2018-07-11 11:48:44   |   74 dəfə oxunub

Azərbaycanda elektron kənd təsərrüfatı sistemi qurulmalıdır

“Müəyyən bir texnologiyanın ölkəyə alınıb gətirilməsi ciddi problem deyil və müsbət haldır. Bu zaman gərək fermerlərə də bəzi biliklər verilsin”



İyulun 8-də keçirilən Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin xüsusilə diqqət yönəltdiyi məsələlərdən biri kənd təsərrüfatı sahəsi olub. Dövlət başçısı bəyan edib ki, kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirmək, ən müasir standartları tətbiq etməkdir: "Son illərdə kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilir.

Demək olar ki, biz texnika parkımızı tamamilə yeniləmişik. Kənd təsərrüfatı texnikasının alınması bundan sonra da davam etdiriləcək. Qeyd etməliyəm ki, dünyanın aparıcı şirkətlərinin texnikası bu gün bizim tarlalarımızda fəaliyyət göstərir və fermerlər bu texnikadan çox razıdırlar. Bu məqsədlə böyük vəsait nəzərdə tutulur. Bu il 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq. Keçən il 10 min texnika alınıb. Ancaq bu sahədə şəffaflıq tam təmin edilməlidir. Kənd Təsərrüfatı Nazirliyi qarşısında bu vəzifələr qoyulub. Bizim texnika parkımız tam təftiş edilməlidir. Yeni alınacaq texnika ilə bağlı çox dəqiq təkliflər verilməlidir. O texnika bizim kənd təsərrüfatının ümumi inkişaf dinamikasına uyğun olmalı və prioritetləri özündə əks etdirməlidir”. 

Prezident əlavə edib ki, kənd təsərrüfatı ənənəvi qayda ilə inkişaf etmir:

 "Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı bir neçə dəfə artırır. Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. 

Elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini nəhayət ki, tətbiq etməliyik. Baxmayaraq ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz tapşırıqlarımı vermişdim, elektron kənd təsərrüfatı sistemi Azərbaycanda istədiyimiz formada, lazım olan formada mövcud deyil. Problemlər də məhz bundan qaynaqlanır. Ona görə, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Bu istiqamətdə artıq işlər görülür. Biz hər bir qarış torpaqdan səmərəli istifadə etməliyik”. Dövlət başçısı vurğulayıb ki, dövlət aqroparkların yaradılmasına çox böyük dəstək göstərir: "Dövlət ancaq infrastruktur layihələrinə 200 milyon manatdan çox investisiya qoyub, sahibkarlara 100 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verib. Ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparklara təqribən 1-1,5 milyard manat sərmayə qoyulacaq”.

İqtisadçı-ekspert Pərviz Heydərov "sherg.az”a açıqlamasında bildirib ki, müəyyən problemlərdən sonra iqtisadiyyatımızın güclü qalması məhz Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlarla bağlıdır. Ekspertin qənaətincə, son illər ərzində iqtisadiyyatımızın yaxşılaşdırılması yönündə dövlət başçısının atdığı addımlar hamımıza məlumdur: 

"2014-cü ilin birinci yarısına kimi Azərbaycanın iqtisadiyyatında heç bir problem görünmürdü. Həm makroiqtisadi göstəricilər, həm də ölkədə iqtisadi artım səviyyəsi elə bir vəziyyətdə idi ki, sanki bu sahələrdə möhkəm dayanıqlılıq mövcud idi. 2014-cü ilin yayından başlayaraq neftin qiymətinin dünya bazarlarında ucuzlaşmasından dolayı yaranan problemlər ölkə iqtisadiyyatının tam möhkəm və dayanıqlı şəkildə olmadığını göstərdi. Qeyri-neft sektoru məhsullarının istehsalını genişləndirmək məqsədi ilə dəstək xarakterli müəyyən tədbirlər və işlər görüldü. 

Ölkə iqtisadiyatının gələcək inkişafı ilə bağlı strareji yol xəritəsi hazırlandı. Dövlət başçısının qeyri-neft sektoru ilə bağlı həyata keçirdiyi tədbirlər qısa müddət ərzində daha da sürətlənməyə başladı. Açıqlamalarımda dəfələrlə bildirmişəm ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər qısa müddətdə öz nəticəsini verə bilməz. Bunun üçün müəyyən bir dövr lazımdır. Həmin dövrü qısaltmaq üçün görülməli ilk iş maliyyə şəffaflığının yaradılması və sahibkarlığın inkişafının təşviq olunmasıdır. Bu işlər 2016-cı ildən sonra cənab Prezidentin bilavasitə şəxsi təşəbbüsü nəticəsində daha da sürətlənib. Ümid edirəm ki, bu, davamlı xarakter daşıyacaq. 

Çünki bunun üçün həm neftin dünya bazarlarında qiyməti əlverişlidir, həm də bu yöndə islahatlar davam etməkdədir. Yaxın günlərdə Azərbaycan iqtisadiyyatı ilə bağlı gözlənilən bir sıra yeniliklər makroiqtisadi dayanıqlılığın daha da möhkəm xarakder daşıyacağını deməyə imkan verir”. Prezidentin "Kənd təsərrüfatı sahəsində ən müasir standartlar tətbiq edilir” fikrinə diqqət çəkən P.Heydərov qeyd edib ki, kənd təsərrüfatı qeyri-neft sektorunun ən aparıcı sahəsidir:

 "Kənd təsərrüfatının inkişafı müasir dövrdə iri, xırda və orta sahibkarların subyektlərinin inkişaf etdirilməsini, dövlət tərəfindən onlara müvafiq dəstək göstərilməsini tələb edir. Bu istiqamətdə hazırda müvafiq işlər aparılır. Amma burada müxtəlif məqamlar var. Müəyyən bir texnologiyanın ölkəyə alınıb gətirilməsi ciddi problem deyil və müsbət haldır. 

Bu zaman gərək fermerlərə də bəzi biliklər verilsin. Müasir texnologiyalarla düzgün və səmərəli işləmələri üçün fermerlərə, xırda və orta istehsalçılara həmin texnikanın iş prinsipini, düzgün işlədilməsini başa salmaq lazımdır. Bununla yanaşı kənd təsərrüfatında bəzi sahələrin inkişafı üçün kadrların hazırlanmasını da nəzərdən qaçırmamalıyıq”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-07-18