2018-07-11 17:36:53   |   433 dəfə oxunub

"Şahbaz dərmanla yaşayır, Dilqəm də nə məktub yazır, nə də..." - Girovların ailəsidən açıqlama



Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri iyun ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib:

"Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

"Sherg.az” olaraq, işğal olunmuş ərazilərimizdə girov saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti, ailələrinə göndərdikləri məktublar barədə məlumat almaq üçün onların ailə üzvləri ilə əlaqə saxladıq.

 D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov da BQXK əməkdaşlarının girovlara baş çəkdiyini təsdiqləyib. O, atasından heç bir məktub gətirilmədiyini söyləyib:

"BQXK əməkdaşları Dilqəm və Şahbazla görüşdüklərini deyiblər. Amma bizə nə məktub, nə də videogörüntü gətirilib. Şifahi şəkildə məlumat çatdırdılar ki, atamın səhhəti, saxlanma şəraiti normaldır. Biz atama məktub yazıb göndərmişdik. BQXK əməkdaşları dedilər, oxuyub, amma cavab yazmaq istəməyib. Sonuncu dəfə atamdan 2017-ci ilin noyabrın əvvəlində məktub almışıq”.
K.Əsgərov yaranmış vəziyyətlə bağlı BQXK-nı günahlandırmadığını xüsusi vurğulayıb:

"Onlar qeyd edirlər ki, öz mandatlarına uyğun addım atırlar, yazdığımız məktubları çatdırıb, girovların səhhəti, durumu ilə maraqlanırlar. Əgər hər hansı məlumat olsa, bizlərə çatdırırlar. Komitə işçilərinin dediklərinə görə, atam nə məktub yazmaq istəyir, nə də videogörüntü alınmasına razılıq verir”.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev də BQXK əməkdaşlarının heç bir məktub gətirmədiyini deyib:

"Biz qardaşıma bir neçə ay bundan əvvəl məktub yazmışıq. BQXK əməkdaşları məktubumuzu Şahbaza çatdırıblar. Amma bizə qardaşımdan heç bir məktub gətirmədilər. Bu dəfəki görüşdən sonra məlumat da verilmədi. Komitədən maraqlandıq, onlar qardaşımın sadəcə Şahbaz Quliyevin normal olduğunu söylədilər, məktub yazmamasının səbəbi barədə heç bir məlumat vermədilər.
Amma biz özümüz çox yaxşı bilirik ki, Şahbaz dərmanla yaşayır. Yenə də şükür ki, durumu nisbətən yaxşıdır”.

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.
2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb. Azərbaycanda isə iki erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır. Arsen Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22