2014-07-01 23:51:40   |   665 dəfə oxunub

Vətən və Azərbaycan fədaisi - Şəfi bəy Rüstəmbəyli

Bu böyük mücahid son nəfəsinədək öz əqidəsini dəyişmədi



Azərbaycanda ictimai-fəlsəfi şüurun formalaşmasında müstəsna xidmətləri olan şəxsiyyətlər, simalar tarix boyu çox olub. Bu insanların adı Vətən tarixinin ən parlaq səhifələrinə yazılıb. Bu şəxsiyyətlərin fəaliyyətilə tariximizdə bir sıra müsbət hadisələr baş verib. XIX-XX əsrlərdə yaşayan maarifpərvər ziyalılar olan həmin şəxsiyyətlər Azərbaycan xalqının həyatına böyük təkan verib. Milli şüurun formalaşmasından söhbət düşəndə həmişə ağlımıza on doqquzuncu yüzilliyin sonu, iyirminci yüzilliyin əvvəli gəlir. Böyük bir maarifçilər ordusu canlanır xəyallarımızda. Bu insanların tərkibi yalnız böyük yazıçı və şairlər, publisistlərdən ibarət deyildi, onlar eyni zamanda böyük filosof və ictimai-siyasi xadimlər olub.

Azərbaycançılıq ideyasının inkişafında mühüm rol oynayan yaradıcı ziyalılarımızdan biri də ömrünün sonuna qədər Azərbaycanın azadlığı uğrunda mübarizə aparan Vətən fədailərindən olan Şəfi bəy Rüstəmbəyli olub. Şəfi bəy 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Kiyev həyatı onun bir siyasi və ictimai xadim kimi formalaşmasında dərin iz buraxıb. Şəfi bəy qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilib. Elə həmin ilin

oktyabrında gizli şəkildə əsası qoyulmuş Müsəlman Demokratik Müsavat Partiyasının Kiyevdə oxuyan azərbaycanlı tələbələr arasında da şöbəsi yaradılıb. Şöbəyə o vaxt tələbə olan, Azərbaycanın böyük vətənpərvər oğlu, yazıçı Yusif Vəzir Çəmənzəminli rəhbərlik edirdi. Partiyanın fəal üzvlərindən biri də Ş.Rüstəmbəyli idi. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb və bir müddət dairə məhkəməsində işləyib. Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edib. 1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultayında Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edənlərdən biri Şəfi bəy Rüstəmbəyli olub. Elə həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında da iştirak edib. 1917-ci ilin iyun ayında azadlıq mübarizlərinin bir araya gəlməsi nəticəsində yaradılan Türk-Ədəmi-Mərkəziyyət Müsavat partiyasının Mərkəzi Komitəsinin 8 üzvündən biri Şəfi bəy idi. O, 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığının və seyminin müsəlman fraksiyasının fəal üzvlərindən sayılırdı. Həmin dövrdə Şəfi bəy Azərbaycan Milli Şurasının Tiflisdə və Gəncədə yaranmış bölmələrində çalışıb, dövlət qurumlarının yaradılmasında böyük əmək sərf edib. Ş.Rüstəmbəyli 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan” qəzetinin rusca nəşrinin redaktoru olub. Qəzetin səhifələrində Azərbaycanın siyasi və ictimai həyatına dair xeyli məqaləsi çıxıb. Onun siyasi fəaliyyəti və məqalələri ilə tanışlıqdan sonra çox hazırlıqlı bir siyasi xadim olduğu qənaətinə gəlmək olur. Araşdırmaçıların fikrincə, Kiyev Universitetinin hüquq fakültəsində oxuyarkən aldığı təhsil və siyasi fəaliyyətə qoşulması Şəfi bəyin sonrakı həyatında böyük rol oynayıb. İti ağlına, zəkasına və siyasi fəaliyyətinə görə Şəfi bəy 1918-ci il dekabrın 7-də təntənəli surətdə açılmış Azərbaycan Parlamentinin deputatı seçilib. O, "Azərbaycan” qəzetinin parlament üzvü olan ilk baş redaktoru idi. Şəfi bəy 1919-cu il dekabrın 2-dən 6-dək Bakıda keçirilən Türk Ədəmi-Mərkəziyyət Partiyasının ikinci qurultayında yenidən Mərkəzi Komitənin üzvü seçilib. Ş.Rüstəmbəyli "Azərbaycan”ın redaktoru olmaqla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifəsini də icra edib. Təəssüflər olsun ki, bir çox azərbaycanlı vətənpərvər kimi, onun istiqlal arzuları da bolşevik işğalı nəticəsində yarımçıq qalıb. 1920-ci ildə Azərbaycan işğal olunduqdan sonra Şəfi bəy Tiflisə köçməli olur. Ancaq, digər Cümhuriyyət liderləri kimi, onun da Azərbaycanda qalan doğmaları təqiblərə tuş gəlir. Hətta əldə olan məlumatlara görə, Şəfi bəyin atası Mustafa bəy dar ağacından asılır. Buna baxmayaraq, Şəfi bəy Tiflisdə də sakit oturmaq niyyətində deyildi. Tiflis şəhərində onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi” yaranır. Lakin onun bu fəaliyyəti də uzun sürmür. 1921-ci ilin fevralında Gürcüstan ruslar tərəfindən işğal olunur. Artıq orada da mübarizənin bir işə yaramayacağını görən Rüstəmbəyli İstanbula köçür və ömrünün sonunadək burada mühacirət həyatı yaşayır. Şəfi bəy mühacirətdə Azərbaycan davasını bir an da olsa, dayandırmır. O, daim qırmızı ordunun istilasından əzab çəkən Vətəninin taleyini düşünür və mübarizəsini mühacirətdə davam etdirir. Burada jurnal nəşrinə başlayır və Azərbaycan həqiqətlərini dünyaya yayır. Onun iştirakı ilə İstanbulda 1923-1927-ci illərdə "Yeni Qafqaziyyə”, 1928-1931-ci illərdə "Azəri türkü”, 1928-1930-cu illərdə "Odlu yurd” və 1932-ci illərdə "Azərbaycan yurd bilgisi” jurnalları nəşr olunmağa başlayır. Vətənpərvər ziyalının burada dərc olunan məqalələrinin hər biri Azərbaycanla bağlı bir dəyərli mənbələrdir. Türkiyədə nəşr olunan "Azərbaycan yurd bilgisi”nin bütün nömrələri Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunub saxlanılır. Türkiyənin tanınmış qəzet yazarı Murat Çulcunun 1990-cı ildə İstanbulda nəşr etdirdiyi "Erməni intriqalarının pərdə arxası: Torlokyan davası” adlı kitabında bildirilir ki, Ş.Rüstəmbəyli İstanbula daxil olduğu gündən qızğın fəaliyyətə başlayır. Tarixi əsər olan bu kitab XX əsrin məhkəməsi adını qazanmış Torlokyanın mühakiməsinə həsr olunub. 1921-ci il iyulun 18-də erməni qatil Torlokyan İstanbulun "Pera-Palas” otelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Qısa vaxtda ermənilər qatil Torlokyanın müdafiəsinə səfərbər olunurlar. Behbud xan Cavanşir tərəfdən isə şahidlər təəccüb və təəssüf doğuracaq qədər az idi, cəmi 6 nəfər. Qəzet işçisi Qaraağazadə Əhməd Həmdi, tələbə

