2018-07-11 15:47:40   |   163 dəfə oxunub

"Polisi qətlə yetirmək dövlətçiliyə vurulmuş zərbədir" - Vüqar Rəhimzadə



"Bir qrup dini radikalizmə meylli olan şəxslərin qanunsuz hərəkətləri dövlətçiliyə təhdiddir, ölkədə qeyri-sabitliyin yaradılmasına xidmət edir”.

Bu barədə "Sherg.az”a "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. 

O xüsusilə qeyd edib ki, polisə əl qaldırmaq, qətlə yetirmək dövlətçiliyə vurulmuş zərbədir:

"Öz vəzifə borcunu yerinə yetirən polisləri öldürənlər böyük cinayətkarlardır. Polis əməkdaşları dünənki hadisələr zamanı iğtişaşları yatırıb, sabitliyi təmin edə biliblər. Radikal, dağıdıcı, cinayətkar ünsürlərin ötən gün yol verdiyi qanunsuz hərəkətlər aidiyyəti dövlət qurumlarının ciddi nəzarətində olmalıdır. Bu hadisələrdə əli olan hər kəs, kimliyindən asılı olmayaraq, hüquqi müstəvidə cəzasını almalıdır. 

Xalq bilməlidir ki, həmin cinayətkar qrupların yeganə məqsədi ölkədə sabitliyi pozmağa cəhddir. Azərbaycanı istəməyən qüvvələrin ermənipərəst qüvvələrin "dirijorluğu” əsasında hərəkət edən qüvvələr yaramaz, cinayətkar əməllərlə məşğuldurlar. 

Lakin Azərbaycanda millətini sevən, xalqını yüksəkdə görmək istəyən hər kəs ölkə başçısının ətrafında sıx birləşib. Cinayətkar, radikal ünsürlərin əməlləri isə əvvəl də bəlli olub, bu gün də bəllidir. Onlar ən yüksək cəzaya layiq olan şəxslərdir və hüquqi çərçivədə cəzalarını alacaqlar”.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Bu qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilir ki, baş vermiş cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-07-18