2018-07-11 11:22:41   |   162 dəfə oxunub

Prezident qətiyyətlidir

Rüşvət və korrupsiyaya qarşı bütün mərhələlərdə ciddi mübarizə aparılacaq

“Kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəksə, onlar işdən çıxarılacaq”



"Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalı, bu böyük sosial bəlanın kökü kəsilməlidir”. Bunu iyulun 8-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib. Dövlət başçısı bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır:
"Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulub. Bu cür xoşagəlməz hallara son qoyulmalıdır. Son illər ərzində böyük işlər görülüb, beynəlxalq təşkilatlar da bunu qeyd edir. Məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz”. Ölkə rəhbəri vurğulayıb ki, böyük sosial bəlanın kökü kəsilməlidir:

 "Bunu etmək üçün imkanlarımız var. Ən önəmlisi odur ki, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəksə, onlar işdən çıxarılacaq”. Prezidentin sözlərinə görə, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşməlidir: "Bəzi müsbət meyilləri görürük. Misal üçün, ictimai xidmətlər sahəsində "ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. "ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var. O cümlədən cəza tədbirləri görülür. Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə də beynəlxalq təcrübə tətbiq edilməlidir”. 

Dövlət başçısı əlavə edib ki, dünyanın aparıcı ölkələri bu sahədə hansı yollarla mübarizə aparırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır: "Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər”. Prezidentin korrupsiya ilə bağlı dediklərinə münasibət bildirən ictimaiyyət nümayəndələri də bəyan ediblər ki, ötən müddət ərzində rüşvət halları ilə mübarizədə xeyli işlər görülüb və müsbət nəticə əldə olunub. Təbii ki, dövlət başçısının da vurğuladığı kimi, görülən tədbirlər bundan sonra da qətiyyətli şəkildə davam edəcək.

"Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də bildirib ki, korrupsiya və rüşvətxorluğa qarşı 2005-ci ildən etibarən sistemli mübarizə aparılır. Ekspertin sözlərinə görə, bir çox dövlət proqramları qəbul olunub, qanunvericilik bazası və bəzi regional təsisatlar yaradılıb:

 "Bu gün mövcud olan təsisatlar korrupsiyaya qarşı mübarizə tədbirlərinin effektiv qurulmasına imkan verir. Hər il korrupsiyaya qarşı mübarizə ilə bağlı beynəlxalq təşkilatların reytinqi açıqlanır. Siyahıdan görünür ki, Azərbaycanın mövqeyi irəliləməkdə davam edir. "ASAN Xidmət”in yaradılması əslində korrupsiyaya qarşı mübarizə tədbirlərinin ən effektiv nümunələrindən biridir. Eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, "Elektron Hökumət”in təşkili, bununla bağlı hökumət-vətəndaş cəmiyyəti platformasının yaradılması, anti-korrupsiya layihələrinin dəstəklənməsi və s. korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərindən biridir. Avropa təşkilatlarının, beynəlxalq təsisatların korrupsiyaya qarşı bir çox proqramlarımızı dəstəkləməsi də bu sahədə siyasi iradənin olduğunu göstərir. Bu proses davamlı olmalıdır. Korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni fəaliyyət planı hazırlanır. Burada həm müvafiq dövlət qurumları, həm də vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər. Ona görə, hesab edirəm ki, yeni fəaliyyət planı daha rasional, əhatəli və effektli həyata keçiriləcək”.

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da deyib ki, prezidentin iclasda toxunduğu mühüm mövzulardan biri korrupsiya və rüşvətxorluqla bağlıdır: 

"Prezident ilin birinci yarısının yekunlarına dair müsbət məqamları diqqətə çatdırmaqla bərabər, bir sıra nöqsanları da dilə gətirdi. Azərbaycanda son vaxtlar korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılsa da, bu, effektli deyil. Bu barədə ciddi fikirləşmək lazımdır. Dövlət başçısı da məhz buna görə "ASAN” Xidməti, quruma bir neçə milyona yaxın insanın müraciət etməsini və orada rüşvətin olmamasını nümunə göstərdi. Ona görə də bu sistem genişləndirilməli, o cümlədən rüşvət və korrupsiyaya qarşı bütün mərhələlərdə ciddi mübarizə aparılmalıdır. Dövlət başçısı artıq bununla bağlı mühüm göstərişlər verdi”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22