2018-07-11 12:05:30   |   458 dəfə oxunub

"Gəncədəki iğtişaş dövlətçiliyimizə, ölkə və xalqın tərəqqisinə qarşı yönəlib”



Azərbaycan Respublikası ərazisində istənilən qanunsuz toplantılar, tədbirlər və etiraz aksiyaları, dövlətə, dövlətçiliyə qarşı baş qaldıran çağırışlar müstəqillik və sabitliyimizin əleyhimizədir”.

Bunu "Sherg.az”a ötən gün Gəncədə dini radikalların iki polis zabitini amansızca qətlə yetirməsindən danışarkən millət vəkili Elman Məmmədov söyləyib. 

O vurğulayıb ki, bu cür hadisələr, Azərbaycanın diqqətini əsas problemimizdən - Dağlıq Qarabağ münaqişəsinin həllini düşünməkdən yayındırır:

"Gəncədə baş verən aksiyalar Azərbaycanın inkişafını əngəlləməyə yönəlmiş, ictimai asayişin qorunmasına, sabitliyinin bərqərar olmasına qarşı çevrilən cəhdlərdir. Bir vətəndaş kimi bu
qanunsuz hərəkətləri pisləyirəm. Amma Azərbaycanın kifayət qədər güclü və operativ fəaliyyət göstərən hüquq-mühafizə orqanları mövcuddur. Bu iğtişaşların artıq qarşısı alınıb, asayiş bərpa olunub. Günahkarlar isə törətdikləri əməllərə görə cəzalarını alacaqlar. Qanunsuz hərəkətlərə yol verənlərin haradan təşkilatlanması və onların hansı qüvvələrlə bağlı olmasını müəyyən etmək müvafiq orqanların səlahiyyətinə aiddir. Hər kəs fərqli fikir səsləndirir, müxtəlif informasiyalar yayır. Bu, düzgün deyil. Məsələ ilə bağlı aidiyyəti qurumlar, hüquq mühafizə orqanları açıqlama verə bilər, bəyanatlar səsləndirərlər. Yenə qeyd edirəm, bu iğtişaşlar Azərbaycan dövlətçiliyinin, ölkəmizin inkişafına, xalqımızın tərəqqisinə qarşı yönəlib”.

Qeyd edək ki, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Bu qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilir ki, baş vermiş cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22