2018-06-27 14:12:46   |   1267 dəfə oxunub

“Postda artilleriyadan qorunma mövqeyi düzəltdim”

Qəhrəman gizirimiz orduda ilkə imza atıb

Qabil Qasımov: “Biz şəhidimizin qisasını, 14-15 erməni əsgəri məhv etməklə aldıq”

"Düşməni məğlub etmək üçün onun dilini bilmək vacibdir. Bu səbəbdən erməni dilini öyrəndim”




Sizə kimdən deyim, hansı qəhrəmandan danışım - Qabil Qasımovdan. Deyəcəksiniz ki, bu ölkədə, bizim ordumuzda o qədər cəsur ürəkli qəhrəmanlarımız var, Qabil Qasımovun onlardan hansı qəhrəmanlığı üstündür? Neçə qəhrəmanlığını sayım, hansını birinci deyim?! 12 ildir xidmət edir, Qabil Qasımov. Qazaxdan üzü Beyləqana kimi qolunu çirməyib, pəncəsini düşmənin boynunda əsdirib. Çox danışa bilərəm, amma yaxşısı budur, qəhrəmanlığından özü danışsın.

- Qabil bəy, sizi daha yaxından tanıyaq, bir az özünüzdən danışın...

- Gizir Qasımov, daha dəqiq desəm, gizir Qabil Qasımov. Düz 12 il əvvəl - 2006-cı il iyul ayının 2-də hərbi xidmətə çağırılmışam. Həqiqi hərbi xidmətimi isə Naxçıvanda keçmişəm. Xidmətimi başa vurandan sonra, 2008-ci ildə Qazax rayon hərbi komissarlığı tərəfindən müddətdən artıq hərbi qulluqçu xidmətimi davam etdirmək qərarına gəldim. Düşmənlə göz-gözə 24 ay xidmət keçdim. Özü də Qazaxın "Satılmış” postunda. İki ildən artıq, işğalda olan Qızılhacılı kəndi ilə üzbəüz mövqelərimizdə hərbi xidmət keçmişəm.

Bundan sonra Gizir Hazırlığı Kursunda təlimlərə başladım. Gizir fəaliyyətimi daha səmərəli qurmaq üçün düşmənin dilini də öyrəndim. Çünki dili bilmək lazımdır ki, düşmənin kürəyini daha asan yerə vura biləsən. Mətləbdən çox uzaqlaşmaq istəmirəm, sonradan ixtisasımı Beyləqana yönləndirdilər. Burada xidmətimi başa vurduqdan sonra isə Ağdama göndərildim. Orada da canla-başla xidmətimi davam etdirdim. Sonra yenidən doğma Qazaxa qayıtdım. Öz rayonumuzda düşmənlə üzbəüz sərhəd zonasında hərbi xidmətimi davam edirəm.

- Aprel döyüşlərinin iştirakçısı olmusunuz. Həmin vaxt Qazax istiqamətində də bir sıra döyüşlər oldu. Daha doğrusu, düşmən bu istiqamətdə təxribata əl atmağa cəhd elədi. Düşməni necə susdurdunuz, bir az da həmin döyüşlərdən danışaq...

- Aprel döyüşləri başlayandan sonra düşmən Qazax istiqamətində də təxribatlara cəhd elədi. Xislətləri budur, qəfil zərbə vurmaq istəyirdilər. Amma arzularını gözlərində boğduq. 2016-cı il aprelin 4-də təkcə mən Qazax istiqamətində düşmənin 4 hərbi qulluqçusunu məhv etmişəm. Bu, Qazaxda "Platina” deyilən, neytral ərazidə baş verdi. Düşmən qazıntı aparırdı. İstehkamlarını möhkəmləndirməyə çalışırdılar. İmkan vermədik. Qazaxda hərbi xidmətdə olduğum vaxtda bir gecə içərisində düşmənin 14-15 döyüş mövqeyini vurmuşam. Həmin vaxt Daş Salahlı kəndinin yaxınlığında, Avey dağında "Üçqüllə” adlanan hissədə düşmənin hərbi texnikasını da məhv elədim. O hadisədən sonra həmin ərazidə postumuzu 500-600 metr düşmən istiqamətinə çəkdik. Sonradan orada artilleriyadan qorunma mövqeyi düzəltdim. Bu mənim təşəbbüsüm idi və bu bizim orduda ilkdir. Düşmən dəfələrlə həmin postu vurmağa çalışsa da, əsgərlərimiz burada qoruna bilib, itki verməyiblər.

