2018-07-11 11:08:45   |   168 dəfə oxunub

Hər kəs fəal olub, mövqe bildirməlidir

“Terrorun dəstəklənməsi, müdafiə olunması əslində terror prosesinin içərisində yer almaq anlamına gəlir”

“Biz dövlət mənafeyini üçüncü qüvvənin, Azərbaycana qarşı olan məkrli dairələrin maraqlarına qurban verə bilmərik”



Son günlərdə sosial şəbəkələrdə və bir sıra media orqanlarında ictimai rəyi çaşdırmaq, siyasi sabitliyi pozmaq və terrorçuluğa dəstək məqsədi ilə əsassız, qərəzli məlumatlar yayılmaqdadır. Əslində bunun səbəbi hamıya bəllidir. Azərbaycanın müstəqil siyasət yürütməsi və ölkədə davamlı sabitliyin olması bir çoxlarını daim narahat edib.

Stabilliyi gözü götürməyən bəzi dövlətlər və müəyyən dairələr məqam düşən kimi Azərbaycanda sabitliyi pozmağa, iqtidarla xalq arasında narazılıq yaratmağa cəhd edirlər. Gəncənin icra başçısına sui-qəsd etmiş terrorçu Yunis Səfərova "dindar” statusu vermək təşəbbüsü də oxşar hadisələrdə olduğu kimi xaricdən qaynaqlanır. 

Ölkəmizdə ən xırda anlaşılmazlığı fitnə alovu ilə şişirdərək "faciəyə” çevirən anti-milli ünsürlər və sapı özümüzdən olan baltalar yenə də əxlaqsız ənənələrinə sadiq qaldılar. Əlbəttə, onların məqsədi gərginliyi artırmaq, cəmiyyətdə təlatüm yaratmaq idi. Lakin dəfələrlə cəhd etmələrinə rəğmən, istədiklərinə nail ola bilməyiblər. Çünki Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var. Xalqımızın dövlətinə, hökumətinə və Prezidentinə etimadı tamdır. Ona görə də böyük əksəriyyət belə cəhdləri qınadı. Artıq xaricdə oturub burdakı camaatı təxribata sürükləmək səyləri elə ilk cəhddə ifşa olunur və fiaskoya uğrayır. 

Siyasi-şərhçi Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan dövləti terrorun qarşısını almağa, ölkənin Konstitusion quruluşunu müdafiə etməyə qadir dövlətdir. Gəncədə baş verən hadisə ilə bağlı bir neçə istiqamətdə yanaşmanın ortaya çıxdığını deyən ekspert söyləyib ki, bu aksiyanı hazırlayanlar sosial şəbəkə üzərindən təbliğatını da düşünüblər: 

"Dünyada, ölkədə gedən prosesləri dərk etməyən, təhlil imkanları aşağı olan insanlar bu prosesin girovuna çevrilirlər. Terrorun dəstəklənməsi, müdafiə olunması əslində terror prosesinin içərisində yer almaq anlamına gəlir. Bu aspektdən mən virtual aləmdə terroru dəstəkləyən mesajlara "virtual terroru aksiyası” kimi yanaşıram. Belə cəhdlərin qarşısı şiddətlə alınmalıdır. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslərin saxlanılması və məsuliyyətə cəlb olunması istiqamətində ciddi addım atılır. 

Biz dövlətimizin mənafeyini, xalqımızın gələcəyini, respublikamızla bağlı iddialarımızı üçüncü qüvvənin, Azərbaycana qarşı olan məkrli dairələrin maraqlarına qurban verə bilmərik. Düşünürəm ki, bu məsələlərdə hər kəs fəal olub, mövqe bildirməlidir. Çünki biz dini radikalizmin, ekstremizmin timsalında dünyanın ayrı-ayrı ölkələrində baş verən fəlakətləri görürük. Milyonlarla insanın necə fəlakətə sürüklənməsi, günahsız körpələrin, qadınların qətlə yetirilməsini görürük. Hesab edirəm ki, heç bir halda bu təfəkkürün Azərbaycana yer tapmasına yer vermək olmaz. Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyini bütün vətəndaşlarımız nümayiş etdirməlidirlər”.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli də bildirib ki, Elmar Vəliyevə qarşı törədilən sui-qəsdin dinlə heç bir əlaqəsi yoxdur:

 "Azərbaycanda müəyyən qüvvələr var ki, dövlət-din münasibətlərinə, dini dözümlülüyə zərbə vurmağa cəhd göstərirlər. Amma mən həmişə qeyd etmişəm ki, ölkəmizdə radikallığın ciddi sosial bazası yoxdur. Onların ciddi destruktiv fəaliyyət göstərəcəyinə də inanmıram. Hər bir halda, heç bir dövlət bu cür cəhdlərdən sığortalanmayıb. Dində sui-qəsdə yer ola bilməz. Din bu cür hərəkətləri qəbul etmir. Kimsə öz hərəkətlərini dinlə əlaqələndirməyə çalışırsa, bu, birmənalı olaraq yanlışdır. İslam dini peyğəmbər zamanından terrora, sui-qəsdə qarşıdır. 

Azərbaycanda dindarların mütləq əksəriyyəti konstruktiv mövqedə dayanan, Azərbaycan dövlətinə bağlı insanlardır. Gəncəlilər də bu cür hərəkətlərə qarşı olan insanlardır, onların bir çoxunu şəxsən tanıyıram. Gəncədə və digər bölgələrimizdə bu cür hərəkətlərin bundan sonra rəvac tapmasını mümkünsüz hesab edirəm”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-22