2018-07-15 07:22:06   |   1132 dəfə oxunub

Bu gün dünya çempionatının qalibi müəyyənləşəcək



Rusiyadakı futbol üzrə dünya çempionatında bu gün final matçı keçiriləcək.

"Report"un məlumatına görə, Moskvadanın "Lujniki" stadionunda Fransa və Xorvatiya milliləri üz-üzə gələcəklər.

Onlar 62 oyunluq mübarizənin ardından - yarımfinal görüşlərindən sonra bir-birilərinə rəqib olublar. Ötən gün 63-cü matçda bürünc mükafatçı müəyyənləşib. Belçika İngiltərəni 2:0 hesabı ilə yenərək, mundiallar tarixinində ilk dəfə 3-cü yeri tutub. Finalda isə Xorvatiya tarixi nailiyyətə imza ata bilər. Əslində bu komanda həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib və bürünc medal qazandığı DÇ-1998-dəki nailiyyətini yaxşılaşdırıb. Lakin 20 il əvvəlki mundialın yarımfinalında məhz Fransaya 1:2 hesabı ilə uduzmuş Xorvatiyanın indi intiqam hissi baş qaldırmamış deyil.

Zlatko Daliçin baş məşqçi olduğu kollektiv qrup mərhələsindəki bütün görüşlərini qələbə ilə başa vurub. Pley-off matçlarında isə Xorvatiya hər 3 görüşündə ya penaltilər seriyasında, ya da əlavə vaxtda mərhələ adlayıb. Əvəzində qrupda 2 qələbə və 1 heç-heçə ilə birinci yeri tutan Fransa hər 3 pley-off görüşünü 90 dəqiqəlik mübarizənin yekununda qələbə ilə tamamlayıb. Bu baxımdan, Didye Deşamın baş məşqçi olduğu kollektivin daha az güc sərf etdiyini demək olar. İndi Deşam 20 il əvvəl kapitan kimi ilk dəfə dünya çempionu etdiyi Fransanı futbolçu kimi mundialın qızıl medalına qovuşdurmağa yaxındır. Buna nail olacağı təqdirdə, o, braziliyalı Mario Zaqallo və almaniyalı Frants Bekkenbauerdən sonra planetin üçüncü belə insanı olacaq.

Digər tərəfdən, Fransa yarımfinalda sonradan bürünc medala yiyələnən Belçikanı üstələyib. Xorvatiya isə medalsız qalan İngiltərə üzərində əlavə vaxtda əzmkar qələbə qazana bilib. Bu amil də "xoruzlar"ın ikiqat dünya çempionu olma şanslarını artırır. Əslində hələ yarımfinal öncəsi də Fransa - Belçika cütünün qalibinin qızıl medal qazanacağını söyləyənlər kifayət qədər çox idi.

Amma tarix Braziliya (5 dəfə), Almaniya (4 dəfə), İtaliya (4 dəfə), Uruqvay (2 dəfə), Argentina (2 dəfə) İngiltərə, Fransa və İspaniyadan sonra 9-cu ölkənin çempionluğuna şahidlik etmək istəyir.

Digər tərəfdən, bu gün eyni ildə həm Çempionlar Liqası, həm də dünya çempionatının qalibi olan 9-cu futbolçunun adına aydınlıq gələcək. Bu ada iddialı hər iki şəxs - həm fransalı müdafiəçi Rafael Varan, həm də xorvatiyalı yarımmüdafiəçi Luka Modriç İspaniya "Real Madrid"ində çıxış edir.

Qeyd edək ki, dünya çempionluğu üçün nə əlavə vaxt, nə də penaltilər seriyasının lazım gəldiyi sonuncu final matçı 2002-ci ilə təsadüf edib. Həmin vaxt Braziliya Almaniyanı 2:0 hesabı ilə yenib. Sonrakı mundiallarda qalib bir dəfə əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan görüşdə penaltilər seriyasında, iki dəfə əlavə vaxtda bir qolla müəyyənləşib. Əsas vaxtda qol vuran sonuncu futbolçu isə İtaliya yığmasının sabiq müdafiəçisi Marko Materatsidir. Bu, Materatsinin fransalı Zinəddin Zidanın kəllə zərbəsinə tuş gəldiyi DÇ-2006-nın finalına təsadüf edib.

DÇ-2018

Final

15 iyul

19:00. Fransa - Xorvatiya

Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Byörn Kuypers, Ervin Zeinstra (hər ikisi Hollandiya)

Moskva, "Lujniki" stadionu.






SON XƏBƏRLƏR

2018-11-20