox güman ki, mediaya dövlət yardımının məbləği də artırılacaq. Məni daha çox narahat edən onlayn mediaya yardım ayrılmasıdır. Çünki hazırda bütün dünyada, o cümlədən Azərbaycanda ictimai fikrin formalaşması, informasiyanın operativ yayılması daha çox onlayn media vasitəsilə həyata keçirilir. Azərbaycanda 300-ə yaxın onlayn media orqanı mövcuddur. İndiki şəraitdə ölkəmizdə medianın iqtisadi vəziyyətində müəyyən problemlər var”. Ə.Amaşovun sözlərinə görə, reklam bazarı çox zəif olduğundan onlayn mediaya dövlət yardımının ayrılmasına zərurət yaranır: "KİVDF vasitəsilə çap mətbuatına yardım edilir. Lakin onlayn media bundan kənarda qalır. Hesab edirəm ki, eyni dərəcədə internet mediaya da dəstək olunmalıdır. Çünki onlayn medianın izləyiciləri daha çoxdur. Nə qədər ki, biz medianın reklam bazarını formalaşdıra bilməmişik, onların iqtisadi problemləri qalmaqdadır, o vaxta qədər dövlətin yardım ayırmasına ehtiyac var. Biz bu yolla həm də informasiya məkanımızın təhlükəsizliyini təmin etməliyik. Onlayn jurnalistika elədir ki, istənilən daxili və ya xarici qüvvə onları maliyyələşdirə bilər. Belə olan halda həmin internet resursu obyektivliyini itirə bilər. Belə halların qarşısını almaq üçün internet jurnalistika da dövlət yardımı almalıdır. Bununla bağlı mən Milli Məclisdə müzakirələr zamanı da fikirlərimi səsləndirəcəyəm”.

Ümumən, iternet özü həyatımıza daha çox daxil olduğu üçün müvafiq olaraq onlayn media da sürətlə inkişaf etməkdədir. Hazırda ənənəvi mediadan onlayn mediaya keçid prosesi gedir. İctimai rəyin formalaşmasında internet üzərindən yayımlanan xəbər saytlarının mövqeyi artmaqdadır. Mövcud durumda ictimai missiyanı yerinə yetirməsi nəzərə alınaraq internet informasiya resurslarının da dövlət tərəfindən maliyyələşməsi məsələsi aktuallaşır. Prezident İlham Əliyev milli mətbuatın 140 illik yubileyi münasibəti ilə Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini qəbul edəndə də bu məsələ gündəmə gəlib. Həmin vaxt dövlət başçısı müsbət mövqeyini bildirib. Mətbuat Şurası isə internet medianın maliyyələşmə qaydalarının layihəsini hazırlayıb. Lakin ekspertlərə görə, ilk növbədə internet medianın statusu müəyyənləşməlidir. Söhbət hüquqi statusun müəyyənləşməsindən gedir. Bunun üçün qanunvericilikdə dəyişikliklər və əlavələr olmalıdır. Bütün qanunvericilik sənədlərində KİV qismində internet üzərindən yayımlanan informasiya daşıyıcıları da nəzərə alınmalıdır. Onların cəmiyyəti məlumatlandırma, ictimai rəyə təsir imkanlarına həssas yanaşılmalıdır. Yəni KİV dedikdə, ənənəvi media vasitələri ilə yanaşı, internet media resurslarının - xəbər saytlarının, internet TV-lərin, internet radioların və bloqların fəaliyyəti də əsas götürülməlidir. Yəni qarşıda müzakirə olunası xeyli məsələlər var.

Məsələ ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, onlayn media orqanlarının bolluğuna görə, onlara ayrılan maliyyədə mütləq kriteriyalar müəyyən edilməlidir. 

Çünki yardımın təklif ediləcəyi təqdirdə hər sayt vəsaitə iddia edəcək. Əlbəttə, burada çox böyük məbləğdə yardımdan söhbət getmir. Hardasa 3-5 milyon manat ümumi yardım olacaq. Ona görə də məbləğ daha səmərəli və layiq olanlar arasında bölünməlidir. Bunu necə etməyin yollarını tapmaq lazımdır.

Şəxsi mövqeyim ondan ibarətdir ki, ilkin mərhələdə ənənəvi medianın onlayn versiyalarının gücləndirilməsi yolunu tutmalıyıq. Hazırda KİVDF-dən 30-40 media orqanı hər il bir neçə dəfə maliyyə yardımı alır. Büdcədən maliyyə yardımı alan mətbuat orqanları dövlətin güvənliyinə, millətin maraq və mənafelərinə cavab verən KİV-lərdir. Sadəcə reallıq odur ki, müasir dövrdə ənənəvi medianın müəyyən problemləri üzə çıxmaqdadır. Düşünürəm ki, yazılı mediaya ayrılan vəsaiti həmin mətbu orqanların onlayn versiyalarına ayırmaq lazımdır. Bir sıra qəzetlərin onlayn versiyalarından qat-qat populyar olan saytlar da mövcuddur. Ədalətsizlik olmasın deyə, zamanla həmin saytları da maliyyə yardımı alan KİV-lərin siyahısına salmaq mümkündür. Əlbəttə, bunun üçün ilk növbədə ekspert komissiyası təşkil edilməlidir”. 

