2018-07-12 19:52:44   |   694 dəfə oxunub

"Ünvanlı sosial yardımın verilməsində kənar müdaxilələr hələ də var" - İQTİSADÇI



"Yeni yaradılan, rəhbərliyi dəyişdirilən qurumlarda, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) hələlik yalnız kadr islahatları müşahidə olunur”.

Bunu "Sherg.az”a son iki ayda DSMF-nin 11 rayon şöbəsinin rəhbərinin işdən azad edilməsinə münasibət bildirərkən iqtisadçı-ekspert Vüqar Bayramov söyləyib.

O vurğulayıb ki, ƏƏSMN-də ölkə başçısının qeyd etdiyi çatışmazlıqların aradan qaldırılması, elektron sistemin təkmilləşməsi, məmur və vətəndaş arasında ünsiyyətin minimumlaşdırılması və yeni innovativ xidmətlərin tətbiqi istiqamətində dəyişikliklər müşahidə edilmir:

"Bizim gözləntilərimizin təmin olunması, ölkə başçısının qeyd etdiyi problemlərin aradan qaldırılması tək kadr islahatı ilə əlaqədar deyil. Bununla yanaşı təklif edirik ki, praktik olaraq nazirliyin fəaliyyətinin təkmilləşdirilməsi həyata keçirilsin. Çünki korrupsiyaya qarşı mübarizə, müşavirədə qeyd edilən nöqsanların aradan qaldırılması, məmur-vətəndaş ünsiyyətinin minimallaşdırılması halında mümkündür. Vətəndaşlar üçün kənar müdaxilələrdən sığortalanmış, elektron xidmətin təklif olunmasına ehtiyac var.

Elektron sistem tətbiq olunsa da, ünvanlı sosial yardım alanların strukturu, siyahısı, bu sahədə aparılan analizlər göstərir ki, kənar müdaxilələr hələ də var. Ona görə, əvvəlki dövrlərdə ünvanlı sosial yardımı almaq hüququ olmayanların bir qismi bu yardımı alır, hüququ olanlar isə kənarda qalırdı. Bu istiqamətdə mövcud olan boşluqların, qanunsuz müdaxilə imkanlarının aradan qaldırılması vacibdir. Kadr islahatları struktur islahatları ilə müşahidə olunsa, ƏƏSMN daha innovativ vasitələrdən istifadə edərək, xidmətləri təşkil etsə, problemlərin aradan qaldırılması mümkündür”.

Qeyd edək ki, bu gün ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi, mövcud olan neqativ halların qarşısının alınması, qərar qəbul etmə prosesində şəffaflığın artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə bu ilin 30 aprel tarixində yaradılmış İşçi Qrupun növbəti iclası olub. İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, qanunsuz şəkildə sosial yardım alan ailələrin müəyyən olunaraq onların yardımla təminatının dayandırılması, eyni zamanda, sosial yardıma ehtiyacı olan, lakin bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi üçün hazırda nazirlik tərəfindən konkret işlər aparılır.

Aysel Aslan











SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22