2018-06-25 14:20:50   |   621 dəfə oxunub

"Xəzərin dibinin bölünməsi ilə bağlı "açar" tapılıb" - POLİTOLOQ



"Beş Xəzəryanı ölkə konsensusa gələrək, yekun sənədə imza atırlar və nəticədə Xəzərin hüquqi statusu haqqında mübahisəli məqamlar öz həllini tapır”.

Bunu "Sherg.az”a Rusiya hökumətinin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləməsindən danışarkən politoloq Tofiq Abbasov söyləyib.

Onun sözlərinə görə, artıq beş ölkə arasında suyun üzərinin, dibinin bölünməsi və s. məsələlərlə bağlı açar tapılıb:

"Konsensus imzalanırsa, deməli ölkələr müvafiq razılığa gəliblər. Şimal Xəzəryanı dövlətlər – Qazaxıstan və Rusiya Azərbaycanla razılaşma imzalamışdı. Mübahisəli məqamlar cənub dövlətlər – Azərbaycan-İran, İran-Türkmənistan, Azərbaycan-Türkmənistan arasında qalmışdı. Uzun müzakirələrdən, rəsmi şəxslərin məsələyə müdaxiləsinə rəğmən çox ləng dinamika müşahidə olunurdu. İran və Azərbaycan prezidentləri arasında dialoq aparıldıqdan sonra məsələyə bir növ dinamika qatıldı. Bundan sonra Türkmənistan da regional siyasətində izolasiya addımlarından yavaş-yavaş geri çəkilməyə başladı. Nəticədə üç ölkə arasındakı münasibətlərdə müsbət dəyişiklik müşahidə olundu və siyasi qətiyyət qələbə çaldı”.

T.Abbasov onu da əlavə edib ki, bundan sonra Xəzər hövzəsi beş Xəzəryanı dövlətin əməkdaşlıq məkanına çevrilib:

"Bu məsələdə ciddi təhdid doğuran risklər artıq yox səviyyəsindədir”.

Qeyd edək ki, Konvensiya layihəsini iyunun 21-də Rusiya baş naziri Dimitri Medvedev imzalayıb. Qərarda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla razılaşdırılmış Konvensiya layihəsinin bəyənildiyi qeyd edilir.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-07-18