A.Həsrət bildirib ki, ən keyfiyyətli media qurumlarına dövlət büdcəsindən vəsait ayrılmalıdır: 

"Prosesin söz-söhbətə səbəb olmaması üçün Mətbuat Şurası, KİVDF və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsindən ibarət üçlü ekspert komissiyası yaratmaq daha effektli olar. Maliyyənin yüksək və aşağı həddləri müəyyən edilə bilər. Yuxarı həddlər cəmiyyət içində populyar olan media qurumlarına, öz nüfuzları ilə seçilən saytlara şamil edilsin. Boş-boş xəbərlərin yayımı ilə məşğul olan kiçik saytlara vəsait ayırmaq olmaz. Əgər zəruri kriteriyalardan uzaq olan digər saytlar ortaya iddia qoysalar ki, keyfiyyət dəyişikliyinə nail olmaq üçün onların maliyyəyə ehtiyacı var, yalnız o halda həmin saytlara bir dəfə şans vermək, az miqdarda da olsa yardım göstərmək mümkündür. Bu şəkildə iddialı saytlar öz fəaliyyətlərinə düzgün istiqamət verə bilərlər. Bütün hallarda nəticə ilkin mərhələdə ortaya çıxacaq. Ondan sonra müzakirələr aparılaraq, lazımi qərarlar veriləcək”.

"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun fikri ilə razı olduğunu söyləyib. Redaktorun sözlərinə görə, həqiqətən də reklam bazarının zəif olması saytlara dövlət tərəfindən maliyyə ayrılmasını zəruri edir:

 "Maliyyənin hansı saytlara ayrılmasına gəlincə, bunun mexanizmi var. Məlumdur ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu bir neçə ildir bir sıra qəzetlərin layihələrini maliyyələşdirir. Məncə, saytlara da bu mexanizmlə yardım ayrılmalıdır. Saytların gündəlik giriş sayı, populyarlığı nəzərə alınaraq, onlar üçün müvafiq vəsait müəyyən edilə bilər”.
"Azadinform” İnformasiya Agentliyinin redaktoru Elçin Bayramlı da bildirib ki, onlayn media sahəsi yeni formalaşdığından, maddi-texniki bazası zəif olduğundan, həmçinin, işçi sayı az olduğundan onlara dövlətin maddi köməyi çox vacibdir: "Lakin razılaşmıram ki, internet medianın sayı həddindən artıq çox və ya əksinə azdır. İnternetdə minlərlə saytlar, bloqlar var. Ancaq bunların hamısı media deyil, sadəcə, onlayn resurslardır. Ciddi onlayn medianın sayı 20-30 ya olar, ya olmaz. Bunlar da agentliklər və peşəkar xəbər portallarıdır. Onlara maddi dəstək ayrılması üçün o qədər də çox pul tələb olunmur. Məncə, ildə 2 milyon tam kifayət edər. Kriteriyalara gəldikdə isə, yayım istiqaməti ciddi siyasi, sosial, iqtisadi, mədəni sahələrdə xəbər və digər analitik, araşdırma və s. yazılar hazırlayıb yaymaq olan peşəkar jurnalistlərin çalışdığı, fəaliyyət müddəti 5 ildən az olmayan, kifayət qədər oxucu auditoriyası olan və cəmiyyətdə tanınan internet mediaya dəstək verilə bilər. Tələblər belə olmalıdır ki, maliyyə ayrılandan sonra onlar həmin vəsaitdən öz maddi-texniki bazasını və peşəkar kadr problemini həll etsinlər. Rus və ingilis dilində bölmələri fəaliyyət göstərsin. Regionlarda və qonşu ölkələrdə müxbir postları olsun və s. 

Ən əsası, KİV qanunvericiliyinə və etik peşə kodekslərinə riayət etsinlər. Hesab edirəm ki, dövlət onlara maliyyə ayırsa, tezliklə onlayn mətbuatda güclü peşəkar media orqanları formalaşacaq. Bu da informasiya müharibəsində ölkəmiz üçün çox vacibdir. Həmin saytlar cəmiyyətə təsir, maarifləndirmə və məlumatlandırma cəhətdən əsas rolu oynaya bilərlər”.

(Davamı var)
İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb








SON XƏBƏRLƏR

2018-07-18