2018-07-05 14:11:26   |   2169 dəfə oxunub

“Cəmiyyətin 20 faizi qəddarlaşıb”

Türk psixoloq Arif Verimli: “Bunun qarşısını ancaq təhsillə, tərbiyə ilə almaq olar”

“İnsanın gələcəkdə cəmiyyətə qarşı olacağı uşaqlığından bilinir”



"Məktəb açıb, buyurun, oxuyun, təhsil alın, deməklə iş bitmir. İnsana insan kimi dəyər vermək lazımdır. İnsanı sevməkdən başlayır hər şey”


Son günlər Türkiyənin müxtəlif bölgələrində azyaşlı uşaqlara qarşı təcavüz hallarının artması Azərbaycan insanını da dərindən sarsıdıb.

8 yaşlı Eylül, 4 yaşlı Leyla... uzun sürən axtarışlardan sonra ölü halda tapıldılar. Bu körpələrə təcavüz edilib-edilmədiyi hələ dəqiqləşməyib. Lakin körpə balalar kimlərsə tərəfindən öldürülüb. Türkiyə günlərdir, bu faciələrdən danışır. Əfsus ki, bu iki hadisə faciələrin yalnızca davamıdır. Bundan öncə də oxşar hadisələr tez-tez baş verirdi. Hətta Türkiyə hökuməti uşaq təcavüzkarlarına qarşı ən sərt cəzalar tətbiq etməyi planlaşdırır və bunun üçün qanunvericiliyə mümkün dəyişikliklər ediləcək.
Hər kəsi düşündürən sualsa budur; niyə, nədən insanlar bu qədər qəddarlaşıb. İnsan hansı ruh halında ola bilir ki, körpə uşağa işgəncə edib öldürsün?

Türkiyənin tanınan teleaparıcılarından biri - Buket Aydın psixologiya üzrə professor Arif Verimli ilə məhz bu mövzuda söhbət edib. Oxucularımız və ümumilikdə cəmiyyət üçün faydalı ola biləcəyini nəzərə alıb müsahibəni müəyyən ixtisarla təqdim edirik.

"Türklərin ən böyük problemi özünəgüvən əskikliyidir”

Buket Aydın: Hər axşam saat 19:00-da sizlərlə (tamaşaçılarla - red) görüşə gəlirəm. Hər dəfə də sıx-sıx şiddət olaylarına yer vermək zorunda qalır, həm özüm üzülürəm, həm də sizləri üzürəm; köpəyin, pişiyin ayağını kəsən, uşaqları qaçıran, sevdiyini iddia etdiyi qadını öldürən... Hər gün ayrı bir vəhşət, bitməyən dəhşətlər. Amma nədən?

- Türkiyəyə, türk insanına nə olub?

Arif Verimli:

- Vallah, şəxsi qənaətim budur ki, Türkiyəyə bir şey olmayıb. Türkiyənin sərmayəsi, insan deposu zatən bu. 80 milyonluq əhalinin 79 milyonunun kişilərdə ömrünün yalnız 4.2 ili, qadınlarda isə 2.7 ili təhsildə keçir. Ətrafda savadsız insanlar o qədər çoxdur ki, onlardan sağlam düşüncə gözləmək o qədər də mümkün deyil.

- Təhsil olmayan yerdə, mərhəmət hissi, insani duyğular gözləməyə dəyməz, deyirsiniz?

- İnsanın doğuşdan sahib olduğu duyğular var. Lakin bu duyğuları yönləndirmək, problemləri çözmək baxımından təhsil səviyyəmiz aşağıdır.

- Bir insan heyvana nədən zərər verir? Bunun "altında yatan” nədir?

- Onurğalılara xas təməl keyfiyyətlər bunlardır: birincisi, qidalanmaq. İstər insan olsun, istərsə də it, pişik, hansısa başqa heyvan. Qidalanmadan yaşaya bilməz. İkinci, cinsi istək. Üçüncüsü, qaçmaq. Dördüncüsü, hücum etmək. Bu hiss daha çox özünümüdafiə zamanı üzə çıxır. Məsələn, istənilən heyvan özünü müdafiə edərkən insana saldırır, hücuma keçir, insanın üzərinə yeriyir. Bütün bu hisslərə hakim olmaqda zorlanan insanlarda da təcavüzkarlığa hər zaman və hər formada rastlanır.

- Daha çox hücuma məruz qalan obyekt və subyektlər məlumdurmu?

- Əşyaya da ola bilir, ətraf mühitə, amma ən çox rastlanan məhz heyvanlara təcavüzdür. Hətta çox önəmli bir şey də söyləyəcəm; insan ruhi bütövlüyünü qorumaq, daxili təlatümlərdən qaynaqlanan şiddətli kədər duyğusunu aşa bilmək, daha çox məqbul görə bilmək üçün bir sıra üsullardan istifadə edir. Pataloji olaraq nümunə çəksəm, reqresiyon müdafiə üsulu bunlardan biridir, yəni, yetişkin bir insanın uşaqlıq çağına dönməsi.

"Futbol da təcavüzün bir topa yönəlik halıdır”

- Reqresyon - tənəzzül üsulu nədir?

- Reqresyon daxildə sublimasyonu - yəni, əzəməti, ucaltmağı saxlayır. Məsələn, ovçuluq, futbol bir sublimasyondur. Əzəmətli təqdim edilir. Ucaldılır. Halbuki, futbol təcavüzün topa dönüşmüş halıdır. Futbol topunu gün ərzində davamlı təpikləyirlər. Ovçuluq da alqışlanır. Halbuki içində təcavüz, hücum, başqa bir canlını öldürməyi gizlədir. Cəmiyyətsə bu tücavüzləri, hücumu olduğu şəkildə qəbul edir.
- Heyvanlara qarşı şiddət psixoloji problemdən qaynaqlanırmı? Bu adamlar psixopat sayılmalıdırmı?

