2018-07-03 17:15:52   |   1206 dəfə oxunub

“Ukrayna Ali Radasında azərbaycanlıların təmsilçiliyinə nail olmalıyıq”

Rüfət Quliyev: “Diaspor təşkilatlarımız birləşəcəyi təqdirdə, daha böyük uğurlara nail olacağımız şübhəsizdir”

“Heydər Əliyev hələ 1969-cu ildə bizi ayıltmağa, millət kimi formalaşdırmağa başladı”




"O yerdə ki, söhbət Azərbaycanın maraqlarından gedir, bu məsələdə monolit olmaq şərtdir”


"İşğaldakı torpaqları azad etmək üçün ordumuza 48 saat kifayətdir”


Son illər Azərbaycan və Ukrayna arasında genişlənməkdə olan əməkdaşlıq münasibətləri, Ukrayna prezidentinin ölkəmizə səfəri, əməkdaşlığın gələcək inkişafı perspektivi baxımından müəyyənləşdirilən addımlar, ötən ay Kiyevdə Azərbaycan Ticarət Evinin açılması və s. iki dövlət arasındakı əlaqələrin dinamik inkişafından xəbər verir. Hansı ki, Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Ukraynadakı diaspor təşkilatlarımızın da üzərinə böyük bir məsuliyyətin düşdüyü istisna deyil. Odur ki, Moderator.az olaraq millət vəkili Rüfət Quliyevlə söhbətimizdə Azərbaycan-Ukrayna münasibətlərinin mövcud durumu ilə yanaşı, Ukraynadakı diaspor təşkilatlarımızın fəaliyyəti ilə bağlı da bəzi məqamlara aydınlıq gətirməyə çalışdıq.


-Rüfət bəy, bugünlərdə Kiyevdə Azərbaycan Ticarət Evinin açılışında iştiak etdiniz. Bu, Azərbaycanın Ukrayna ərazisində açdığı ilk Ticarət Evidir, yoxsa bundan öncə də sözügedən ölkədə oxşar Ticarət Evləri açılıb?

-Bu vaxta qədər Ukraynada belə bir Ticarət Evi olmayıb. Doğrudur, pərakəndə formada bəzi azərbaycanlı biznesmenləri öz mal və xidmətlərini Ukrayna bazarına çıxarmağa cəhd ediblər. Lakin Ticarət Evinin açılması ilk hadisədir və bu, dövlətimizin yürütdüyü siyasət nəticəsində ərsəyə gəlib. Cənab prezident birmənalı şəkildə göstəriş verib ki, xarici dövlətlərdə bu cür Ticarət Evləri açılsın. Nəzərdə tutulur ki, yaxın gələcəkdə Ukraynada əhalisi 2-4 milyon olan böyük vilayətərdə bu Ticarət Evinin filialları açılsın. Dövlətimizin səyləri nəticəsində bu cür mühüm işlər reallaşır. Hansı ki, dövlət müdaxilə etməyənə qədər belə bir Ticarət Evi mövcud deyildi. Baxmayaraq ki, Ukraynada yarım milyon azərbaycanlı yaşayır və onun təxminən 250 minə yaxını imkanlı şəxslərdir. Lakin onlar bunu edə bilmədilər. Əgər bu şəxslərin 3-5-i bir araya gəlsəydi, bu Ticarət Evini açardılar. Amma bu baş vermədi və bu məsələdə ilk addımı yenə dövlətimiz atdı.

-Xaricdə Ticarət Evlərinin açılmasında fəallıq göstərən hansısa dövlət qurumu varmı? Bu məsələdə daha kimlərin zəhməti var?

-Bu məsələdə İqtisadiyyat Nazirliyinin və eləcə də nazirin özünün fəaliyyətini yüksək qiymətləndirirəm. Ölkə başçısının Ticarət Evləri ilə bağlı məlum qərarından sonra bir ilin içində İqtisadiyyat Nazirliyi bir neçə bu cür Ticarət Evi açdı. Bir neçə ölkədə də bu cür Ticarət Evlərinin açılmasına hazırlıq gedir. Bu baxımdan hesab edirəm ki, İqtisadiyyat Nazirliyinin bu məsələdəki xidmətləri danılmazdır.

-İyulun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü ölkəmizdə təntənə ilə qeyd edildi. Məlum olayla bağlı Ukraynadakı diaspor təşkilatları tərəfindən də hansısa tədbirlər keçirildimi?

