2018-06-25 17:53:49   |   666 dəfə oxunub

"Bilmirdilərmi yalançı təhsil almış insanlar cəmiyyəti bu günə qoyacaq ?" - Yazıçı və psixoloq danışır




Hacıqabul rayonunun Muğan qəsəbəsində törədilmiş dəhşəti qətl hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb. 1994-cü il təvəllüdlü İsmayılzadə Ayəddin Elman oğlu qətlə yetirdiyi xalası qızı – 24 yaşlı Məlikli Rəvanə Məlikağa qızı ilə nişanlanmağa hazırlaşırmış.

Araşdırmalar zamanı məlum olub ki, A.İsmayılzadə xalası qızının boğazını kəsdikdən sonra bıçağı onun sinəsinə sancaraq polis şöbəsinə gedib. Gənc oğlan qətli qısqanclıq zəminində törətdiyini deyib. Lakin o, şok vəziyyətində olduğundan məntiqli və konkret səbəb göstərə bilməyib.

Son illərdə sevgi məsələsinə görə, intihar faktlarının artması isə cəmiyyəti ciddi narahat edən problemlərdəndir. Psixoloqlar və ictimaiyyət nümayəndələri də bu tipli hadisələrin artıq ciddi siqnal olduğunu diqqətə çatdırırlar.

Belə faciəvi halların artma səbələri barədə "Sherg.az”a danışan psixoloq Elnur Rüstəmov qeyd edib ki, sevgi cinayətlərinə fərdi yanaşmaq lazımdır. Psixoloq düşünür ki, bir və bir neçə şəxsin sevgiyə görə törətdiyi cinayəti bütün cəmiyyətə şamil edə bilmərik:

"Əvvəlki dövrlərdə də sevgi cinayətləri, intiharlar baş verirdi. Dünya ədəbiyyatına, şifahi xalq ədəbiyyatına nəzər saldıqda görürük ki, belə nümunələr tez-tez hallanır.

Hacıqabulda 24 yaşlı qızın sevgilisi tərəfindən öldürülməsi ilə bağlı cinayət işi başladılıb, məhkəmə tibbi ekspertiza, psixiatrik ekspertiza mütləq keçiriləcək. Sevgi məsələsinə görə, xüsusi amansızlıqla qətlə yetirmə halına o insanlar yol verir ki, psixoloji narahatlıq, çətin situasiyada qərar vermək imkanının, dünya görüşünün zəif olması təsir göstərir. Dünya görüşü geniş, əhatəli olan insan ayrılma prosesində daha adekvat addım atır. Bu həyatın sonu deyil. Amma həmin insan ayrılığı, qısqanclığı həyatın sonu kimi görür. Bütün hallarda bu fərdə bağlı məsələdir”.

Elnur Rüstəmov hesab edir ki, sevgi insanı həyata bağlayan dəyər olmalıdır:

"İstər sevəndə, istərsə də ayrılanda adekvat davranış sərgiləmək mümkündür. İnsanlar sevərkən, fərqli davranışları, bir-birini fərqli formada səsləməsi və s. müşahidə edirik. Ayrılma prosesində də belə hallar olur. Ailədaxili konfliktlər dedikdə, çox zaman şiddət, konflikt qeyd olunur. Bu münaqişələrin kökündə də paylaşmamaq vərdişi dayanır. Sevən insan qarşısındakının da onun dəyərlərinə uyğun addım atmasını, fikirlərinə görə, hərəkət etməsini istəyir. Bu zaman uyğunsuzluq yarana bilir. Bütün hallarda, cavanlara, orta yaşın, yuxarı yaşın nümayəndələrinə məsləhət görürəm ki, sevgi məsələsində diqqətli olsunlar. Bir şeyi unutmamaq lazımdır: "Hörmət hörmətə bağlıdır". Sənin sevməyin azdır, elə şərait yaratmalısan ki, qarşı tərəf də səni onu sevdiyin qədər sevsin”.

Yazıçı Seyran Səxavət isə oxşar hadisələrin, cinayətlərin həddindən artıq çox baş verdiyi qənaətindədir. O hesab edir ki, bütün bu hadisələrin yeganə səbəbi ölkədə baş alıb gedən savadsızlıqdır:

"Bu cür hadisələri uzatmağa ehtiyac yoxdur. Bundan da pis hadisələr olacaq. İndiyə qədər olub, indi var, bundan sonra da oxşar situasiya davam edəcək. Milli şüurumuz sıfırdan çox aşağı olduğu müddətcə belə hadisələrin baş verməsi normaldır. Bəs bilmirdilərmi, oxumamış, təhsilsiz, yalançı təhsil almış insanlar cəmiyyəti bu günə qoyacaq. 

Çox sahələrdə hamı alimdir, elmlər namizədidir, doktordur. Amma əksəriyyəti pulla müdafiə işi yazdırır, alim adını alır. Nəticədə savadsızlıq, natamam savad baş alıb gedir. Bu narkomaniyadan da böyük bəladır. Cəmiyyəti belə cinayətlərdən, savadsızlıqdan, mənfi amillərdən təmizləmək üçün sıfırdan başlamaq, təhsil prosesini təkmilləşdirmək lazımdır”.

Aysel Aslan








SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20