2018-07-16 22:58:05   |   2463 dəfə oxunub

Birliyimizi heç bir qüvvə sarsıda bilməz

Dövlətimiz xalqla çiyin-çiyinə növbəti sınaqdan da üzüağ çıxdı



Son günlər Gəncədə törədilən cinayətlərin bədxah xarici qüvvələr tərəfindən planlaşdırıldığı inkarolunmazdır. Təəssüflər olsun ki, bu qüvvələr zaman-zaman Azərbaycanın müstəqilliyinin qorunmasına, dövlətin qüdrətlənməsinə, dünyadakı mövqelərinin güclənməsinə qısqanclıqla yanaşırlar. Ancaq onlar unudurlar ki, artıq Azərbaycan cəmiyyəti yetkindir. Dövlətimizi, dövlətçiliyimizi qorumaq hər bir vətənpərvər azərbaycanlının borcudur.

Bu cəmiyyət ölkədə sabitliyin pozulmasına, iğtişaşlar törədilməsinə heç zaman yol verməməlidir və verməyəcək. Aramızda radikallara, anarxistlərə yer olmamalıdır. Gəncə hadisələrini törədənlər də, onlara dəstək verənlər də məsuliyyətdən kənarda qalmamalıdır. Hər birimiz Prezidentimizin ətrafında sıx birləşməliyik. İmkan verməməliyik ki, bu birliyi hansısa qüvvə sarsıtmağa cəhd göstərsin. Prezident İlham Əliyevin respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bildirdiyi kimi, cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək: "Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənalı olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi. Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib, əməliyyat-axtarış işləri davam etdirilir. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə

cəlb olunacaqlar. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub, əminəm ki, biz buna nail olacağıq”. Dövlət başçısı, həmçinin qeyd etdi ki, Azərbaycanın müstəqillik tarixində ölkəmizə qarşı bir neçə dəfə silahlı təxribatlar, terror aktları törədilib, dövlət çevrilişlərinə cəhd olub. Lakin onların biri də baş tutmayıb. Çünki ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi var: "Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz. Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq”.

Respublikamızın bütün ictimaiyyəti dövlətiçiliyimizə, təhlükəsizliyimizə, milli maraqlarımıza qarşı yönəlmiş bu təxribatçı əməlləri pisləyərək cinayətkarların ən sərt şəkildə cəzalandırılmasını tələb etməklə bir daha dövlətimizin, ölkə rəhbərliyinin yanında olduqlarını qətiyyətlə nümaiyş etdirdilər. Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar birmənalı olaraq bəyan etdilər ki, bu terrorçu əməllərin arxasında uğurlarımızı, Azərbaycanın müstəqil siyasət yeritməsini, respublikamzın gündən-günə inkişaf etməsini gözü götürməyənlər, ona qısqanclıqla yanaşanlar, xarici düşmənlərimiz dayanır.

Tanınmış siyasi ekspert Nəzakət Məmmədova "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan müstəqillik dövrünün növbəti bir sınağından da üzüağ çıxa bildi: "1993-cü ildən bəri Azərbaycan dəfələrlə bu sınaqlarla üzbəüz qalıb və hər zaman da bu təhdidləri uğurla dəf edə bilib. Lakin ulu öndər Heydər Əliyev bu çətinlikləri, ölkəmizin başının üstünü almış bu qara buludları uzaqlaşdıra bildi. İndi isə Prezident İlham Əliyev dövlətçiliyimizə qarşı xarici güclərin növbəti silsilə təxribatlarının, pozuculuq fəaliyyətinin qarşısını ala bildi. Belə bir müdrik kəlam var ki, əgər sizin düşmənləriniz varsa, deməli siz nə vaxtsa nə uğrundasa mübarizəyə qalxmısınız. Azərbaycanın ərazisi və əhalisi o qədər də böyük olmasa da, qlobal siyasətə təsir edə bilən bir çox mühüm addımlar atır. Ölkəmiz nəhəng nəqliyyat-kommunikasiya, enerji layihələri həyata keçirir, dünyəvilik, demokratiya prinsiplərini əsas götürür. Bütün bunlar mürəkkəb geosiyasi regionda yerləşən ölkəmiz üçün dostlar qazandırdığı kimi, düşmənlər də qazandırır. Əsrlər boyu Azərbaycanı öz nəzarətində saxlamağa çalışmış bəzi xarici siyasi dairələr qonşu dövlətlərin suverenlik, daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət etməyərək, əksinə, müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışırlar. Gəncədə baş verən terror hadisələri zamanı bir məsələ diqqət çəkdi. Belə ki, təxribat törətmək istəyənlər sosial şəbəkələrin, onlayn medianın imkanlarından geniş istifadə etməyə cəhd etdilər. Məsələn, anonim profillərdən Gəncə hadisələri dəstəkləndi, terrora çağırışlar oldu, polislərin öldürülməsi bəzi xəyanətkar insanlar tərəfindən yüksək qiymətləndirildi. Belə görünür ki, bəzi qüvvələr ölkəmizdə interneti cəzasız mühit hesab edirlər. Amma bu yanaşma kökündən yanlışdır”.

Politoloq bildirib ki, Azərbaycanın onlara tabe olmayaraq, müstəqil xarici siyasət yeritməsi, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri həyata keçirməsi ölkəmizə qarşı olan davamlı hücumları artırır: "Təəssüf ki, son hadisələr artıq diplomatik demarş müstəvisindən fəal kəşfiyyat, təxribat-pozuculuq müstəvisinə keçdi. Bu, Azərbaycan dövləti üçün növbəti bir sınaq idi və dövlətimiz xalqla çiyin-çiyinə bu sınaqlardan da üzüağ çıxdı. TANAP layihəsindən dərhal sonra, Prezidentin Brüssel səfəri ərəfəsində bu, xüsusilə təəssüfedici idi. Lakin xarici dairələr öz istəklərinə çata bilmədilər və onların planları növbəti dəfə iflasa uğradı. Həmin dairələr əsrlər boyu Azərbaycandan əl çəkməyib və bundan sonra da yəqin ki, imperiya təfəkkürü qaldıqca bu dairələrin planları da növbəti mərhələlərə qədəm qoyaraq yeni çalarlar əldə edəcək. Lakin əminliklə deyə bilərəm ki, bu planlar iflasa uğramağa məhkumdur və həmin dairələr üçün fiasko qaçılmazdır. Çünki Azərbaycan günü-gündən möhkəmlənir və dünya birliyində öz yerini daha da möhkəmləndirir”.

N.Məmmədova bəyan edib ki, təəssüf ki, bəzi media orqanları burada konstruktiv mövqe tutmaq əvəzinə, dövlətçilik əleyhinə yalan məlumatları yaymaqla məşğul olublar: "İstər xaricdə fəaliyyət göstərən, istərsə də daxildəki saytlar bunu etməklə düşmən dəyirmanına su töküblər.

Yəqin ki, onların fəaliyyətindəki qanunzidd hallar müvafiq orqanlar tərəfindən araşdırılaraq layiqi qiymət veriləcək”.

İsmayıl






SON XƏBƏRLƏR

2018-11-21