2018-06-25 15:03:52   |   361 dəfə oxunub

"HDP-nin barajı keçməsi Türkiyə üçün heç nəyi dəyişdirməyəcək" - ŞƏRH



"Rəcəb Tayyib Ərdoğan son 10 ildə əhatəli islahatlar aparırdı. İnsanların əksəriyyəti də məhz bu islahatlara səs verib”.

Bunu "Sherg.az”a ötən gün Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələrindən danışarkən politoloq İlqar Vəlizadə deyib. 

Onun sözlərinə görə, Türkiyənin üzləşdiyi müəyyən problemlərə baxmayaraq, seçicilər Ərdoğanın proqramını dəstəkləməyə üstünlük verirlər:

"Ərdoğan isə daxili və xarici siyasətdə son dönəm bir qədər aqressiv siyasət aparıb. Görünür, Türkiyənin elektoratı belə siyasətə daha çox inanır. Muharrem İncə, Meral Akşener və digər namizədlər əsas diqqətlərini tənqidə yönəldirdilər. Onlar ümumi Türkiyənin problemlərinin aradan qaldırılmasına diqqət ayırmırdılar. Ərdoğan isə ona qarşı yönələn bu situasiyadan məharətlə istifadə etdi və qalib oldu.

Hesab edirəm ki, Türkiyə prezidentinin apardığı islahatlar hətta ikinci respublikasının qurulmasına qədər gətirib çıxarıb”.

Parlament seçkilərinin nəticələrində gəlincə, İ.Vəlizadə düşünür ki, Xalqların Demokratik Partiyasının (HDP) barajı aşması Türkiyə üçün heç nəyi dəyişdirməyəcək:

"HDP-yə verilən səslər əsasən kürdlərin verdiyi səslərdir. Bu isə faiz hesabı ilə götürdükdə təxmini 10 faiz civarında dəyişir. Siyasi aktiv kürdlər elə bu qədərdir. Onların belə fəal olması onu göstərir ki, ölkənin xarici və daxili siyasətində mühüm rol oynayacaq. Həm Ərdoğan, həm də müxalifət partiyaları bununla hesablaşmalıdırlar.

Məsələ budur ki, HDP rəhbəri Səlahəttin Dəmirtaş və partiya fəalları kürd faktorunu radikallaşdırıb, Türkiyəyə qarşı yönəltməyə çalışır, "V kolon” yaratmaq istəyirlər. Buna qarşı həm parlament daxili, həm də ümumi ölkənin daxilində ölçü götürülməlidir”.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22