2018-07-10 12:09:00   |   271 dəfə oxunub

Türkiyənin seçilən deputatları and içdi

Mərasim bir sıra maraqlı məqamlarla yadda qalıb



Ötən gün Türkiyə Böyük Millət Məclisinin yeni deputatları üçün andiçmə mərasimi keçirilib. Mərasim bir sıra maraqlı məqamlarla yadda qalıb. Əvvəlcə bildirək ki, Məclisi idarəetmə qərarı alan CHP-li millət vəkili Dəniz Baykal son anda qərarından vaz keçib. Prosedura uyğun olaraq, parlamentin açılışını ən yaşlı deputat, İYİ Partiyanın üzvü Durmuş Yılmaz idarə edib. Vəkillər içərisində ilk andı elə Durmuş Yılmaz edib.

Yılmaz and içəndən sonra necə and içiləcəyi barədə digər millət vəkillərinə xəbərdarlıq edib. Bu arada məlum olub ki, baş nazir Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədrliyinə namizədliyini rəsmən irəli sürüb. Müraciət sənədini AKP nümayəndələri parlamentin baş katibi Əli Kumbuzoğluna təqdim ediblər. 5 gün ərzində digər namizədlər də müraciət etdikdən sonra 12 iyulda parlamentin sədrliyi üçün səsvermə keçiriləcək.

"İYİ”lər Dövlət Baxçalının əlini öpdü, Akşener qəzəbləndi...

Millət vəkillərinin andiçmə mərasimi zamanı maraqlı anlar yaşanıb. Mərasim davam edərkən, MHP başqanı Dövlət Baxçalı parlamentin iclas keçirilən salonunu tərk edib. Bu zaman ayağa qalxan İyi Partiyanın millət vəkili Həyati Arkaz yaxınlaşaraq, Baxçalının əlini öpüb. İzmir millət vəkili Müsavat Dervişoğlu, İstanbul millət vəkili Koray Aydın və başqa bir deputat isə MHP liderinin qarşısında əyilərək, onun əlini sıxıblar. İndiki "İYİ Parti”li millət vəkillərinin eks rəhbərləri Baxçalının əlini öpmələri, onun qarşısında təzim etmələri Meral Akşenerin sərt reaksiyasına səbəb olub. Hətta Akşener bununla bağlı rəsmi açıqlama da yayıb. Bildirib ki, bu cür hərəkət edənlərin bundan sonra "İYİ Parti”də yeri yoxdur: "Mən siyasi nəzakəti çox yaxşı bilirəm. Ancaq bu hərəkətlər siyasi nəzakət deyil. Partiyamıza "FETÖ”-çü, "ipsiz-sapsız” deyən və hətta, partiyamızın liderinin namusuna dil uzadanlara hörmət, ehtiram göstərmək olmaz. Dəyərlərimizə sadiq qalanlar yanımızda yer ala bilər. Bu dəyərləri bölüşməyənlər isə dərhal "İYİ Parti”yanı tərk etsinlər”. Hələlik yaşananlarla bağlı MHP-dən və Baxçalıdan reaksiya gəlməyib.

Akşener İncəyə səs verməyə çağıran təşkilat sədrini qovdu

"İYİ” Partiyanın Osmaniyə şəhər təşkilatının sədri İbrahim Çapar vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb təşkilat sədrinin 24 iyunda keçirilən prezident seçkilərində partiyadaşlarını lider Meral Akşenerə deyil, CHP-nin namizədi Məhərrəm İncəyə səs verməyə yönləndirməsi olub. Bu barədə "whatsapp”dakı yazışmalar sosial şəbəkədə yayıldıqdan dərhal sonra "İYİ” Partiyanın Mərkəzi Aparatı İbrahim Çaparın vəzifədən çıxarılmasına qərar verib.

"İYİ” funksioneri Özdağın açıqlaması CHP-ni əsəbiləşdirdi

"İYİ”Partiyanın sədr müavini Ümit Özdağ "Millət İttifaqı” ilə əlaqədar sensasiyalı açıqlama verib. Özdağ "CHP ilə ittifaq bizə səs itkisinə səbəb oldu” deyib: "Bizim yetərli səs yığa bilməməyimizin səbəbi CHP-dir. Hədəfimizə nail ola bilmədik. Bunun da səbəbləri var. Siyasətdə peşmanlıq yoxdur, yolumuza davam edəcəyik. Sadəcə düşünürəm ki, əgər Səadət və Demokrat partiyaları ilə ittifaq etsəydik, daha çox səs toplaya bilərdik”.

PKK liderinin qardaşı oğlu TBMM-də and içdi

Parlamentə keçirilən andiçmə mərasimində PKK lideri Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan da iştirak edib. Ömər Öcalan HDP-nin Şanlıurfa millət vəkili kimi and içib. Türkiyə ictimaiyyəti terrorçu başının ailə üzvünün Məclisdə çıxış etməsini kəskin etirazla qarşılayıb və buna görə CHP sədri Kamal Kılıçdaroğlunu tənqid ediblər. Xatırladaq ki, CHP-nin səslərinin bir qisminin HDP-yə yönləndirilməsi sayəsində terrorçuların siyasi qolu parlamentdə təmsil olunmağa haqq qazanıb.

Kılıçdaroğlu CHP vəkillərinə danışmağı qadağan etdi

Məclisdə keçirilən andiçmə ilə yanaşı Türkiyənin müxalif partiyalarında da maraqlı olaylar yaşanıb. CHP sədri Kamal Kılıçdaroğlu prezidentliyə namizəd Məhərrəm İncə ilə aralarında cərəyan edən proseslərlə bağlı partiya üzvlərinin mətbuata icazəsiz açıqlama verməsini qadağan edib. Qrup toplantısında danışan Kılıçdaroğlu deyib ki, mətbuata danışan şəxslər əvvəlcə sədrlərinə məlumat verməlidirlər: "Hamı nizamlı şəkildə hərəkət etməli, partiya intizamına əməl etməlidir. Partiyadaxili münaqişələr partiyanın daxilində qalmalıdır. Hərənin öz kefinə görə danışmasını düzgün hesab etmirəm”.

Məhərrəm İncəyə növbəti zərbə..

CHP-nin yekun qərarına görə, parlamentdə partiyanın sədr müşavirləri vəzifələrini Engin Altay, Özgür Özel və Engin Özkoç davam etdirəcək. Məhərrəm İncənin yaxın ətrafından sayılan Yaşar Tüzün Türkiyə Böyük Millət Məclisinin spiker müavini postuna namizədliyi isə verilməyib. Onun əvəzinə Ankaradan deputat seçilən Levent Gök namizəd olaraq göstərilib. Ekspertlər Kılıçdaroğlu tərəfindən alınan qərarların Məhərrəm İncənin ətrafının təmizlənməsi kimi dəyərləndiriblər.

İsmayıl










SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20