2018-07-13 13:38:15   |   955 dəfə oxunub

“Gənclik məktəbsiz yol gedir”

Mübariz Tağıyev: “Qətiyyətlə deyirəm, Azərbaycanda şou-biznes aləmi yoxdur”

“Mən belə bir aurası olan estrada mühitində konsert verə bilmərəm, məktəbim yol vermir”



Azərbaycan estrada səhnəsi bu gün sönük görünür deyənlər də var, bu günün estrada səhnəsində pərəstiş qazanan sənətçilər də. Amma Azərbaycan estrada səhnəsi sanki rəngini, itirib, bozlaşıb. Bu günün estrada səhnəsi heç də rəngarəng deyil. Hətta 10 il əvvəllə müqayisədə isə daha vulqar görünür. Hər halda bu da səbəbsiz deyil. Bu günün Azərbaycan estrada səhnəsindən isə hamı danışsa da, bu barədə danışmaq haqqı az sənətçilərə məxsusdu. "Şərq”in budəfəki həmsöhbəti, məhz Azərbaycan estrada səhnəsindən daha çox danışmaq haqqına sahib olan sənətkar, xalq artisti Mübariz Tağıyev oldu. Onunla söhbətimizdən əslində bu nəticəyə gələ bildik ki, elə Mübariz Tağıyevin də gözündə Azərbaycan estrada səhnəsinin rəngi boz rəngə bürünüb:

"Əslində biz bu gün olmayan estrada səhnəsindən danışmış oluruq. Konkret ad çəkə bilmərəm. Mən caz, rok, pop və digər janrlarda ifa etmişəm. Bu istiqamətlərin hamısını keçmişəm. Lakin hərdən gənc həmkarlarıma da deyirəm ki, muğamda olduğu kimi, estrada musiqisinin də istiqamətləri çoxdur. Birini seçib onunla davam etmək lazımdır. Əgər daim axtarışdasansa, axıra gedib çıxa bilməyəcəksən. Bir yolu tam öyrənməmiş başqasına keçmək bisavadlıqdır. Bir vaxtlar rumba, mamba var idi. Bu gün onlar faktiki olaraq meydandan çıxıb. 

İndi tvist deyəndə gülməli gəlir. Kubada, Meksikada yaranmış musiqi janrları olsa da, estrada müğənniləri bunları bilməlidir. Demirəm ki, gənc nəslin nümayəndələri arasında istedadlılar yoxdu, var. Sadəcə onlar da düzgün istiqamətləndirilmirlər. Səhnəyə isə təsadüflər gəlib, daraşıb. Azərbaycan şou-biznesi bu gün o qədər rəngini itirib ki, səhnə boz rəngdədi, solğundu. Estrada səhnəsində olanlar estrada musiqisindən başqa hər janrda oxuyurlar. Amma adları estrada ifaçılarıdır. Estrada əslində musiqidə ciddi janrdır. Sadəcə ona professional bir yanaşma olmalıdır. Bu gün Azərbaycan səhnəsində oxuyanların əksəriyyətinin estrada musiqisindən xəbəri yoxdu. Azərbaycan estrada səhnəsinin bir yolu var idi. Bu gün o yol itib. Estrada səhnəsi istiqamətini elə itirib ki, onu tənzimləmək çətinləşib. Bilirsiz, bu gün nəyə bənzəyir estrada səhnəmiz? Sanki sükan arxasında sürücü olmadan idarə olunan bir mexanizm var. 

Sadəcə əyləcə basılıb yol gedirlər, hara getdikləri isə bəlli deyil. Hər ifaçının öz yolu olmasa, o, bu sənətdə uğur əldə edə bilməz. Hamı şou-biznesdən danışır. Amma Azərbaycanda şou-biznes aləmi yoxdu. Bunu qətiyyətlə deyirəm. Bu günkü estrada səhnəsində olan gənclik məktəbsiz yol gedir. Xanəndə aləmi də eyni vəziyyətdədir. 

Xanəndə müsabiqələrindən çıxan uşaqların əksəriyyəti estrada istiqamətinə yön alır. Tarkan özü də elədir. O, xalq musiqisindən gəlib. Ancaq bunun dayanacağı gün olacaq. Bizdə mədəniyyət də düzgün formalaşmayıb. Amerikanın istənilən restoranında müğənnilərin konserti baş tutur, lakin orada oturub müğənnini dinləyirlər. Qaldı mənə, belə bir aurası olan estrada mühitində konsert vermək doğru deyil. Deyərsiz ki, axı konsert verənlər var. Var, bəlkə onların publikası da var. 

Amma mən bu şəkildə konsert verə bilmərəm. Mənim məktəbim buna yol vermir. Konsert beş günə təqdim oluna bilməz. Bunun üçün ciddi hazırlıq lazımdı. Bizdə isə oturub lülə-kabab yeyərək müğənniyə qulaq asmaq ənənəsi yaranıb. Bu, təhlükəlidir, sənətin faciəsidir. Mən ifaçıyam. Mənə mahnıya mətn tapmaq üçün şeir kitabları daha maraqlı gəlir. Bəzən bir günə bir kitabı tam oxuyuram, amma orada bir şey tapa bilmirəm.

 Musiqiyə şeir yazmaqda Baba Vəziroğlu, İsmayıl Dadaşov püxtələşib. Rəhmətlik Nüsrət Kəsəmənli də peşəkar idi. Vaqif Səmədoğlu isə əsl fantastika idi. Onun üçün maneələr mövcud deyildi. Bu gün isə gənclər arasında nə məntiqli şeir yazanlar var, nə də peşəkar musiqi təqdim edənlər. Peşəkarlar varsa da sənətdən, səhnədən uzaq düşüblər. İndi oxuyan çoxdu, sənətkar azalıb. Bəlkə də problemimiz budur. Bilirsiz, bu barədə çox söz demək olar. Amma əgər dediklərimizin nəticəyə təsiri yoxdusa, dəyərmi sözü nüfuzdan salmağa?”.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-09-25