- Cənab gizir, aprel döyüşlərindən sonra düşmən itirdiyi mövqelərini qaytarmağa cəhd etdimi?

- Aprel döyüşləri ərəfəsində xidmət etdiyim ərazidə düşmən postlarının geri çəkilməsini təmin etmək üçün bir sıra addımlar atdıq. Tək bu ərəfədə deyil, ümumiyyətlə, atəşkəsin pozulduğu bütün günlərdə düşmənə layiqli cavab atəşi açırıq. Qorxularından çox da dərinə gedə bilmirlər (gülür). Ermənilər cəbhə xəttində mülki əhaliyə atəş açdıqda, taxıl sahələrini yandırdıqda buna da cavab tədbirləri görülür. Layiqli cavablarını alırlar. Düşmən vurduğu ziyanın qarşılığını mütləq ödəyir. Sizə olmuş bir hadisəni danışım.

Bir dəfə düşmən yenə bizim döyüş nəbzimizi yoxlamağa cəhd elədi. Ermənilər Qazaxın Məzəm kəndində bizim bir yaşayış evini yandırmışdı. Hətta orta məktəbi də vurmuşdular. Biz isə cavab olaraq, düşmənin 8 kənd evinə atəş açdıq. Əslində sakitlik zamanında ordumuz düşmənə güllə atmır. Həmişə ermənilər buna yol verir və cavab atəşi ilə susdurulurlar.

- Dördgünlük döyüşlər vaxtı Qarabağ cəbhəsindən savayı digər postlarda mövqelər necə qorunurdu?

- Bu ərəfədə hərbi qulluqçuların hər birinə döyüş hazırlığı tapşırığı verilmişdi. Ordu döyüşə hazır idi. Açığı mən, "Platina”da düşmənin 25-30 metr məsafəsində xidmət etmişəm. Aprel döyüşlərində bütün sərhəd zonasında döyüş gedirdi. Bütün ordu döyüş vəziyyətinə gətirilmişdi, həbçilərimiz də hazır idi. Zarafat deyil, 24 ildən sonra bütün şəxsi heyət silaha sarılıb düşməndən qisas almağa bilirsinizmi necə həvəsli idi?! İndi də hər an əldə silah döyüş əmrini gözləyirik.

 Snayperlərimizə döyüş tapşırığı verilmişdi. Həmin dövrdə bir qarışqa belə səngərlərimizdən keçə bilməzdi. Aprel döyüşlərində üstünlük bütün istiqamətlərdə Azərbaycan Ordusunda olub. Ermənilərin təlaşa düşüb, qaçdığının şəxsən şahidi olmuşam. Biri silahını atıb qaçırdı, o biri heç arxasına da baxmırdı, dabanına tüpürüb canını əsgərlərimizin pəncəsindən qurtarmağa çalışırdı.

- Düşmənlə daim üz-üzəsiniz. Bəs onların silahları barədə nə müşahidə etmisiniz? Deyirlər ki, hamısı köhnə silahlardı. Düzdürmü bu deyilənlər?

- Əlbəttə, hamısı düzdür. Düşmənin silahları sovet sövründən qalan, köhnə silahlardır. "Ştiknoz”ları belə yoxdur. Aprel döyüşlərində gözümlə görmüşəm. O qədər olub ki, postlarımıza atəş açıblar, 18-20 güllədən, mərmidən heç biri hədəfə dəyməyib. Həm silahları bərbad gündədir, həm də ata bilən, düz vuran əsgərləri yoxdur. Amma bizim müasir silahlarımız bir atışda düşmən postunu darmadağın etməyə qadirdir. Erməni ordusuna təminat üçün gələn maşınları müşahidə edirik. Təminatı hərbi maşınlarla çatdıra bilmədiklərindən, mülki maşınlarla sərhədə gətirirlər. 

