2018-06-22 16:42:54   |   825 dəfə oxunub

"Turistlərdən gələn gəliri yalnız əyləncə mərkəzlərinin sahibləri hiss edirlər"





"Son üç ildə ölkəmizə gələn turistlərin ilbəil artdığı doğrudur”.

Bu barədə "Sherg.az”a iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. 

O diqqətə çatdırıb ki, turistlərin sayının artırılmasında bəzi ölkələrlə viza rejiminin sadələşdirilməsi önəmli rol oynayıb:

"Amma hələ də istənilən qədər böyük turist sayına çatmamışıq. Elə qonşu Gürcüstanla müqayisə etdikdə bu göstərici Gürcüstandan 3 dəfə azdır. Təkcə ötən il Gürcüstanda 7 milyona yaxın turist olub. Turistlərin sayı kəskin artmalıdır ki, buradan qazanılan gəlir ictimai iaşə sektorunda, qonaqlama xidmətində, otellərdə və s. hiss olunsun. Biz hələlik bu pik say səviyyəsinə çatmamışıq.

Turizmdən əldə olunan gəlirlərin dövlət büdcəsinə də birbaşa xeyri yoxdur. Dolayısı ilə büdcə gəlir əldə edir. Otellər, hostellər, restoranlar daha çox müştəri qəbul etməlidirlər ki, çox da vergi ödəsinlər. Bu vergilər də dövlət büdcəsinə birbaşa gəlir deməkdir. 

Daha çox gəlir əldə etmək üçün konseptual olaraq, turizmə yanaşma da dəyişməlidir. Azərbaycanda iri, dördulduzlu, beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Bu şəbəkələr ayrı-ayrı şəxslərə məxsusdur. Amma geniş şəkildə qonaq evlərinin, Gürcüstandakı kimi hostellərin olması əhalinin böyük kəsiminin gəlirlərə çatmasına şərait yaradacaqdır. Əhali bunu öz cibində hiss etməsi yalnız belə mümkün ola bilər”.

Turizm ölkəsi olan qonşu Gürcüstanın tez-tez misal göstərilməsinə toxunan N.Cəfərli bu ölkənin həm rəqibimiz olduğunu, həm də turizm sahəsinin inkişafında bizə yardım edə biləcəyini vurğulayıb:

"Çünki Gürcüstana gələn turistlərin Azərbaycana yönləndirilməsi üçün iş apara bilərik. Gürcüstanda 1700-ə yaxın hostel fəaliyyət göstərir. Azərbaycanda isə bu barmaqla sayılacaq qədərdir. Ona görə, qonaqevləri sektoruna önəm vermək, əhalinin turistlərdən qazanc əldə etməsini təmin etmək lazımdır.

Bütün hallarda Bakıda, xüsusilə şəhərin mərkəzində kafelərin, restoranların, əyləncə mərkəzlərinin sahibləri turistlərdən gələn gəliri hiss edirlər. Sadəcə bu inkişafı respublikanın bütün hissələrinə yaymaq lazımdır”.

Qeyd edək ki, 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1055,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22