2018-07-11 19:02:13   |   149 dəfə oxunub

“Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşü nə vəd edir ? - İZAH



"Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ortaq fikir, razılaşma olacağını gözləmək hələ tezdir”.

Bunu "Sherg.az”a politoloq İlqar Vəlizadə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin"Azərbaycan intensiv və substantiv danışıqları dəstəkləyir" fikrini şərh edərkən bildirib.

Onun fikrincə, indiyə qədər başlaması ləngiyən danışıqlar prosesinə artıq start verilməlidir:

"Fikir mübadiləsinin davam etdirilməsinə ehtiyac var. Amma tərəflərin şərtləri, irəli sürdüyü fikirlər bəlli deyil. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ilk görüşündə bu şərtlər məlum olacaq.

Ermənistanın da Azərbaycanın da mövqeyi məlumdur. ATƏT-in Minsk qrupunun həmsədrləri isə ortaya qoyulan mövqeləri ortaq məxrəcə gətirib çıxarmalıdır. Əvvəllər Ermənistanın mövqeyinə Rusiya bu və ya digər şəkildə təsir edə bilirdi. 

Hazırkı hakimiyyətin səsləndirdiyi fikirlərə Rusiya nə dərəcədə təsir edəcək, bu, sual altındadır. Nikol Paşinyanın nə qərar qəbul edəcəyi, hansı oyunu oynayacağı bilinmir. Vəziyyətin mürəkkəbliyi sırf bundan ibarətdir”.

Qeyd edək ki, H. Hacıyev bu gün axşam saatlarında Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün baş tutacağını bəyan edib. H.Hacıyev bildirib ki, danışıqlar prosesinin gündəliyi və formatı bəllidir: "Bu, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Azərbaycan davamlı sülhü və münaqişənin həlli üçün intensiv və substantiv danışıqları dəstəkləyir".

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-07-18