2018-07-06 13:44:17   |   1290 dəfə oxunub

“Tamaşaçının hüquqlarını poza bilmərik”

Məryəm Əlizadə: “18+ tamaşalarına gedib baxan varsa, demək tələbat var”

“Mən bir teatrşünas kimi məsuliyyətlə deyə bilərəm ki, burda təşvişə düşəsi bir təhlükə görmürəm”



Son illər dünya teatr səhnələrində 18+ tamaşalarının təqdimatı həm maraqla izlənilir, həm də bu kimi tamaşalara tələbat, maraq çoxalıb deyə, hətta müsəlman ölkələrinin səhnələrinə belə yol açmağa başlayıb. Azərbaycan teatr tarixinin öz izi, dəsti-xətti var. Teatr bir cəmiyyətin göstəricisi sayıla bilər. Çünki deyirlər ki, elə mədəniyyət teatrdan başlayır. Təbii ki, mədəniyyətə, teatra yanaşma da Azərbaycanda fərqli olub. Kimisi səhnəyə çıxana "artist”, kimisi isə sənətkar kimi baxa bilib.

Yanaşma fərqli olduğu qədər, teatra münasibət də birmənalı olmayıb. Kimisi üçün teatr vacib, bir digəri üçün isə lazımsız görünə bilər. Amma teatr ölməz bir sənət növü sayılır ki, bu həqiqəti də dəyişmək mümkün deyil. Təbii ki, şərq ölkələrinin hər zaman psixologiyasında, düşüncə tərzində milli dəyərlər, əxlaq kimi məsələlər önəm kəsb edib. 

Bəli, bəlkə də bu, vacib keyfiyyətlərimizdəndir. Amma bəzən milli dəyərlərin anlamını dərk edə bilmədən, onu primitivləşdirməyə də meyilli oluruq. Bir neçə il əvvəl İngiltərədən gələn teatrın təqdimatında 18+ tamaşası Azərbaycan tamaşaçısına təqdim ediləndə cəmiyyətdə birmənalı münasibət olmadı. Az qala bu tamaşaya görə bütünlükdə Azərbaycan teatr dünyasını daş-qalaq etmək istəyənlər də oldu. Amma o tamaşanı izləyənlər arasında teatrın ciddi bir mədəniyyət sahəsi olduğunu, təqdim olunan səhnənin sırf estetik məqamlarını görə bilənlər də tapıldı.
18+ tamaşası bir müddət sonra öz teatrlarımızdan birində daha fərqli tərzdə təqdim edildi. Yenə birmənalı yanaşma olmadı. Amma teatr tariximizdə bu oldu.

Azərbaycan Dağınıq Oda (ADO) teatrı ölkənin ilk 18+ tamaşası olan "MimOda”nı təkrar nümayiş etdirəcək.

Tamaşa iyulun 6-sı saat 20:00-da ADO teatrında göstəriləcək. Tamaşadakı rolları fransız aktrisa Elsa Furtado və azərbaycanlı aktyorlar Elmin Bədəlov, Sabir Vol Məmmədov canlandırır. Səhnə işinin rejissoru isə İmam Həsənovdur.

Qeyd edək ki, ideyası ADO-ya məxsus olan tamaşanın premyerası 2015-ci ildə olub.
Azərbaycan tamaşaçısı 18+ tamaşasını bu gün izləməyə hazırdımı? Nəzərə alsaq ki, 18+ tamaşaları Azərbaycan tamaşaçısı üçün ənənəvi tamaşa sayılmır, o zaman sual yarana bilir - "bu kimi tamaşaları təqdim etmək lazımdırmı” sualları ilə teatrşünas-alim Məryəm Əlizadəyə üz tutduq. 

"Şərq”ə açıqlama verən Məryəm Əlizadə "Dağınıq Oda Teatrının fəaliyyətindən xəbərim var. Avropada bu kimi tamaşaları normal izləyə bilirlər. Bilirsinizmi, elə hesab edirəm ki, tamaşaçı hüquqları deyilən bir anlayış var. 

Bizim tamaşaçının o müstəqilliyini məhdudlaşdırmaq haqqımız yoxdu. Seçim tamaşaçının ixtiyarına verilməlidi. Biz mədəniyyət sahəsində baş verən bu hadisələrə çox sakit yanaşmalıyıq. Dünyada bu kimi tamaşaların təqdimatı normaldısa, Azərbaycan da bu dünyanın bir parçasıdır. Azərbaycan demokratik, dünyəvi ölkədir. Bu gün dinamik bir dünyada yaşayırıq. Zamandan, həyatımızda, ətrafımızda baş verən hadisələrdən geri qalmaq, dünyada baş verənlərdən kənarda qalıb baxmaq düzgün seçim deyil. 

Bu teatrın da öz tamaşaçısı var. Görünür ki, bu tamaşa yenidən teatr səhnəsində təqdim olunursa, demək ki, buna da tələbat var, bu teatra da gedənlər var. İstərdim bunu müzakirəyə qoymadan qəbul edək. Bəlkə teatrın bugünkü təbliği düzgün qurulmayıb? Ona görə də tamaşaçının seçimi ən doğrusu olar. O tamaşaya baxmaq istəyən tamaşaçının hüquqlarını da poza bilmərik. Deyə bilmərik ki, buna baxma. Teatr səhnəsində təqdim olunan istənilən səhnə estetik meyarlara köklənirsə, onu çirkin görmək doğru deyil. Yenə qeyd edirəm, mən teatrşünasam deyə Azərbaycan səhnəsində olan bütün teatrlara, tamaşalara gedib baxmalıyam. 

Bu mənim işimdi, peşəmdi. Amma adi tamaşaçıya gəlincə, onun da seçim hüququ olduğundan biz qadağa qoya bilmərik. Tamaşaçı teatra gedir, pis və ya yaxşı, yalnız o qiymət verə bilər. Biz buna çox sakit yanaşmalıyıq. Müzakirəyə qoymamalıyıq. Qınamaq haqqımız yoxdu. Mən bir teatrşünas kimi məsuliyyətlə deyə bilərəm ki, burda təşvişə düşəsi bir təhlükə görmürəm. Tamaşaya ilk dəfə baxmamışam. Amma bu dəfə mütləq izləməyə gedəcəm. Təbii ki, bir tamaşaçı olaraq da izlədikdən sonra şəxsi fikrim də olacaq. 

Amma teatrda hər bir səhnəyə estetik bir baxış formalaşdırmaq lazımdır. Görünür, orda təqdim olunan səhnələrə də tamaşa kontekstindən kənar baxmaq düzgün deyil. Tamaşanı izlədikdən sonra isə təbii ki, münasibətim da olacaq. 

Teatra getmək isə insanın mənəvi mədəniyyətini bir qədər də zəngin edir. Mən tövsiyə edərdim ki, teatra getmək ənənəsi bizdə yenidən yaransın. Çünki əvvəllər bizdə, ailələrdə teatra getmək ənənəsi yaranmışdı, gənclər teatra maraq göstərirdi. Bu günün gəncliyi də teatra getmək ənənəsini yaratmalıdı özündə. İnanın, bu onların mənəvi dünyalarının zənginləşməsinə müsbət təsir göstərə bilər”.

Tahirə







SON XƏBƏRLƏR

2018-11-21