2018-07-11 12:40:55   |   424 dəfə oxunub

"Cəmiyyətin birliyini, ölkədəki sabitliyi pozmağa cəhd göstərən qüvvələr var”




"Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir. Belə durumda cəmiyyətin birliyini, ölkədəki sabitliyi pozmağa cəhd göstərən maraqlı qüvvələr var”.

Bunu "Sherg.az”a Gəncədə iki polis zabitinin şəhid olması ilə nəticələnən iğtişaşlar haqqında danışarkən "Qarabağ” Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı söyləyib. 

Onun fikrincə, bu məsələdə hökumət və cəmiyyət diqqətli olmalıdır:

"Bu proseslərin qarşısını almaq üçün sərt və kəskin addımlar atılmalıdır. Dövlət rəhbərliyi, müvafiq orqanlar tərəfindən Gəncə hadisələri ilə bağlı ciddi araşdırılmanın aparılmasına ehtiyac var. Həqiqi cinayətkarlar üzə çıxarılıb, sərt şəkildə cəzalandırılmalıdır ki, bu başqaları üçün də dərs olsun.

Proseslər bir neçə gün əvvəl Gəncənin icra başçısına qarşı təşkil olunan sui-qəsdlə başladı. Həmin ərəfədə ictimai təşkilatlar, hökumət və aidiyyəti orqanlar elə addımlar atmalı idilər ki, proseslər bu həddə gəlib çatmasın. Əvvəldən aksiyaların keçiriləcəyi ilə bağlı məlumat verilmişdi. Bunun qarşısını almaq üçün həm hüquq-mühafizə orqanları, həm də cəmiyyət tərəfindən ciddi addımlar atılmalı idi. Artıq vəziyyət təhlükəli hal alıb. Birtərəfli ittihamlara son qoyulmalı, cəmiyyət və hakimiyyət birlikdə Gəncədə yaranmış vəziyyətlə mübarizə aparmalıdır. Ciddi araşdırmalara başlanılmalı, cəmiyyətə operativ məlumat verilməlidir ki, həqiqəti əks etdirməyən informasiyaların yayılmasının qarşısı alınsın”.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Bu qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilir ki, baş vermiş cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Aysel Aslan












SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20