2018-07-11 15:58:22   |   1126 dəfə oxunub

Abbas Bağırov gəncəlilərə səsləndi: "Təxribatlara uymayın!"



Son günlər Gəncədə yaşanan hadisələr, iğtişaşlar hər bir azərbaycanlını narahat edir. Bu olaylar bir daha hamımızı düşündürməlidir. Gəncədə dövlətçiliyimizə qarşı yönəlmiş təxribatlar cəmiyyətimizi dövlətin ətrafında daha sıx birləşməsini tələb edir.
Məlum olduğu kimi iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Bu qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir. Belə durumda cəmiyyətin birliyini, ölkədəki sabitliyi pozmağa cəhd göstərən maraqlı qüvvələr var. Bu təxribatlara uymamaq üçün Azərbaycan ziyalıları, tanınmış ictimaiyyət nümayəndələri xalqı birliyə, həmrəyliyə səsləyir. Azərbaycanın tanımış sənətkarı, əməkdar artist, əslən gəncəli Abbas Bağırov da da «Şərq»ə açıqlamasında gəncəliləri təmkinli olmağa çağırdı.

- Son günlər Gəncə hadisələri ictimaiyyətdə narahatlığa səbəb oldu.Siz nə düşünürsüz?

- Mən azərbaycanlıyam, gəncəliyəm. Bu şəhərə tez- tez gedib, gəlirəm. Baş verənləri görəndə, eşidəndə çox böyük təəssüf hissi keçirdim. Acı xəbər xüsusilə məni sarsıtdı. Çox hörmət etdiyim bir polis işçisi, Daxili İşlər Nazirliyinin çox layiqli əməkdaşı, Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyevin həlak olması məni çox üzdü, kədərləndin.

- Səhv etmirəmsə rəhmətə gedən polkovnik sizin yaxın dostununz olub?

- Bəli. Çox yaxın dostluq münasibətimiz var idi. Bir neçə gün öncə Gəncədə idman zallarından birində onunla görüşdük. İlqar müəllim məşq zalında olanda, mənə bir söz dedi. Bu söz bu gün məni daha çox təsirləndirdi. Dedi ki, ola bilər mən yaşlı kimi görünə bilərəm. Amma bu o demək deyil ki, mən idmanla məşğul deyiləm, düşmənlə vuruşda ön sırada olmaram. Xeyr. Mən bu yaşda gənc polislərə nümunə olmaq istəyirəm. 20 yaşında cəhbə bölgəsində dayanan əsgər kimi olmasam da, amma, istənilən vaxt öz torpağımı qorumağa, onun keşiyi uğrunda canımdan, qanımdan keçməyə hazıram. Mən dövlətim üçün, milləttim üçün canımdan keçərəm. Əslində Gəncə hadisələrində o öz canı, qanı hesabına bu dövlətə, millətə sevgisini sübut etdi. Kaş belə olmayaydı. 

Biz gücümüzü düşmən qarşısında göstərməliyik. Bilirsiz, bu gün ölkəmizin inkişafına düşmənimiz, bəzi başqa dövlətlər sevinmir. Ətrafımızda olan qonşulara da baxın, onlarla bizim ölkəmiz müqayisə oluna bilməz. Biz onlardan daha çox inkişif etmişik. Müsəlman ölkələrinə baxın, görün nə qədər sıxıntılar yaşayırlar. Amma bizim dövlətmiz əmin- amanlıqda, sabitlik şəraitində yaşayır. Təbii ki, bu sabitlik, inkişaf, rahatlıq başqa ölkələri, böyük dövlətləri narahat edir. Biz öz əmin- amanlığımızı niyə kənar qüvvələrin təsiri altında dağıtmağa çalışırıq? Biz birliyimizi düşmənə qarşı istifadə etməliyik. Biz bir millət olaraq varlığımzı düşmənə sərgiləməliyik. Bu cür iğtişaşları yaratmaqla, sabitliyi pozmaqla biz ancaq düşmənin dəyirmanına su tökmüş oluruq. Bu gün bizim əsayişimizi qoruyan polisə əl qaldırmaqla, onların sağlamlığına xəsarət yetirməklə dövlətimizə qarşı çıxmaqla yalnız düşmənə güc vermiş olarıq. Bu doğru yol deyil. Mən Gəncə hadisələrini millətimizə yaraşdırmıram.