-Ordumuzun yaranmasının 100 illiyi Ukraynadakı soydaşlarımız, diaspor təşkilatlarımız tərəfindən də qeyd olundu. Səfirimiz Azər Xudiyevlə söhbətimizdə də cənab səfir bildirdi ki, bu kimi tədbirlər silsilə şəklində davam etdiriləcək. Azərbaycan ordusu yalnız Azərbaycandakı soydaşlarımız üçün deyil, ölkəmizdən kənardakı azərbaycanlılar üçün də olduqca doğmadır və harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu günü sevinc hissi ilə qeyd etməyi özünə borc bilir.

-Ukraynanın bir dövlət olaraq Azərbaycan üçün önəmi haqqında nə deyə bilərsiniz?

-Ukraynanın bizim üçün önəmi olduqca böyükdür. Ukrayna Avropada ərazisinə görə Rusiyadan sonra ikinci dövlətdir. Ukrayna xalqı tarixən bizə yaxın olan bir xalqdır. Ukraynada 500 min azərbaycanlı yaşayır. Hansı ki, onlar orada özlərini komfordda hiss edirlər. Mən Poroşenko cənabları Bakıda olanda Milli Məclisdə onu salamlayan zaman bu məsələni qeyd etdim. Mən ona bildirdim ki, Ukraynadakı soydaşlarımız rəhbəri olduğunuz dövlətin inkişafı üçün əlindən gələni edəcək. Ona görə ki, orada yaşayanlar həyatlarından çox razıdır. Mən qeyd etdim ki, Azərbaycandan sonra azərbaycanlıların özlərinin rahat hiss etdikləri ikinci ölkə Ukraynadır.

-Rüfət bəy, Ukraynada erməni dilində bəzi mətbuat orqanları fəaliyyət göstərir. Hansı ki, Azərbaycan dilində bu cür mətbuat orqanları yoxdur. Sizcə Azərbaycan dilində mətbuat orqanının təsis edilməsi istər oradakı azərbaycanlıların, istərsə də ölkəmizin maraqları baxımından nə dərəcədə zəruridir?

-Bilirsiniz, problem ondadır ki, diasporlarımız arasında böyük bir şaxələnmə var. Bu diasporların bəzisinin içərisində müəyyən problemlər mövcuddur. Bu da hər kəsə bəllidir. Yəni mən bu məsələni vurğulamaqla sirr açmıram. Ulu öndə Heydər Əliyevin zamanından dövlətimiz diaspor təşkilatlarının formalaşmasına, təşkilatlanmasına yardım edib, bu istiqmaətdə böyük işlər görüb. Lakin əfsuslar olsun ki, bu günə qədər istər Ukraynada, istər Rusiyada, istərsə də başqa ölkələrdə Azərbaycan diasporunun birliyi arzuedilən səviyyədə deyil. Deyərdim ki, ermənilər bu məsələdə müəyyən qədər bizi qabaqlayır. Biz öz zəif yerlərimizi bilməli və bunları aradan qaldırmağa cəhd etməliyik. Dediyim kimi, böyük işlər görülüb. Lakin unutmayaq ki, ermənilər bu prosesə 200 il bizdən qabaq başlayıb. Biz isə sadə, mərd, ürəyiaçıq insanlar olduğumuz üçün heç vaxt belə şeylərə önəm verməmişik. Bu məsələni qaldıran ulu öndərimiz oldu. O bizi ayıltdı. Özü də 90-cı illərdə deyil, 1969-cu ildə ayıltdı. Bizi bir millət kimi formalaşdırmağa başladı.

Baxın, biz assimilyasiyaya gedən xalq deyilik. Ermənilər isə gedir. Assimlyasiyaya gedir, lakin etnik erməni olduğunu, damarlarında müəyyən qədər erməni qanı axdığını da unutmur. Bəlkə də Azərbaycanla Ermənistan arasında münaqişə olmasaydı, buna ehtiyac da olmazdı. Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, nə qədər ki, ölkəmizə qarşı təcavüz siyasəti davam edir, bu müddət ərzində düşmənin işğalçılıq siyasətinə qarşı mübarizəmizi davam etdirəcəyik. Habelə, yaşadığımız faciələri əsas tutaraq gələcəkdə daha ehtiyatlı və tədbirli olmalıyıq. Odur ki, biz mətbuat orqanının yaradılması məsələsini də diqqətdə saxlamalıyıq.

