2018-07-11 13:56:53   |   237 dəfə oxunub

"Azərbaycan xalqı sakitlik və sabitlik istəyir" - Deputat




"Gəncədə iğtişaşlar törədən şəxslərin hansısa tələbi, narahatlığı var idisə, müvafiq dövlət qurumlarına müraciət edib, icazə alaraq, qanun çərçivəsində mitinq keçirə bilərdilər”.

Bunu "Sherg.az”a millət vəkili Rüfət Quliyev deyib.

O diqqətə çatdırıb ki, ölkəmiz demokratiya və inkişaf yolunu tutduğu şəraitdə Azərbaycan xalqı sakitlik və sabitlik istəyir:

"Biz ölkə başçısının ətrafında sıx birləşmişik. Xalqımız 90-cı illərə qayıdışı, o dövrün hadisələrinin təkrarlanmasını heç istəmir. İğtişaşların adını dini radikalizm yaxud başqa nə qoyurlar qoysunlar. Biz sabitlik və əmin-amanlığı seçmişik, seçirik, seçəcəyik də.

Azərbaycanın demokratik yolla inkişafa doğru irəlilədiyini bütün dünya dövlətləri təsdiq ediblər. Xarici ölkələrin mətbuatında da qeyd olunub ki, Gəncədə aksiyalar sakit davam etdiyi müddətdə polis sadəcə nəzarət həyata keçirirdi, müdaxiləyə yol vermirdi. Həmin şəxslər çağırış etdikdə, qanunsuz hərəkətlərə yol verdikdə polis işə qarışdı. Ona görə, bu cür ciddi narahatlıq yaradan hadisələrin baş verməsini qətiyyətlə pisləyirik.

İnanmıram ki, iğtişaşları törədənlərin arxasında böyük qrup dayansın. Amma Gəncədəki hadisələr zamanı iki polis zabitimiz qəhrəmancasına şəhid oldu. Onların ailələrinə baş sağlığı verir, səbir diləyirik. O insanlar Azərbaycan xalqının dinc, firavan yaşaması üçün canından keçdi”.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Bu qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilir ki, baş vermiş cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Aysel Aslan








SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22