2018-06-28 16:48:02   |   1156 dəfə oxunub

“Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpoziumu... - FOTOLAR





İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileylərinə həsr edilmiş "Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpoziumu öz işinə başlayıb. 

"Sherg.az"ın xəbərinə görə, Beynəlxalq Simpoziumda Türkiyənin və Azərbaycanın aparıcı universitetlərinin tanınmış və nüfuzlu alim-mütəxəssisləri, AMEA-nın məsul şəxsləri, elmi müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər. 

Beynəlxalq Simpoziumun plenar iclasını giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransı universitetin həyatında əlamətdar bir gün, türk dünyasının böyük bayramı adlandırıb. Rektor bildirib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir: 


"Elm, təhsil, mədəniyyət sahəsində keçirilən birgə tədbirlər dostluğumuzun, həmrəyliyimizin, qardaşlığımızın daha da gücləndirilməsinə xidmət edir. Azərbaycan və Türkiyənin siyasi həyatında böyük hadisələr baş verməkdədir. İnanırıq ki, yeni dönəmdə də Türkiyə və Azərbaycan münasibətləri dinamik inkişaf edəcək. Bu simpozium fikir və təcrübə mübadiləsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Alimin sözlərinə görə, ADPU-da keçirilən simpozium həmrəyliyimizin, birliyimizin, qardaşlığımızın əyani ifadəsidir: 

"Bu simpozium Türk dünyasının inteqrasiya prosesini əks etdirir. Türk dünyası birliyi dünya birliyinə töhfədir”. Plenar iclasda Türk dünyasına xidmətə görə fərqlənən ziyalılara mükafatlar təqdim olunub. Daha sonra simpozium öz işini Qafqaz İslam Ordusu bölməsində davam etdirib. Beynəlxalq Simpozium çərçivəsində "Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu” mövzusunda foto-sərgi nümayiş etdirilib. Simpozium təqdimatlarla davam edib. Yüksək səviyyəli təqdimatlarda Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimiz tarixində tutduğu şərəfli yer və Qafqaz İslam Ordusunun xilaskarlıq fəaliyyəti və digər vacib məqamlar geniş əksini tapıb.

Qafqaz İslam Ordusu bölməsinə həsr edilmiş paneldə mətbuat tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu” mövzusu ilə çıxış edib. A.Aşırlı Qafqaz İslam Ordusunun yüz illiyi ilə bağlı Prezident İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın 26 aprel 2018-ci il tarixində mətbuata verdikləri bəyanata diqqət çəkib. Bildirib ki, hər iki rəhbərin bəyanatı Qafqaz İslam Ordusunun yüz illiyinə dövlət tərəfindən verilən ən yüksək dəyərin təzahürüdür. 


Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinə qədər ölkə mətbuatının durumunu dəyərləndirən baş redaktor deyib ki, Azərbaycanda bolşevik-erməni birləşmələrinin törətdiyi qətlima qədər milli mətbuat orqanları fəaliyyət göstərirdi: "Müəyyən mənada milli maraqları müdafiə edən "Açıq Söz”, "İttihad” və s. qəzetlər var idi. Ancaq 1918-ci ilin mart ayında Bakıda ermənilərin törətdikləri qətliamlar nəticəsində milli mətbu orqanların redaksiyaları dağıdıldı və qəzetlər qapadıldı. Qafqaz İslam Ordusu Bakını azad edənədək anadilli mətbuat orqanları nəşr olunmadı. Yalnız bir neçə anadilli mətbuat orqanları nəşr olunurdu ki, onlar da boleşviklərin mövqeyini müdafiə edirdi. Bolşevik mövqeyini müdafiə edən ən böyük qəzetlərdən biri "Bakinski raboçi” qəzeti idi. Qafqaz İslam Ordusunun Azərbaycan ərazilərinə daxil olması və Nuru Paşanın Azərbaycana gəlişi ilə bağlı ilk xəbər "Bakinski raboçi” qəzetində dərc olunub. Qəzetdə Nuri Paşanın Gəncəyə gəlişi və Qafqaz İslam Ordusunun say tərkibi barədə məlumatlar yer alıb. Məlumdur ki, Azərbaycana Mosuldan, Təbrizdən və başqa yerlərdən 480 nəfərdən artıq zabit və əgsər gəlmişdi. 

Ancaq "Bakinski Raboçi” qəzeti həmin sayı 40-50 nəfər kimi göstərirdi. Bolşevik mətbuatı xalq arasında bilərəkdən milli duyğuları öldürmək və Qafqaz İslam Ordusunun mahiyyətini kiçiltmək üçün güclü təbliğat aparır, yardıma gələn əsgərlərin sayını azaldırdı. Ancaq bu təbliğatların heç bir nəticəsi olmadı və Azərbaycan xalqı Qafqaz İslam Ordusu ilə bütünləşdi və öz sərhədlərini mühafizə edə bildi. "Hümmət” qəzeti də anadilli mətbuat orqanlarından idi. Bolşevik ideyasını təbliğ etsə də, kifayət qədər obyektiv yazılara yer verirdi. "Hümmət” qəzeti Qafqaz İslam Ordusunun döyüşləri barədə, Kürdəmir, Salyan, Göyçay və başqa döyüşlər haqqında ayrıca xəbərlər dərc edirdi. Bu materialların "Bakinski raboçi”dən fərqi onda idi ki, "Hümmət” qəzetində milli yönümlü sosialistlər çalışırdı”. A.Aşırlı vurğulayıb ki, Qərb ölkələrinin və Rusiyanın bəzi tarixçiləri Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini mənfi dəyərləndirir, buna haqq qazandırılmasının əleyhinə çıxırdılar: "Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi üçün hüquqi baza var idi. 1918-ci ilin 4 iyununda Azərbaycanın milli hökuməti ilə Osmanlı arasında bağlanan "Dostluq və Əməkdaşlıq” müqaviləsinin dördüncü bəndində bu hüquqi baza öz əksini tapıb”. 

Baş redaktor bəyan edib ki, Qafqaz İslam Ordusu təkcə hərbi struktur deyil, həm də ideoloji struktur idi: 

"Bu, türkçülük, turançılıq məfkurəsini özündə daşıyan bir hərəkat idi. Qafqaz İslam Ordusuna təkcə hərbiçilər yox, şairlər, ziyalılar da gəlmişdilər. Azərbaycanın istiqlalı ilə bağlı şeirlər yazmışdılar. Bugün də aktuallıq kəsb edən vahid türk dili ideyası, türk dünyası məhz Qafqaz İslam Ordusunun ideologiyasına söykənir. Türkiyə və Azərbaycanın hərbi strateji müttəfiqliyi 26 iyunda keçirilən möhtəşəm hərbi paradda bir daha nümayiş olundu. 100-ə yaxın türk hərbiçisi, türk şahinləri paradda iştirak etdilər. Bütün bunların izləri, kökü Qafqaz İslam Ordusuna gedib çıxır”.










İsmayıl







SON XƏBƏRLƏR

2018-09-25