2018-07-17 18:21:41   |   1177 dəfə oxunub

Sabiq deputat:"Jirinovskinin bu ifadələri ermənilərin xislətini ifşa etdi"



"Ermənilər işğal altındakı torpaqlarımızın yandırılmasından tutmuş, dinc sakinlərə, körpələrə atəş açılmasına qədər insanlığa sığmayan bütün vasitələrdən istifadə edib, Azərbaycan xalqının əzmini qırmağa çalışırlar”.

Bunu "Sherg.az”a Ağdam rayonu istiqamətində dinc sakinlərin ermənilər tərəfindən atəşə tutulmasından danışarkən sabiq millət vəkili, tarix üzrə elmlər doktoru, professor Həvva Məmmədova söyləyib. 

O qeyd edib ki, Azərbaycan heç bir dövlətə qarşı müharibə elan etməyib, heç bir qonşu ölkənin torpaqlarına göz dikməyib:

"Azərbaycana qarşı daim terror aktı törədən, işğalçılıq siyasəti yeridən ermənilər olub. Hələ XX əsrin sonlarında ölkəmizdə metronun partladılması, avtobusların yandırılması və s. terror aktlarında ermənilər iştirak edirdi. Bütün bunlar ermənilərin iç üzünü dünyaya göstərdi. Amma beynəlxalq birlik nədənsə hadisələrə göz yumur.

Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri Vladimir Jirinovski yaxınlarda ermənilərlə bağlı bəzi ifadələr səsləndirdi. O deyirdi ki, Azərbaycan müsəlman ölkəsidir, orada yaşayan rusların sayı çoxdur və onlara yüksək hörmət qoyulur. Ancaq Ermənistan xristian ölkəsi olsa da, orada ruslar yaşaya bilmir, baş götürüb, çıxırlar. Jirinovskinin bu ifadələri ermənilərin hansı xislətə sahib olduğunu, heç bir milləti qəbul etmədiyini göstərir.

İkinci Dünya Müharibəsi belə SSRİ tərəfindən ədalətlə yürüdülən müharibə idi. Bu savaş zamanı qocalara, qadınlara, uşaqlara toxunulmurdu. Bu faktları həmin dövrü əks etdirən kitablarda da yer alıb. Amma təəssüf ki, bu gün terrorçu Ermənistan, onun havadarları, maliyyələşdirən ölkələr cəbhə xəttində müdafiəsiz insanlara qarşı terror törətməkdən yayınmırlar”.

H.Məmmədova ermənilər tərəfindən indiyə qədər çox sayda azyaşlının qətlə yetirildiyini, dinc əhalinin atəşə məruz qaldığını, həyatını itirdiyini xatırladıb:

"Zaman gələcək, o körpələrin taleyindən, ermənilərin bu amansız, insanlığa sığmayan hərəkətlərindən ibarət ssenarilər yazılacaq, filmlər çəkiləcək. Ermənilər alçaq niyyətlərini o qədər əzazil metodlarla həyata keçirirlər ki, yazılanlar onların əməlləri qarşısında aciz qalacaq. Düşmən özünü dünyaya yazıq, fağır göstərməyə, etdikləri cinayətləri pərdələməyə çalışır.

Hazırda işğal olunmuş ərazilərimizdə girov saxlanan azərbaycanlılar Dilqəm Əsgərov Şahbaz Quliyev heç bir erməniyə güllə atmadığı, dinc şəkildə öz ata-babalarının qəbirlərini ziyarət etdiyi halda torpaqlarda girovdurlar. Bütün dünya Dilqəm və Şahbazın durumundan xəbərdardır, lakin beynəlxalq təşkilatlar heç bir addım atmırlar.

Bu gün Ermənistanda təxmini bir milyon yarım erməni yaşayır. Əhalinin get-gedə azalmasının səbəbi isə ölkədə hökm sürən xaos, korrupsiya, aclıq və səfalət nəticəsində ermənilərin xarici ölkələrə axın olmasıdır. Baş alıb ölkədən gedən insanların isə xaricdə havadarları və onlar birləşib Ermənistana dəstək verirlər. Başa düşmürlər ki, öz vətənlərindən nə qədər mühacirət etsələr, kənardan dəstək göstərsələr də, ölkənin çökməsinin qarşısını ala bilməyəcəklər.

Ermənistan erməniləri və Dağlıq Qarabağda yaşayan ermənilər arasında mübarizə gedir. Onlar heç vaxt Dağlıq Qarabağ ermənilərini qəbul etməyiblər. Çünki bunları Azərbaycandan dönmə ermənilər hesab edirlər. Ona görə, Dağlıq Qarabağda yaşayan ermənilər anlayırlar ki, Ermənistanda onlara heç bir dayaq olmayacaq.

Hesab edirəm ki, Ermənistandakı problemlər getdikcə ciddiləşir. Ona görə, biz çalışmalıyıq, bütün xarici təşkilatlara, ölkələrə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarını, qətlə yetirilən körpələri, dinc əhalinin üzləşdiyi faciələri çatdırmaqda davam etməliyik”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub. Kənddə artezian quyusunda təmir işləri aparan rayon Mexaniki Suvarma İdarəsinin işçiləri atəşə məruz qalıblar. Onlar dərhal ərazidən uzaqlaşa biliblər. Amma ermənilərin açdığı atəş nəticəsində artezian quyusunun boruları dağılıb.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-25