- Bir tərəfdən, bəli. Psixopatlıq xalq dilində işlədilən terminlərdən biridir. Bizsə buna anti-sosial (assosial) şəxsiyyət pozuqluğu, bir anlamda şəxsin ətrafa nifrət etməsi, cəmiyyətdən təcrid olması, cəmiyyətlə, ətrafdakı insanlarla ünsiyyət yaratmaması, deyirik.

- Amma belədə daha normal bir şey kimi səslənir...
- Heç də normal deyil. Assosiallıq şəxsin cəmiyyətə, topluma qarşı olmasıdır. Bu, çox dəhşətdir. Özünə də zərər verir, insanlara da, digər canlılara da. İnsanın gələcəkdə cəmiyyətə qarşı olacağı uşaqlığından bilinir.

- Bəs ailə bunun fərqində olursa, qarşısını ala bilməzmi?

- Buna yalnız təhsillə qarşı qoyulmaya bilər. Çünki yaradılışdan, genlərdən gələn şey bu. Onlar belə doğulurlar. Beyinləri belə çalışır.

- Deyəsən, sayları heç də az deyil..
.
- Heç az deyillər. O qədər çox, o qədər yayqın ki! Cəmiyyətdə 20 faizə qədər assosiallıq duyğusu daşıyan insanlar görə bilərsiniz.

- Bəs ailə uşağın assosial olub-olmadığını necə anlaya bilər?

- Assosial uşaqlar uyumsuz olur. Lazım olanın əvəzinə, lazım olmayanı, etməli olmadığı işi görürlər. Çox hirsli davranır, uşaq çağından heyvanlara əziyyət edərlər. Məsələn, pişiyin quyruğunu benzin töküb yandırır, alovlanan pişiyin qaçmasına da qəh-qəhə çəkib gülürlər. Ya da quş balasını 20-ci mərtəbədən aşağı buraxır və bundan həzz alırlar.

- Anası, atası normal olan uşaq doğuşdan bu cür ola bilirmi?

- Ola bilir. Bunu önləyəməzsiniz. Ancaq təhsillə, tərbiyə ilə dəyişə, mənfi hissləri azalda bilərsiniz.
- Belə bir uşağın içindəki hirsi, nifrəti idmana, futbola yönləndirməklə ailə doğru qərar vermiş olurmu?

- Futbol oynasa, əlamətləri bir az azalır. Amma məlum nüvəni yenə saxlayacaq. Məsələn, bir arzusu, istəyi yerinə yetmədiyində, əcaib bir hirs, əsəb, öfkə partlaması olur. Gedər, hakimə kəllə atar, məsələn.

"Şiddətdən danışıldıqca, bəzilərini bu işə həvəsləndirir”

- Yaxşı, təcavüzkar insanlardan özümüzü necə qoruyaq?

- Özünümüdafiə idmanı ilə məşğul olmalıyıq. Başqa yolu yoxdur. Fiziki baxımdan qorunmaq lazımdır.

- Bu tip insanlar psixoloji şiddət də edərmi?

- Onların psixoloji şiddəti də hirs, öfkədir. Bir anın içində vurub-yıxar.

Baxın, türk insanının ən böyük problemi özünəgüvən əskikliyidir. Belə adamlar utancaq, çəkingən, içinə qapalı, cəmiyyət arasında heç də özünü rahat hiss etməyənlərdir. Türk insanı düşüncə tipi etibariylə davamlı keçmiş günləri düşünən, keçmişdə baş verən xoşagəlməz hadisələrə üzülən, yalnız bəyənilməyi gözləyən, bunun üçün də heç bir iş görməyən, çalışmayan, səy etməyən biridir. 40 illik peşəmdə əldə etdiyim nəticə budur.

- "Qara xəbərlər”imiz niyə çoxdur bəs?

- Sosial mühakimə əskik çünki. Buna görə də yanlış qərarlar veririk. Yanlış başqa bir yanlışı doğurur.

- Bunun qarşısını almaq mümkünmü?

- Təlim-tərbiyə, təhsil lazımdır. Həm də ciddi. Məktəb açıb, buyurun, oxuyun, təhsil alın, deməklə iş bitmir. İnsana insan kimi dəyər vermək lazımdır. İnsanı sevməkdən başlayır hər şey. Təhsil vermək lazımdır, dedikdə, bunu nəzərdə tuturam.

Baxın, yalnız realistlər həyatını yaşayır. İşgəncələri kimlər, nə üçün edir, bunun qarşısını necə almaq olar, deyə düşünmək həyata ən realist yanaşmadır. Reallıqdan qaçaraq yaşamaq mümkün deyil. İnsanın tipik özəlliyi realist olmasıdır. Kopyalama riski onsuz da var. Kimsə bunu təkrarlayacaq deyə, hansısa bədbəxt hadisəni, faciəni gizləmək, xəbər verməmək də düzgün deyil. Buna meyilli adam, bu işi görməsə də, başqa bir iş edəcək. Adam zatən assosial. Şiddət haqqında nə qədər çox danışılırsa, bir o qədər başqalarını təsir altına alır.

Hazırladı: Məlahət Rzayeva









SON XƏBƏRLƏR

2018-11-20