2018-07-11 10:50:32   |   182 dəfə oxunub

Ərdoğan sözünü tutdu

Prezident seçiləndən dərhal sonra ilk ziyarətini Azərbaycana reallaşdırdı

“Azərbaycan-Türkiyə qardaşlığının güclənərək davam edəcəyinə inanıram”



Dünən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Ərdoğanı hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident Ərdoğan ilk olaraq Fəxri Xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarətlərdən sonra Prezident İlham Əliyevin türkiyəli həmkarı Ərdoğanla təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan əraziləri işğaldan azad edilməlidir

Liderlər arasında geniş tərkibli görüşdən sonra mətbuat konfransı keçirilib. Dövlət başçısı İlham Əliyev deyib ki, Ermənistan BMT qətnamələrinə əməl etməlidir, Azərbaycan əraziləri işğaldan azad edilməlidir: "Türkiyənin mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Azərbaycan da daim Türkiyəni dəstəkləyir. Türkiyə ordusu dünyada ən güclü ordulardan biridir. Azərbaycan Türkiyədən yeni, müasir silahlar alır və bu silahların bir hissəsi bu günlərdə Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib. Bu il Türkiyə ilə Azərbaycan arasında hərbçilərin iştirakı ilə 7 birgə təlim keçirilməlidir. Bu təlimlərdən 3-ü keçirilib, 4-cüsü də keçiriləcək”.

"Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir”

Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmaz və əbədidir: "Bu səfər bir daha bizim birliyimizi göstərir. Son seçkilərdə Türkiyə xalqı yenidən Ərdoğana etimad göstərdi. Sizin liderliyinizlə Türkiyə şərəfli yol keçib, dünyada gücə çevrilib, beynəlxalq aləmdə nüfuz sahibidir. Türkiyə iqtisadi inkişafa görə dünyada ən qabaqcıl yerlərdədir. Sizin rəhbərliyinizlə Türkiyədə sabitlik bərqərar olub. Türkiyənin uğurları Azərbaycan xalqını sevindirir. Bizim şəxsi dostluq əlaqələrimiz ölkələrimizi biri-birinə sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Biz beynəlxalq aləmdə daim biri-birimizi dəstəkləyirik”. Prezident Azərbaycanın Türkiyəyə 13,9 milyard dollar, Türkiyə şirkətlərinin Azərbaycana 12 milyard dollardan çox vəsait qoyduqlarını söyləyib: "Keçən ay Əskişəhərdə TANAP-ın açılışında bir yerdə olmuşuq. TANAP layihəsinin təməlini 2012-ci ildə İstanbulda saziş imzalamaqla qoymuşuq. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası başa çatır. TANAP-ın başa çatması bu istiqamətdə atılan böyük addımdır. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir. Bizim birgə layihələrimiz nəinki region, Avrasiya üçün də böyük əhəmiyyət daşıyır, regional sabitliyə böyük töhfə verir. Əminəm ki, Türkiyə və Azərbaycanın birgə səyi ilə bölgədə sülh yaranacaq”.

"Azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində bildirib ki, "bir millət, iki dövlət” anlayışı ilə bu günə qədər davam edir: "Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin tərkibini açıqladıq. Ardınca Azərbaycanda prezident seçkilərindən dərhal sonra qardaşım İlham Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana etdik. Bu qardaşlıq mesajımızı azərbaycanlı qardaşlarımıza ən güclü şəkildə çatdırmaq istəyirik. Qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram. Bunu TANAP-da gördük, TAP-da gördük. Xüsusilə "Əliağa” neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram”.
"TANAP qardaşlığımıza qoyulan strateji sərmayədir”

Türkiyə prezidenti bəyan edib ki, Azərbaycanla həm enerji, həm də müdafiə sənayesi sahəsində atdığımız addımlar böyük əhəmiyyət kəsb edir: "TANAP Azərbaycan üçün həyati əhəmiyyətli layihədir. Bu layihə tək Azərbaycan və Türkiyə deyil, Azərbaycanla Avropa arasında əlaqə yaradır. Həm də qardaşlığımıza qoyulan strateji sərmayədir. Azərbaycanın Türkiyədəki "Əliağa” layihəsinə qoyduğu sərmayə çox önəmlidir. Payızda yeni sərmayə qoyuluşu ilə bağlı layihələr həyata keçirəcəyik”. Ərdoğan qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: "Hazırda iki ölkə arasında ticarət əlaqələri artır, münasibətlər inkişaf edir. Bu, qardaşlıq münasibətlərimizin necə inkişaf etdiyini göstərir. Türkiyə müdafiə sənayesində 15 il əvvəl kimlərəsə möhtac idisə, indiki müdafiə məhsullarına ehtiyacının 65 faizini özü təmin edir. Biz bu imkanlarımızı qardaş ölkələrlə də paylaşırıq”.

"FETÖ ilə mübarizəyə görə Azərbaycana təşəkkür edirəm”

Ərdoğan bildirib ki, Azərbaycan prezidentinə FETÖ-yə qarşı mübarizə ilə bağlı təşəkkür edib: "İki ölkənin təhsil nazirlikləri bu sahədə problemləri həll etmək üçün birgə çalışacaq. Türkiyə Dağlıq Qarabağ və Naxçıvan məsələlərində üzərinə düşəni edib və etməyə davam edəcək. Naxçıvanla Türkiyə arasında quru yolları ilə bağlı çətinliklər aradan qalxıb. Biz indi bir dəmir yolu çəkməklə nəqliyyat əlaqələrini inkişaf etdirərək bu sahədə daha bir önəmli addım atmış olacaq. Naxçıvan sakinləri sərhəddəki Türkiyə xəstəxanalarının imkanlarından istifadə edə bilərlər. Bu məsələdə dəstək verəcəyimizi bildirdim”. Türkiyə prezidenti nəzərə çatdırıb ki, NATO sammitində iki ölkənin müştərək problemlərini gündəmə gətirəcək: "Qardaşım İlham Əliyevin şəxsində Azərbaycan xalqına hörmətimi, ehtiramımı çatdırıram”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20