2018-07-11 10:54:08   |   444 dəfə oxunub

İlham Əliyevin çağırışları Ermənistana bir mesajdır

“Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının vaxtı yetişib”



Ermənistanda yaşananlar ölkəni sürətlə vətəndaş qarşıdurmasına sürükləyir. Nikol Paşinyan hakimiyyətinin Serj Sarkisyan və ondan əvvəl prezident olmuş Koçaryana qarşı hücumları səngimir. Əvvəlcə 2008-ci ilin mart hadisələri gündəmə gətirildi, ardınca Koçaryan istintaqa çağırıldı.

Daha sonra Sarkisyanın ən yaxın tərəfdarlarına qarşı hücumlar başladı. İrəvan şəhərinin meri Taron Marqaryan Paşinyanın təzyiqlərinə davam gətirməyərək istefa verdi. Bu kontekstdə hakim Respublika Partiyasının susqunluğu diqqət çəkir. Tək-tük adi funksionerlərin bəyanatlarını çıxsaq, partiya bir dəfə də olsun baş verənlərə reaksiya verməyib. Son aylar düşmən ölkədə demək olar ki, hər gün etiraz aksiyaları baş verir. 

Ötən gün İrəvan polisi bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən etirazçıları zorla oradan uzaqlaşdırıb. Polis həmçinin, etiraz aksiyası iştirakçılarının kilsə önündə qurduğu çadırları da dağıdıb. Koçaryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir. Ermənistanın bərbad durumu, düşmən ölkədə kriminal hadisələrin, korrupsiyanın artması Prezident İlham Əliyev tərəfindən də gündəmə gətirilib. Dövlət başçısı son müşavirəsində çıxışı zamanı bəyan edib ki, Ermənistanda 20 il ərzində hökm sürən kriminal, korrupsioner, qaniçən, oğru və yalançı hakimiyyət tam iflasa uğrayıb: "Mənim dediklərimi indi erməni xalqı deyir. Bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların "qəhrəmanları”, generalları oğrulardır. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu. Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, mən onu şişirtmək istəmirəm. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla apardıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanı bu ağır vəziyyətə salan onların işğalçı siyasətidir. Əgər işğal olmasaydı, Ermənistan da bizim təşəbbüsümüzlə icra edilən layihələrdə yer ala bilərdi”.

Ermənistandakı durumu "Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov da bildirib ki, düşmən ölkəni ağır vəziyyətə salan təcavüzkar siyasətdir:

 "Bu hadisələrdən müşahidə etmək olur ki, erməni xalqı hələ təzə ayılır. İşğalçı ölkənin sabiq prezidenti Serj Sarkisyanın cinayətkar olduğu dəfələrlə vurğulanıb. Onun iş uslubunda sağlam və dürüst fəaliyyəti heç vaxt olmayıb. Ermənistanın keçmiş prezidentinin azərbaycanlılara qarşı etdiklərinin və silah gücünə hakimiyyətə gəlişinin sonunun bu şəkildə olması normal haldır. Koçaryan və onun silahdaşı Serj Sarkisyan silah gücü ilə hakimiyyəti ələ alıb, arzuolunmaz ideyalarını rahatlıqla həyata keçirdi. Bu adam dünya çapında öz xoşagəlməz siyasətini yeritmək üçün diplomatiyanı daim millətdən, xalqdan oğurladığı vəsaitlər hesabına satın aldı. 

Erməni xalqı hələ təzə başa düşür ki, onların bədbəxtçiliyinin başında Serj Sarkisyan və onun ətrafı dururmuş. Sarkisyanın məqsədi əhalinin pulunu mənimsəməklə özünü və qohumlarını varlandırmaqdır. Sonra da ortaya çıxıb, özünə bəraət qazandırır ki, mənim qara-qura işlərlə heç bir əlaqəm yoxdur. Amma bütün hadisələr ortadadır. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlarım, torpaqlarımızın işğal edilməsinin arxasında duranların biri məhz Serj Sarkisyandır.

 Ermənistanın yeni hökuməti ədalətli bir sistem qurmaq istəyirsə, onda daxildəki bütün cinayətkarları aşkarlayıb, onların qara işlərinin üzərinə işıq salmalıdır. Bununla yanaşı, Dağlıq Qarabağ məsələsində geri çəkilməlidir. Çünki Ermənistanı ağır vəziyyətə salan bu ölkənin təcavüzkar siyasətidir”.

Millət vəkili Fəzail İbrahimli də bəyan edib ki, Prezident İlham Əliyevin Ermənistanla bağlı səsləndirdiyi fikirlər bu günün məhsulu deyil. Ölkə başçısı hakimiyyətdə olduğu illər ərzində düşmənlə bağlı daim qətiyyətli mövqeyini bildirib:

 "Prezident dəfələrlə həm Ermənistan rəhbərliyinə, həm də bu məsələdə düşmənin arxasında duran qüvvələrə Azərbaycanın heç bir ərazisini güzəştə getməyəcəyini qəti ifadə edib. Müşavirədə səsləndirilən fikirlərdə isə Ermənistandakı cinayətkar hakimiyyətin dəyişməsi, xalq və hakimiyyət arasında yaranmış uçurum, xaos, iqtisadi gerilik kimi məsələlər vurğulanır. Bu hadisələr artıq yeni mahiyyət kəsb edir. Uzun illər ərzində işğal edilmiş torpaqların təbliğatı üzərində hakimiyyətdə qalan, Ermənistanı uçuruma, xalqı iflasa aparan hökumətin ömrü bitib. Prezident İlham Əliyevin düşmənlə bağlı səsləndirdiyi fikirlər Ermənistanda yeni hakimiyyətə, erməni xalqına mesajdır”. 

Deputat xüsusilə vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının vaxtı yetişib: 

"Azərbaycan torpaqları işğaldan azad edilməlidir. Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməsinin vaxtıdır. Xalqı yalan vədlərlə aldatmaqla idarə etmək olmaz. Nikol Paşinyan rejimi dünyada gedən proseslərə, Azərbaycanın inkişafına ayıq gözlə baxmalıdır. Ancaq doğru qərar verməklə, Azərbaycan torpaqlarını işğaldan azad etməklə erməni xalqını bəlalardan qurtara bilərlər”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20