2018-07-07 17:39:22   |   977 dəfə oxunub

Fədayə Laçının səhhətində ciddi problem yaranıb ?

Bacısı məhbus müğənni haqqında az danışdı



İki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın, Penitensiar Xidmətinin əməkdaşlarının, Əli Ağaminin və digərlərinin barəsində başladılan cinayət işinin istintaqı başa çatıb. İşin ibtidai istintaqı Ağır Cinayətlərə dair İstintaq İdarəsində başa çatdırılıb.

Vəkillər işlə tanış olur. Cinayət işi yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

 Qeyd edək ki, ötən il noyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qaçan məhbuslarla bağlı Penitensiar Xidmətin 10 əməkdaşı orqanlardan xaric edilib, 3 nəfər vəzifədən azad olunub. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.
Məhkəmə qarşısına çıxacaq müğənni Fədayə Laçının bacısı İlahə Fəda ilə əlaqə yaratdıq. İlahə Fəda "Şərq”ə açıqlamasında bildirdi ki, istintaq işini bitirib, məhkəməni gözləyirik: "Bacımla istintaq dövründə qanun çərçivəsində ailə üzvləri olaraq görüşmüşük. Səhhətində hazırda problemi yoxdur. Məhkəmənin qərarını gözləyirik”. 

Bacısı barədə çox danışmaq istəməyən İlahə Fədadan soruşduq ki, anası necə, bu müddətdə qızı ilə görüşə gedibmi? Fədayə Laçının oğlu anası ilə istintaq dövründə görüşübmu? Fədayə Laçın oğlunu kimə etibar edib? İlahə Fəda bildirdi ki, anası bacısının tutulduğu gündən çox narahatdı:

 "Hər bir ana kimi bizim də anamızın üzərimizdə əməyi, zəhməti olub. Anadır, təbii ki, hamıdan çox o yanır. Hansı ana istər ki, qızı həbsdə olsun. Bu, anam üçün böyük dərddi. Qaldı oğluna, təbii ki, Fədayənin oğlu anamın yanındadır. Anam ona baxır. Biz də nəzarətsiz qoymuruq. Fədayənin oğlu da anası ilə görüşə gedib. İnşallah ədalət, haqq yerini tapar. Allah hamının qapısını açsın”.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18