2018-07-12 20:19:56   |   283 dəfə oxunub

"Azərbaycanın NATO və Aİ-lə münasibətləri daha da gücləndi" - Deputat



"Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbaycanın iki mühüm təşkilatla əməkdaşlığına və tərəfdaşlığına həsr olundu”.

Bu barədə "Sherg.az”a ölkə başçısının Brüssel səfərinin təfərrüatlarını izah edərkən millət vəkili Asim Mollazadə bildirib. 

Parlamentari vurğulayıb ki, Azərbaycan prezidenti Brüssel səfəri çərçivəsində Avropa İttifaqının rəsmiləri ilə görüşüb və NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün təşkil olunan qəbulda iştirak edib:

"Azərbaycan NATO ilə uğurlu tərəfdaşlıq proqramlarında çıxış edir və hazırda bu təşkilatın terrorla mübarizə tədbirlərində ölkəmiz yaxından iştirak edir. Bu istiqamətdə Azərbaycanın NATO-ya verdiyi lojistik dəstək yüksək qiymətləndirilir. Azərbaycan Silahlı Qüvvələri isə müasirləşmək, yeni təcrübə əldə etmək istiqamətində NATO ilə əməkdaşlığa xüsusi önəm verir”.

Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərindəki yeni məqamlara gəlincə, A. Mollazadə vurğulayıb ki, "Tərəfdaşlıq prioritetləri” sənədinin iki tərəf arasında imzalanması əməkdaşlıqların yüksək səviyyədə olduğunu dünyaya nümayiş etdirdi:

"Aİ müxtəlif sahələrdə, o cümlədən ticarət istiqamətində Azərbaycanın mühüm tərəfdaşlarından biridir. Ölkəmiz Aİ ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. İmzalanmış sənəddə prioritet sahələr sırasında humanitar məsələlərə, ölkədəki islahatlara dəstək aspektinə xüsusi diqqət yetirilib. Bunun fonunda təhsil sahəsində əməkdaşlığın artırılması, azərbaycanlı tələbələrin Avropa universitetlərində təhsil almasına daha da imkan yaradılması nəzərdə tutulub.

Qeyd etdiyim ki, Brüssel səfəri zamanı Azərbaycanın hər iki təşkilatla münasibətləri daha da gücləndi. Əminəm ki, bundan sonra sözügedən beynəlxalq təşkilatla əməkdaşlığımız daha da artacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də baş tutan Brüssel səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Eyni zamanda ölkə başçısı həmin gün NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün təşkil olunan qəbulda iştirak edib.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22