2018-06-22 16:27:45   |   396 dəfə oxunub

Cinayətkarlara elektron nəzarət olacaq

“İctimaiyyətə təhlükə törətməyən və cinayət etməmiş şəxslərin evdə cəza çəkmələri daha uyğundur”



Ölkəmizdə azadlığın məhdudlaşdırılması ilə bağlı yeni cəza növünün - elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin sözlərinə görə, Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayında cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı verdiyi sərəncam əsasında bir çox işlər həyata keçirilib, həbs edilmiş şəxslərin sayı azalıb.

M.Əliyev bildirib ki, son illər məhkəmə-hüquq sistemində aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində əhaliyə hüquqi yardımların göstərilməsinə xüsusi diqqət yetirilir.
Yeni regional məhkəmələrin təsis edilməsi, paytaxt və regionlarda yeni məhkəmə binalarının tikilməsi, məhkəmə fəaliyyətində ən son texnologiyaların - elektron məhkəmə sisteminin tətbiqi bu sahədə işin keyfiyyətinə səmərəli təsir göstərib.

Qeyd edək ki, dünya praktikasında - Avropa ölkələrinin əksəriyyətində elektron nəzarət vasitələrinin tətbiqinə çoxdan başlanılıb. Bəs, ölkəmizdə yeni sistemin yaradılmasının effekti ola bilərmi?


Elektron nəzarət vasitələrinin yaradılmasını müsbət qiymətləndirən hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında bildirib ki, yeni sistemin nəticəsi də müsbət olacaq: 

"Əvvəllər ölkəmizdə belə bir sistemin yaradılması üçün təşəbbüs ortaya çıxdı və sonradan həmin sistemin tətbiqi ilə bağlı qərar qəbul olundu. Hesab edirəm ki, bu çox yaxşı və yerində bir qərardır. Məlumdur ki, cəzaçəkmə müəssisələrində də müəyyən problemlər var. Amma ictimaiyyətə təhlükə törətməyən və cinayət etməmiş şəxslərin evdə cəza çəkmələri daha uyğundur. Onlar ev şəraitində və ya müəyyən dairədən kənara çıxmamaq şərti ilə cəzalarını çəkə bilərlər. 

Məhbuslara nəzarət isə ayağa və ya qola müəyyən elektron qolbaq taxmaqla olacaq. Bu cür hallarda müəyyən problemlər yarana bilər, xüsusilə yay aylarında qolda və ya ayaqdakı elektron qolbaq göstərici olacaq və kənardakı şəxslər biləcəklər ki, bu insan məhkumdur. Buna baxmayaraq, düşünürəm ki, yeni sistemin tətbiqi ilə yaxşı nəticələr əldə olunacaq”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-07-18