2018-06-29 15:47:38   |   1619 dəfə oxunub

Ağ saçlı Vurğun DAŞI... - Taleh Mansur yazır


Bu ağ daş Xalq Şairi Səməd Vurğunun 1906-ci ildə göz açdığı evin yeganə yadigarıdır. Daşın belə balaca olmağına baxmayin üç bu qədəri də yerin altındadır. Bir neçə il öncə kəndimizə yol çəkiləndə daşın böyük bir hissəsi torpağın altında qaldı. Daşın qəribə tarixçəsi var: Otuzuncu illərdə kəndimiz Kürün qırağından(Qıraq Salahlıdan) indiki yerinə köçəndə ana nənəmin atası Hüseyn kişi şairin doğulduğu evin daşlarını ev tikmək üçün arabaya yığıb kəndə gətirir, ev tikib yurd salır. 

Həmin vaxt şairin qardaşı Mehdixan Vəkilova çatdırırlar ki, bəs uçmuş evinizin daşlarını oğurlayıblar. Mehdixan müəllim bərk qəzəblənir, şikayət etmək qərarına gəlir. Xəbər Hüseyn babama çatanda kişi təlaşa düşür, dövrün çətinliklərinə baxmayaraq Mehdixan Vəkilovla əlaqə saxlayır ki, ay Mehdixan, o daşları mən aparmışam. 

Düşündüm ki, uçub tökülmüş evin daşları, heç kimə lazım olmaz. Əgər xətrinə dəyibsə, evi söküb daşları yerinə qaytara bilərəm. Mehdixan müəllim yumşalır, deyir, ay Hüseyn əmi, mən heç bilmirdim ki, daşları sən aparmısan, sən apardığını bilsəydim, şikayət filan da etməzdim. İndiki belə oldu, halal xoşun olsun, daşları sənə verirəm. Beləcə şairin doğulduğu evin daşları üzün illər Hüseyn babamın yurdunu ayaqda saxlayır. Sonralar köhnə ev sökülür, yurd yerində yeni ev tikilir. Sərt qaya daşlarından yonulmuş köhnə evin daşlarını yığıb başqa yerə tökürlər. 

Necə olursa bu daş yaddan çıxıb qalır. Ustalar tikinti zamani bu daşdan istifadə etmək istəyirlər. Daşı bir neçə dəfə hörüyə qoysalar da, hörük daşı saxlamır, qopub yerə düşür. Daşı dığırlayıb evin doqqazına qoyurlar. O gündən adamlar yol qırağına qoyulmuş daşdan oturacaq kimi istifadə edirlər. İçi bizim nəsil qarışıq bu daş neçə-neçə nəsillərin uşaqlıq xatirələrinin yuxarı başında yer alır. Bir əsrdən çoxdur ki, bu daş gördüklərini daş yaddaşına yazıb saxlayır. 

Unutduğumuz xatirləri nə vaxtsa yenidən bizə xatırlatmaq üçün yaşasa da, hələki daş ürəyinin dolaşıq nisgili dilinə düyün salıb onu danışmağa qoymur. Yüz ildən çoxdurki, ona kimsə qulaq vermir, o insanları dinləyir. Adamların ət ürəyindən qovulmuş sevgilər onun daş ürəyində yuva salır. Bəlkə ona görədir ki, bu daş heç vaxt soyuq olmur. Hərdən mənə elə gəlir ki, Vurğunun ağ saçlarını xatırladan bu daş gecələr için-için ağlayır, daş ürəyi yumşalıb muma dönür. Torpaq hər gecə daşın göz yaşlarından içib sərxoş olur...






SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24