2018-07-11 11:26:52   |   186 dəfə oxunub

Ərdoğanın kabineti...

Türkiyə prezidenti inandığı adamları ətrafına yığdı


Türkiyə rəsmən prezident üsul-idarəsinə keçdi. İkinci dəfə prezident seçilmiş Rəcəb Tayyib Ərdoğan iyulun 9-u Türkiyə Böyük Millət Məclisində and içərək səlahiyyətlərinin icrasına başladı. Yeni sistemdə baş nazirin postu aradan qalxdı və Nazirlər Kabinetinin quruluşu dəyişdi.

Nazirliklərin sayı azaldılaraq 26-dan 16-ya endirildi. Dördü istisna olmaqla yeni kabinetdə təmsil olunan nazirlərin hamısı əvəzləndi. Baş nazir aparatının rəhbəri Fuad Oqtay vitse-prezident postuna gətirildi. 54 yaşlı Fuad Oqtay ABŞ-ın Detroyt şəhərindəki Ueyn Universitetində emal mühəndisliyi və biznes sahəsi üzrə ali kurs bitirib. 

Həmin təhsil ocağında sənaye mühəndisliyi sahəsində doktor dərəcəsi alıb və avtomobil sənayesi üzrə ixtisaslaşıb. "Ford”, "Ceneral Motors”, "Kraysler” şirkətlərində yüksək postlar tutub. Oqtay həmçinin Fövqəladə Hallar Qurumuna rəhbərlik edib. Ərdoğan yeni hökumətdə xarici işlər naziri Mövlud Çavuşoğlunu və daxili işlər naziri Süleyman Soylunu əvəzləməyib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar milli müdafiə naziri, Berat Albayrak isə maliyyə və xəzinə naziri təyin olunub. Boşalan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsi isə ordu generalı Yaşar Gülərə təhvil verilib.

Yeni hökumətin tərkibi ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu hesab edir ki, Ərdoğan köhnə kabinədən yeni hökumətə gətirdiyi şəxslərlə kimlərə güvəndiyini və etibar etdiyini göstərdi: 

"Prezident çox naziri dəyişsə də, Mövlud Çavuşoğluna dəymədi. Deməli, Ərdoğan Çavuşoğlunun işindən razıdır və xarici siyasəti dayandığı yerdən davam etdirmək istəyir. Doğrusu, Çavuşoğlu professor Əhməd Davudoğludan daha faydalı nazir olub. M.Çavuşoğlu Ərdoğanın xasiyyətinə bələddir və prezidentin istəyindən kənar addım atmır. Ərdoğan baş qərargah rəisi Hulusi Akarı müdafiə naziri təyin etdi. 

Belə çıxır ki, Ərdoğan 2016-ci ildəki çevriliş cəhdinə baxmayaraq, Akara inanır və onu yanında tutmaq istəyir. Halbuki, ordu içərisindəki çevriliş hazırlıqlarından Akar məlumatlı olmalı idi. General vaxtında xəbər tutmadı deyə, 15 iyul hadisəsi baş verdi. 

Hər halda Akarın dövründə Türkiyə ordusunun İraq və Suriyada terrorçulara qarşı uğurlu əməliyyatları hesaba alınmalıdır. Daxili işlər naziri Süleyman Soylunun terrorla və onların Türkiyədəki törəmələri ilə gərgin mübarizə aparması da onun yeni hökumətdə qalmasına səbəb oldu. 

Ərdoğan daha bir yerdəyişmə ilə kürəkəni Berat Albayrağı enerji naziri vəzifəsindən maliyyə naziri vəzifəsinə transfer etdi. Bu da Türkiyə üçün önəmli vəzifədir. Ən əsası isə odur ki, yeni Konstitusiyaya görə, bəzi nazirlər kənardan təyin edildi. Bu da onu göstərir ki, nazirlərin əvvəlki kimi mütləq millət vəkili olması şərti yoxdur”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-07-18