Həmin avtomobillərin həm səsindən, həm də görüntüsündən köhnə maşınlar olduğunu anlayırsan. 2013-cü ildə Ağdam döyüşlərində, 2016-cı il aprel döyüşlərində, hərbidə olduğum müddətdə müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak eləmişəm. Bunu əminliklə deyirəm ki, düşmən ordusu çox gücsüzdür. Müharibə başlayarsa, ordumuz erməniləri tək addımda məğlub edəcək. Bu faktdır, özümdən demirəm. Çünki biz öz torpağımız üçün döyüşürük, onlar isə başqasının torpağı üçün zorla döyüşmək istəmir. Postlarda da məcburi dayanırlar.

- Cəbhə bölgəsinin digər istiqamətlərində də döyüş keçmisiniz. Həmin istiqamətlərdə Azərbaycan ordusunun təminatı hansı səviyyədədir?

- Beyləqanda da sərhəd bölgəsində hərbi xidmətdə olmuşam. O ərazidə də üstünlük Azərbaycan ordusundadır. İndiyə qədər düşmən dəfələrlə Beyləqandan hücum əməliyyatı həyata keçirməyə cəhd edib. Amma həmişə geri püsgürtmüşük. Layiqli cavabını alıb və 7-8 itki verərək geri çəkiliblər. Kəşfiyyat xidmətini yerinə yetirdiyim Ağdam bölgəsində də vəziyyət qənaətbəxşdir. O əraziləri qarış-qarış tanıyıram. 

Ağdam istiqamətində Azərbaycan ordusu düşmənin layiqli cavabını verir. Əlverişli mövqelərimiz, şəxsi heyətin ayıq-sayıq olması düşmənin təxribatlarının önündə böyük sədd kimi dayanıb. 2013-cü il döyüşlərində ermənilər ordumuzun bir əsgərini vurmuşdular. Həmin əsgərimiz şəhid olmuşdu. Yadımdadır, dərhal əməliyyat planı hazırlandı. Həmin şəhid əsgərimizin intiqamını yerindəcə aldıq. Təsəvvür edin, düşmənin 14-15 hərbi qulluqçusunu məhv etdik. Cavab atəşi açıldıqda bir atəşlə 8-10 düşmən məhv edilirdi.

- Qabil bəy, bir hərbçi olaraq, fikriniz maraqlıdır, hərbi sirr necə qorunmalıdır?

- Bəzən döyüşlər ərəfəsində yalan məlumatlar yayılır. Amma ordunun "hərbi sirr” adlandırılan nüanslarını qorumaq hər bir hərbi qulluqçunun vəzifə borcudur. Biz vətənə layiqli xidmət edəcəyimizə and içirik. Bu andımıza da sadiq qalırıq. Sadəcə döyüş müddətində müəyyən pozucu qüvvələr var ki, yalan məlumatlar yaymaqla əhalini təşvişə salmaq istəyir. Bu isə müəyyən siyasi məqsədlərə xidmət edir. 

Dezinformasiyalara aldanmamaq lazımdır. 2016-cı il aprel döyüşlərində Azərbaycan 109 şəhid verib. Onların hər birinin adları açıqlanıb. Hər biri dövlət tədbiri ilə dəfn edilib, Müdafiə Nazirliyinin rəsmiləri, xüsusilə Abdulla Qurbani şəhidlərin hər birinin dəfnində şəxsən iştirak edirdi. Ona görə də, qeyri-rəsmi açıqlanan məlumatlara inanmamaq lazımdır. Ermənistan aprel döyüşlərində 70 nəfər əsgərinin itkin düşdüyünü açıqlayıb. Halbuki bu əsgərlər məhv edilib. Ermənistan ordusunun hərbçiləri neytral ərazidə qalan erməni meyitləri sərhəddən götürməkdən imtina edib. Düşmən itkinin az olduğunu göstərmək, məğlubiyyətini pərdələmək üçün bu addımı atdı. 