Səməndər bəy, Ziba xanım, Yusif bəy Kazımov, məmur Asəf bəy, bir də Şəfi bəy Rüstəmbəyli. Lakin şahidlərin arasındakı kəskin fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl mahiyyətinin açılmasına, erməni qatilinin ifşa edilməsinə nail olurlar. Məhkəmədə ittiham şahidi qismində ilk ifadə verən Şəfi bəy olur. Hüquqşünas ixtisası yenə də onun köməyinə gəlir. Şəfi bəy prokuror Qribbonun, məhkəmənin sədri Freezin, qatil Torlokyanın vəkilləri Xasruyan və Miçinin, mərhum Behbud xan Cavanşirin vəkili Rifat Heydər bəyin suallarını inandırıcı dəlillərlə, güclü məntiqlə, son dərəcə səbirlə, yeri gəldikcə də sərt şəkildə cavablandırır. Hətta qərəzlə verilmiş suallar da Şəfi bəyi çaşdırmır. Suallar qətl hadisəsi ilə bağlı cinayətkara deyil, daha çox Şəfi bəyə ünvanlandırılırdı: "1918-ci ildə Bakıda partiyalar varmıydı?”, "Bu partiyaların birinə mənsub idinizmi?”,” Azərbaycan” qəzetində fəaliyyətiniz nədən ibarət idi?”, "Hansı mövzuda məqalələr yazırdınız?” və sair. Vəkil Xasruyanı Şəfi bəyin "İrəli” qəzetində dərc olunan məqalələri daha çox narahat edirdi. Odur ki, bu məqalə ilə bağlı suallara təkrar-təkrar qayıdır, niyə yazdın, necə yazdın, faktları haradan götürdün kimi suallar verir, fikri əsas məsələdən yayındırırdı. Bütün bunlara dözməyən Şəfi bəy məhkəmənin gedişinə kəskin etiraz edir və işin düzgün aparılmasını tələb edir. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin prezidenti, Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə "Bir ömür də belə keçdi” adlı memuarında yazır: "Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı”. Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir. Şəfi bəy həyatının son gününə qədər Azərbaycanın istiladan qurtuluşu uğrunda mücadilə edib. İstər vətənində olsun, istərsə də mühacirətdə. O, hələ Azərbaycan Parlamentinin deputatı və "Azərbaycan” qəzetinin baş redaktoru olduğu dövrdə - 1919-cu ildə ilk milli mətbuat haqqında qanunu işləyərək parlamentdə qəbul olunmasına nail olur. İxtisasca hüquqşünas olsa da, çox kövrək və həssas idi. Salnaməçilər söyləyir ki, parlamentin son iclaslarında Məhəmməd Əmin Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə dönür: "Azərbaycan” qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli ağlayırdı”. Hər bir vətən aşiqi kimi, Şəfi bəy də min bir əzab-əziyyətlə yaradılmış gənc dövlətin süqutuna dözə bilmirdi. Xalqının böyük oğlu, ictimai-siyasi xadim, "Azərbaycan” qəzetinin redaktorlarından biri Şəfi bəy Rüstəmbəyli 1960-cı ildə İstanbulda "Vətən”, "Azərbaycan” deyərək dünyasını dəyişir. Böyük vətən fədaisi Rüstəmbəyli ömrünün sonuna qədər Azərbaycanın azadlığı uğrunda mübarizə apardı və Vətən davasına can qoyduğu gündən sona kimi öz əqidəsini dəyişmədi. Bir çox silahdaşları kimi, böyük azadlıq arzularını son nəfəsinədək qəlbində daşıyıb.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17