2018-07-18 15:38:05   |   793 dəfə oxunub

Kvasın saxlandığı çəlləklərə QURBAĞALAR atılır ? - AÇIQLANDI




Kvasların içərisinə qurbağa atılması fikri Sovet dövründən formalaşıb və yalandır”.

Bunu "Sherg.az”a yay fəslində sakinlərin daha çox istehlak etdiyi içkilərdən olan kvasın saxlandığı çəlləklərə qurbağa atılması barədə iddialara münasibət bildirərkən Azad İstehlakçılar İctimai Birliyinin (AİB) sədri Eyyub Hüseynov söyləyib. 

O diqqətə çatdırıb ki, kvas qıcqırdılmış xəmirdən hazırlanır və içərisinə qıcqırdıcı maddələr əlavə edilir:

"Əvvəllər əhali kvas çəlləklərinin içərisində qurdların olduğunu da iddia edirdi. Amma bir neçə il öncə apardığımız araşdırmalar göstərdi ki, bu versiya da həqiqəti əks etdirmir.

Kvasın hazırlanması texnologiyasında, ümumiyyətlə, qurbağa atılması, bu heyvanın içkini sərin saxladığı fikri əks olunmayıb. Sakinlərin qeyd etdiyi bu iddialar Sovet dövründən qalan fikirlərdir və məntiqə uyğun deyil”.

Azərbaycanda istehsal olunan digər içkilərin standartlara uyğun hazırlanıb-hazırlanmamasına gəlincə, E.Hüseynov vurğulayıb ki, əsasən spirtli içkilərin istehsalında problemlər var:

"Ötən il may ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi ilə birlikdə araşdırmalar apardıq. Müəyyən etdik ki, xarici brend adı altında ölkədə saxta içkilər istehsal olunur. Aşkar edilən bu faktların qarşısı zamanında alındı. Amma belə halların hələ də mövcud olduğunu, ölkədə içki istehsalında tam vəziyyətin bərqərar olmadığını düşünürəm.

İstehsal olunan adi suyun tərkibində, keyfiyyətində belə problem var. Hələ də tam aydın deyil ki, mağazalarda satılan içməli su krandan doldurulur, yoxsa həqiqətən keyfiyyətli sudur. Bunu müəyyən etmək də çətindir.
Həmçinin istehsal olunan şirələrdə də problem var. Bu məhsulların təxminən 30 faizi standartlara uyğun hazırlanmır”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22