Onlarla əsgərin yoxa çıxdığını bəyan elədi. Nə qədər ört-basdır etməyə çalışsa da, bu faktları da nəzərə alıb hesablama apardıqda məlum olur ki, ermənilər aprel döyüşlərində 516 itki verib. Yaralananlar isə 800 nəfərdən çox olub.
Dəfələrlə hərbi texnikanın daşınması, sərhəd bölgələrə hərbi-texniki yardım edilməsi kimi vəziyyətlərdə sosial şəbəkələrdə dezinformasiya yayılıb. İnsanlar müxtəlif ərazilərdə tank, hərbi maşınlar və sair görən kimi müharibə olduğunu düşünürlər. Hər kəs də küçədə gördüyü qeyri-adi şeyləri sosial şəbəkədə paylaşır. Hətta cəbhəyə göndərilən texnikanın videosunu çəkib paylaşırlar. Nəticədə dezinformasiyalar yayılır və bir neçə məsuliyyətsiz şəxsin ucbatından əhali təşvişə düşür. Belə ciddi məsələlərdə insanlarımız diqqətli olmalıdırlar.

- Erməni dilini bilirsiniz, bunu və digər hərbi biliklərinizi işinizdə hansı səviyyədə istifadə edə bilirsiniz?

- Bu bir az hərbi sirr xarakterli sualdır. Amma sizi qane edəcək səviyyədə cavab verməyə çalışacağam. Deməli, bir dəfə sərhəddə, savaş gedən əraziyə yaxın yerdə yaşayan yaşlı bir erməni qadın sərhədi keçərək, Azərbaycan ərazisində tutulmuşdu. Qadından ilkin məlumatı almaq üçün onunla erməni dilində danışdıq. Mən heç bir əziyyət çəkmədən onunla danışdım və bizə lazım olan məlumatları alandan sonra onu hərbi əsir kimi öz ölkəsinə qaytardıq. Bundan başqa, erməni dilini bilməyim mənə erməni mediasını izləməkdə də çox yardımçı olur. 

Onların məlumatları, atəşkəsin pozulması zamanı yaydıqları dezinformasiyalar, onların hansı istiqamətlərdə necə addım atacağı barədə üstüörtülü mesajlar bəzi hallarda mətbuatda yer alır. Düşmən itkilərini nə qədər gizlətməyə çalışsa da, sosial şəbəkə onların paylaşdıqlarını, yazılarını, mətbuatdakı materialları təhlil etməklə vəziyyətin nə dərəcədə çətin olduğunu anlamaq mümkündür. Hərbi sahədə qazandığım bilikləri, nəzəri-praktiki məlumatları isə sözsüz ki, döyüş əməliyyatlarının qurulmasında, cəbhə xəttində üstünlüyün ələ alınmasında, düşmənin həmlələrinə layiqli cavab tədbirlərində, kəşfiyyat prosesində və s. istifadə edirəm. Nəzəri biliklərim praktiki fəaliyyətimə müsbət təkan verir.

- Bəs ordumuzun kadr hazırlığı barədə nə deyə bilərsiniz?

- Kadr hazırlığı da digər sahələr kimi yüksək səviyyədə inkişaf etdirilir. Gizir və zabitlərimiz xarici ölkələrə kurslara göndərilir, hərbi biliklər qazanılmasına yönləndirilirlər. Bütün bu proseslər dövlət hesabına həyata keçirilir. Hətta deyərdim ki, rütbəli hərbçilər, zabitlər və digərləri arasında xaricdə praktiki təcrübə və nəzəri hazırlıq keçməyən şəxslər yoxdur. Bunun üçün hər kəsə bərabər imkanlar yaradılır, hər bir hərbi qulluqçunun istəkləri nəzərə alınır.

Söhbətləşdi: Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23