- Qohumların, dostların yaşayır Gəncədə. Ordakı abu- hava necədir.

- Həqiqətən mən tez- tez Gəncəyə gedib gəlmişəm. Gəncədə həmişə gözəl şərait olub. Qohumlarım evlərinə rahat gedib gəliblər, normal dolanırlar. 20-25 il əvvəl əvvəl gecə saat 9-dan sonra şəhərə çıxmağa ehtiyat edirdilər, bu gün rahat hamı həyatını yaşayır. Qaldı hamının həyatında çətinliklər olur, sosial problemlərin olması normaldı. 

Dünyanın ən böyük dövlətlərində belə cəmiyyətin bəzən sosial qayğıları ola bilər. Bu o demək deyil ki, iğtişaş yaratmalısan, qan tökməlisən, adam öldürməlisən. Sosial qayğılar hər kəsdə ola bilər, işsizlikdən ola bilər əziyyət çəkən bir sıra insanlar olsun, bunun da həlli yolları var, mərhələləli şəkildə problemlər həllini tapır. Dövlətin inkişafı üçün millət də dövlətin yanında olmalıdır. Biz millət olaraq dövlətimizə dəstək olmalıyıq ki, bu çətinliklərdən qurtulaq, torpaqlarımızı işğaldan azad edək. Bizim bir dərdimiz var - Qarabağ. Hər birimiz çətinliklərə qatlanaraq məhz torpaqlarımızın işğalı uğrunda birlik sərgiləmək əvəzinə, bəzi kənar təsirlərə qapılaraq qardaş qırğını yaradırıq. Bu həqiqətən yolverilməzdi. Hər bir çətinliyin bir çıxış yolu var. Əgər sosial problem varsa bunun üçün dövlət qurumları var, onlara üz tutmaq, sivil qaydada məsələnin həllinə çalışmaq olar. Millət dövlətə dəstək olmalıdı.

- Gəncəli olaraq gəncəlilərə sözün, mesajın varmı?

- Təbii ki, mən olanlardan üzgünəm. Gəncəlilərə üzümü tutub deyirəm ki, səbirli olun. Təmkininizi itirməyin. Hadisələr belə sərt reaksiya göstərməyək. Dövlətmizin başında elə bir savadlı, siyasi dünygörüşü geniş bir şəxsiyyət dayanıb ki, bu qədər narahatlığa etiyac yoxdu. Bu gün Azərbaycana gələnlər bizim həyat şəraitimizi görəndə mat qalır. Çünki az-az ölkələrdə bu gün bu qədər normal həyat şəraiti var. Mən Azərbaycanın hər qarışını sevən insanam. Mənim üçün Naxçıvan da , Lənkəran da, Şəkidə doğmadı. Mən Azərbaycanın hər bölgəsini sevən insanam. 

Mən Azərbaycanı sevən insanam. Hər bir vətəndaşa da sözüm budur ki, millətini, torpağını, vətənini, dövlətini sevməyə üstünlük versin. Çünki biz bu torpağın, bu dövlətin inkişafına çalışmasaq bizi düşmənlər məhv edər. Buna yol verməyə haqqımız yoxdu. Azərbaycanı bölgələrə bölmədən sevməyi bacaraq. Bölgələr bölgələrlə ancaq inkişaf məqsədilə rəqabət aparsın. Gəncəli naxçıvanlı, lənkəranlı, qarabağlı fərq etməz, azərbaycanlıyıq. Ailədə söz söhbət ola bilər, çətinlik ola bilər, buna görə qan tökmək lazımdır ki? Axı bu dövlət də bizim ailəmizdi. Baş verən hadisələrdən hər birimiz nəticə çıxaraq. Qardaş qardaşı təmkinli olmağa səsləsin. Dövlətimiz, bayrağımız ətrafında birləşib düşmənə güc sərgiləyək. İçimizdə vətən sevgisini bir az da çoxaldaq ki, qardaş qırğınlarına imkan yaratmayaq. Bu gün torpaqları işğal altında olan millətə qardaşı qardaşla üz- üzə qoymaq vətənə xəyanətdi. Dövlət başçımıza dəstək olaq, dövlətimizə dəstək olaq. Təxribatlara uymayaq, düşmənimizi sevindirməyək.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25