2018-07-03 12:59:08   |   1354 dəfə oxunub

Musa Nağıyevin İngiltərə və İsveçrədə 413 milyonu qalıb

“O pulları kodsuz da geri almaq mümkündür. Lakin bunun üçün banka dövlət yox, varisin özü müraciət etməlidir”

“Azərbaycan tərəfi milyonçu Musa Nağıyevin varisi ilə bağlı bütün sənədlərin və arxiv materiallarının toplanmasında maraqlı olmalıdır ki, məhkəmə daha tez və ədalətli qərar versin”



"Hazırda İngiltərə və İsveçrə banklarında çar Rusiyasında neft milyonçusu olmuş Ağa Musa Nağıyevin qızıl pulla 413 milyonu qalıb”. Bu sözləri milyonçunun nəvəsi, Rusiya vətəndaşı Dilarə Nağıyeva deyib. Onun sözlərinə görə, atası Fərəc Nağıyev deyib ki, Ağa Musa Nağıyev pullarını xarici banklara yatırıb:

"Babam bu pulları Bakı və Rusiya banklarında saxlamaq istəsə də, onlar qəbul etməyiblər. O da məcbur olub İngiltərə və İsveçrə banklarında yerləşdirib”. Amma hazırda kod sözünü bilmədiyinə görə, ailəsi həmin pulları ala bilmir: "Bankda bizdən kod istəyirlər, biz isə bilmirik. 1938-ci ildə həmin banklardan atama çek göndəriblər ki, gəlin pulları alın. Amma DTK-da bundan xəbər tutub, atamı incidiblər. 

Çeki ona yedizdiriblər, sonra da ac saxlayıblar ki, çek həzm olunsun. Ona görə də pulu ala bilmirik. Amma Azərbaycan dövləti adından rəsmi olaraq müraciət edib pulu geri qaytara bilərik”. Nağıyevlər ailəsinin tək istəyi onun varidatını xarici banklardan geri almaq və həmin pula Bakıda iki bina daha tikdirməklə Ağa Musa Nağıyevin 100 binanın sahibi kimi adını tarixə salmaqdır. Milyonçu Musa Nağıyev Bakıda 98 bina tikdirib. 

Deyilənə görə, Nağıyev xarici banklarda 413 milyon qızıl pulla yanaşı böyük miqdarda daş-qaşlar olan qutu da saxlayırmış. Pulunun böyük əksəriyyətini xarici ölkəyə etibar edəndən sonra bankdan ona xüsusi kod veriblər. Kod xaç formasında olan açarın üzərinə həkk olunubmuş. Deyilənə görə, İsveçrə bank sistemində kodu bilməyən müştəri əsla ordan pul çıxara bilməz.

Bir məqamı da vurğulayaq ki, Sankt-Peterburqda buraxılan kataloqda məşhur milyonçunun ümumi sərvəti 690 milyon qızıl pul olaraq göstərilib. Məlumatlara görə, Nağıyev sadəcə 413 milyon pulunu xarici banka köçürüb, geridə qalan 277 milyon qızıl pulu isə Bakıda dəniz kənarı yerlərin birində xüsusi olaraq düzəldimiş anbarda saxlayıb. Anbarın kodunu da Ağadan başqa heç kim bilməyib. Xaç formasında açarın da həmin anbarda saxlanıldığı deyilir. Anbarın harda olması barədə məlumat yoxdur. Bakı kəndlərinin yaşlı insanları danışırmış ki, sovet dövründə nə qədər qızıl axtaranlar onun yerini axtarsalar da, tapa bilməyiblər.

Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, pulu kodsuz da geri almaq mümkündür. Lakin bunun üçün banka dövlət yox, varisin özü müraciət etməlidir:

 "Bugünə qədər İsveçrə banklarında təqribən 600 milyard dollara yaxın mənbəyi bilinməyən vəsait qalmaqdadır. Hətta Hitler Almaniyasının, Kommunist Partiyasının da ciddi vəsaitləri həmin banklarda qalıb. Bundan başqa bir çox şirkətin və naməlum şəxslərin böyük məblğədə pulu İsveçrə banklarındadır. Sadəcə varis tapılmadığı üçün pulları oradan götürən olmayıb. Varis çıxmayanadək banklar pulları heç yerə göndərə bilməzlər. 

Söhbət ondan gedir ki, varislərin olması məhkəmə qərarı ilə sübut olunduqdan sonra İsveçrə bankları bütün vəsaiti geri qaytarırlar. Britaniya banklarında prosedur bir qədər çətin olsa da, İsveçrə banklarından pulu geri almaq mümkündür. Xatırladım ki, Baltikyanı ölkələr müstəqil olduqdan sonra sovet dövründə İsveçrə banklarına pul qoyan vətəndaşların bir hissəsi öz pullarını geri ala biliblər. Bunun üçün Azərbaycan hökuməti də maddi və hüquqi dəstək verə bilər. İlk növbədə isə varis özü İsveçrə banklarına rəsmi müraciət etməli və varisliyini təsdiqləməlidir. 

Azərbaycan tərəfi milyonçu Musa Nağıyevin varisi ilə bağlı bütün sənədlərin və arxiv materiallarının toplanmasında maraqlı olmalıdır ki, məhkəmə daha tez və ədalətli qərar versin. Məhkəmə tərəfindən varislik hüququ tanındıqdan sonra heç bir kod tələb olunmayacaq və əgər əlavə varislər olmadığı da sübut olunarsa, vəsait həmin şəxsə ödənəcək. Müraciətin dövlət tərəfindən edilməsi faydasızdır”.

Ekspert bildirib ki, bir şəxsin varisliyinin təsdiqlənməsi presedent ola bilər: 

"Musa Nağıyevdən başqa digər Azərbaycan milyonçularının İsveçrə banklarında vəsaitinin olması barədə məlumatlar var. Onlar da İsveçrə məhkəmələrinə müraciət edərək, öz ailələrindən qalan pulları geri ala bilərlər. Düzdür, proses bir qədər vaxt tələb edən məsələdir. Amma buna baxmayaraq, Azərbaycanın İsveçrədəki səfirliyinin hüquqi yardımı ilə varislər məsələnin arxasınca getməlidir”.

İsmayıl









SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25