Doğrudur, Ukraynada Azərbaycanın maraqlarına uyğun müəyyən qəzetlər çıxır. Lakin onların tirajı və nüfuzu böyük deyil. Halbuki, birləşsək, daha böyük işlər görərik. Böyük təsir imkanı olmayan 10 qəzetin dərcindənsə, bir böyük qəzetin fəaliyyəti daha məqsədəuyğundur. Aramızdakı birlik bu problemi də həll edə bilər. O yerdə ki, söhbət Azərbaycanın maraqlarından, prezident İlham Əliyevin siyasətinə dəstəkdən gedir, burada birliyimiz sementdən də möhkəm olmalıdır. Bu məsələdə monolit olmaq şərtdir.

-Rüfət bəy, Ukraynadakı azərbaycanlılar bu ölkənin ictimai-siyasi həyatında yetərincə fəal iştirak edirmi? Parlament və hökumətdə azərbaycanlıların təmsilçiliyi nə dərəcədə önəmlidir?

-Bu suala cavab vermək üçün Ukrayna parlamentində erməni və azərbaycanlıların nisbətinə baxmaq kifayətdir. Ukrayna parlamentində bir neçə erməni olsa da, bir dənə də olsun azərbaycanlı yoxur və bu, şəxsən mənə çox ağır gəlir. Bunun isə sadə bir səbəbi var. Ermənilər sayca bizdən 2-3 dəfə az olsa da, bizdən daha çox birləşiblər.

Vilayət şuralarında azərbaycanlılar çoxdur. Vilayətlərdə azərbaycanlıların nüfuzları həqiqətən də çoxdur. Ancaq bizə lazımdır ki, Ali Radada heç deyilsə, 1-2 nəfər də olsa azərbaycanlı olsun. Qondarma erməni genosidi məsələsi meydana çxıanda Azərbaycan dövləti öz nüfuzundan istifadə edərək, türklərlə birləşərək bu məsələnin müzakirəsini əngəlləməyə məcbur olur. Lakin Ali Radada azərbaycanlı deputatlıar olsa, bu və buna bənzər hallar zamanı vəziyyətə daha operativ və təsirli reaksiya vermək olar.

Hökumət strukturlarında kifayət qədər azərbaycanlı var. Lakin parlamentdə təmsilçilik də olduqca vacibdir. Çünki siyasi məsələlər daha çox parlamentdə həll olunur.

-Ukrayna ilə Azərbaycan arasında ticarət əlaqələrin inkişafı səviyyəsində nə yerdədir? Biznes münasibətlərinin hazırkı səviyyəsi sizi qane edirmi?

-İki ölkə arasında ticarət əlaqələrinin həcmi 800 milyon dolları keçib. Hədəf bu rəqəmi 1 milyarda çatdırmaqdır. 2010-cu ildə bir milayrd 600 milyon idi. Lakin bəzi məsələlərdən sonra bu rəqəm aşağı düşməyə başladı. Bu rəqəmin yenidən yüksəldilməsi, ticarari əlaqələrin genişləndirilməsi qarşıda əsas vəzifələrdən biridir.

-Erməni diasporunun uzun illərdir ki, Ermənistana davamlı maliyyə yardımı göstərdiyini əsas gətirən bəzi vətəndaşlar hesab edir ki, Azərbaycanda vəziyyət əksinədir. Yəni diaspor təşkilatları dövlətə dəstək vermək əvəzinə, dövlət diaspor təşkilatlrına maliyyə yardımı göstərir. Bilmək istərdik ki, sizcə kim-kimə dəstək durmalıdır, diaspor dövlətə, yoxsa dövlət diaspora?

-Burada yol ikitərəflidir. Ermənilər üçünsə bu yol bitərəflidir. Tarixən xaricdə yaşayan imkanlı ermənilər öz dövlətlərinə yardım ediblər. Şarl Aznavur iki fabrik tikdirdi. Indi buna peşmandır. Harri Kasparov Bakıda böyüyüb, buranın çörəyini yeyib. O vaxta ulu öndərimiz Heydər Əliyev Azərbaycanda I katib idi və H.Kasparova Şahmat məktəbi tikdirdi. Ona hər cür dəstək verdi. H.Kasparov dünya çempionu oldu. Lakin o öz tacını sataraq pulunu Ermənistana keçirdi. Hansı ki, o tac Azərbaycanın hesabına qazanılmışdı.

