2018-07-11 12:54:04   |   194 dəfə oxunub

"Xaricdə Azərbaycanın əleyhinə işləyən şəxslər təxribatı körükləyirlər"

Tənzilə Rüstəmxanlı: "Nə olursa-olsun, hamımız birmənalı olaraq ölkəmizdə təxribat yaratmaq istəyən qüvvələrin qarşısında dayanmalı, dövlətimizin və Prezidentimizin yanında durmalıyıq”




"Gəncədəki olay çox xoşagəlməz hadisədir və ölkəmizi qarışdırmaq istəyən qüvvələrə sərf edən məsələdir”.

 Bunu "Sherg.az”a Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı söyləyib. 

Azərbaycanın ikinci böyük şəhərində təxribat yaratmaq istəyənlərə qarşı həmrəy olmalıyıq deyən T.Rüstəmxanlı bildirib ki, Azərbaycanda sabitliyi pozmaq, iğtişaş yaratmaq, təxribat törətmək və yanan odun üzərinə yağ tökmək üçün fürsət gözləyən dairələr var:

"Yaşanan hadisələr düşmənin əlinə oynayan mərkəzlərin işidir. Millət olaraq bu məsələni çox diqqətlə izləməli və soyuqqanlı olmalıyıq. Gözəl ölkəmizi qarışdıraraq Suriyaya, İraqa, Əfqanıstana çevirmək istəyən güclərin olduğunu unutmamalıyıq. Dörd yanımız düşməndir, torpaqlarımız işğal altındadır”.

Birlik rəhbəri bəyan edib ki, xarici ölkələrdə Azərbaycanın əleyhinə işləyən şəxslər təxribatı körükləyirlər:

"Ölkədə süni yaradılan gərginliyi qızışdırmaq üçün əllərindən gələni edirlər. Çox təəssüflə qeyd edirəm ki, iki dəyərli polis əməkdaşımızı itirdik, onları şəhid etdilər. Mərhum polisləri yaxından tanıyan dostlarımızın hamısı deyir ki, şəhid olan polis rəisləri çox qeyrətli, millətini, dövlətini sevən Vətənpərvər insanlar idilər. Belə övladları yetişdirmək asandırmı? Axı onların günahı nə idi? Həmin polislər vətəndaşları qorumaq üçün meydana çıxmışdılar. Əlbəttə, burada cinayət hadisəsi baş verib. Cinayətin pərdə arxası hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılacaq. Cavad xanın ruhu dolaşan gözəl şəhərimizi belə vəziyyətə gətirmək olmaz. Əlinə qılınc alaraq polisə hücum etmək nə deməkdir? Nə olursa-olsun, hamımız birmənalı olaraq ölkəmizdə təxribat yaratmaq istəyən qüvvələrin qarşısında dayanmalı, dövlətimizin və Prezidentimizin yanında durmalıyıq”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24