2018-06-29 15:38:58   |   1086 dəfə oxunub

Tarixçi- alim:" Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur"



"Ordunun hərbi gücünü nümayiş etdirməsinin qədim tarixi kökləri var”.

Bu barədə "Sherg.az”a hərbi paradın tarixi barədə məlumat verərkən tarixçi-alim Kərəm Məmmədov bildirib. 

O diqqətə çatdırıb ki, qədim türklərdə orduya baxış keçirmək üçün müxtəlif üsullardan istifadə edilirdi:

"Məsələn, əsgərlərə deyilirdi ki, müəyyən bir əraziyə hərə bir daş atsın. O ərazidə yığılan təpənin böyüklüyünə görə, ordunun gücü müəyyən olunurdu. Hətta "Oğuznamə”də belə epizod var ki, Oğuz Xaqan ölkəmizə daxil olanda, Şirvan ərazisində döyüşçülərinə hərəyə bir daş atmağı əmr etdi. Yığılan təpəni isə "Azər baycan” yəni, "Azər kişilərin uca təpəsi” adlandırdı.

Düşünürəm ki, bu il Azərbaycan ordusunun 100 illiyi deyil, Azərbaycan Respublikasının yubileyidir. Çünki Azərbaycan ordusunun da, Azərbaycanın dövlətçiliyinin də tarixi qədimdir. Bizim ilk ordu qruplarımız miladdan əvvəl III minillikdə yaranıb. 

Kuti və Lulubbi tayfaları ilə bağlı olan bu qruplar Akkad mənbələrində "dağ əjdahaları”, "dağların zəhərli ilanları” adı verilmişdi. Sonradan yaranan Manna dövləti döyüşçülərinin dəbilqələrində və hunların bayraqlarında ilan və əjdaha simvolları yer alıb.

Əvvəl keçirilən hərbi paradların birində 1918-1920-ci illərdəki hərbçilərin formasını geyinmiş şəxsi heyətin paradı təşkil olundu. Bu varisliyi göstərən əlamətdir. Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Yaxın Şərqdə də ordumuz öz gücü, hərbi-texniki təminatı ilə seçilir”.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə, Bakının Azadlıq Meydanında möhtəşəm hərbi parad keçirilib. Paradda çıxış edən Ali baş Komandan İlham Əliyev ordumuzun qüdrəti və bu istiqamətdə qarşıda duran bir sıra məsələlərə toxunub.
Prezident vurğulayıb ki, gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-25