Ukraynada yaşayan soydaşlarımız kifayət qədər imkanlıdır. Lakin bu o demək deyil ki, dövlət diasporlara kömək etməli deyil. Dövlət diasporlara daha çox mənəvi dəstək göstərməlidir. Ukraynada yaradılan diaspor təşkilatlarının özünün kifayət qədər maddi təchizatı var. Onlar özləri-özlərini maliyyələşdirə, istənilən tədbiri keçirə bilərlər. Lakin bütün bunlar dövlətimizin məqsədyönlü, koordinasiyalı siyasəti altında reallaşmalıdır. Dövlətin diasporlara maddi yardım göstərməsinə bir şərt kimi yanaşmaq yanlışdır və bu, mümkün də deyil. Elə ölkə ola bilər ki, orada imkanlı azərbaycanlıların sayı azdır və oradakı diaspora müəyyən müddət üçün maddi yardım göstərməyə ehtiyac var. Ukraynadakı diaspor təşkilatları ilə bağlı isə belə bir ehtiyac yoxdur.

-Rüfət bəy, bir neçə ay bundan öncə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində dəyişiklik edildi və millət vəkili Fuad Muradov bu komitənin sədri təyin edildi. Sizcə bu təyinat diasporlarla iş müstəvisində müsbət dəyişikliklərə səbəb olacaqmı?

-Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri vəzifəsinə təyinatını alqışlayıram və hesab edirəm ki, bu təyinat diasporla iş sferasında da ciddi uğurlara səbəb olacaq. Bizim gənc, perspektivli kadr kimi F.Muradovdan gözləntilərimiz daha çoxdur və düşünürəm ki, bu gözləntilərimiz özünü doğruldacaq. Çünki diaspor təşkilatlarımızla işin yeni, daha çevik və effektiv şəkildə qurulmasına ehtiyac var və məncə, F.Muradov bu işin öhdəsindən müvəffəqiyyətlə gələcək.

-Rüfət bəy, səhv etmiriksə, sizin tələbəlik həyatınız da Ukrayna ilə bağlıdır. Ali təhsili bu ölkədə almısınız. Və çox güman ki, bu amil Ukraynanı sizə daha doğma, daha yaxın edir...

-Bəli. Mənim tələbəlik həyatım Ukrayna ilə bağlıdır. Mən ali təhsili bu ölkədə almışam və bu gün də vaxtiylə təhsil aldığım Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoruyam. Sizə daha bir maraqlı fakt deyim. Bu günkü Azərbaycan hökumətinin təxminən ¼-ni Ukraynada təhsil alan şəxslər təşkil edir. Bizim maliyyə nazirimiz, xarici işlər nazirimiz də Ukraynada ali təhsil alıb.

Bunu da qeyd edim ki, ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində gənclərin SSRİ-nin qabaqcıl institutlarında təhsilinə böyük önəm verirdi. Məhz onun səyi nəticəsində yüzlərlə, minlərlə azərbaycanlı Ukraynanın, Rusiyanın qabaqcıl ali məktəblərində təhsil aldı. Və mənim üçün sevindiricidir ki, H.Əliyev dönəmində təhsil alan şəxslərdən biri də mən olmuşam.

-Bəzi siyasilər iddia edir ki, Krım problemi Ukraynanın Qarabağ dərdini daha yaxşı, daha dərindən anlamasına yardım etdi. Bu qənaəti bölüşürsünüzmü?

-Belə bir məsəl var: başına gələn başmaqçı olar. Ukrayna bizi hər zaman müdafiə edib. Beynəlxalq tribunalarda bir platformadan çıxış etmişik. Amma Ukrayna deputatları Krım olaylarından sonra özləri şəxsən mənə etiraf etdilər ki, biz ancaq indi başa düşürük ki, siz nə əziyyətlər çəkmisiniz. Bu baxımdan deyilən fikirlərlə şərikəm.

-Rüfət bəy Qarabağ problemi ilə bağlı düşüncələriniz nədən ibarətdir? Sizcə sülh danışıqları nəticə verməsə, Azərbaycan bu problemi hərb yolu ilə qısa zamanda ortadan qaldıra bilərmi?

-Biz bilirik ki, bizimlə üz-üzə duranın adı ermənidir. Məsələnin mahiyyəti fərqlidir. Onları himayə edən qüvvələr var. Aprel döyüləri və Günnüt əməliyyatı göstərdi ki, Azərbaycan SQ-ləri düşmən qüvvələrindən bir neçə dəfə güclüdür. Əslində bizim hərbi büdcəmizin Ermənistanın ümumi dövlət büdcəsindən çox olması faktı bu məsələdə hər şeyi deyir. Ali baş komandan əmr verərəsə, Azərbaycan ordusu 48 saat ərzində işğaldkı bütün torpaqlarımızı azad edə bilər. Ermənilər bu güc qarşısında davam gətirə bilməyəcəklər.


Seymur Əliyev






SON XƏBƏRLƏR

2018-09-25