2018-07-18 16:05:56   |   431 dəfə oxunub

"Bu mexanizm ünvanlı sosial yardımın verilməsində obyektivliyi təmin edəcək"- EKSPERT



"Ünvanlı sosial yardım almaq üçün elektron müraciət prosedurunun sadələşdirilməsi yardımın alınmasında mövcud olan problemlərin aradan qaldırılması istiqamətində atılan ilkin addım kimi qənaətbəxşdir”.

Bunu "Sherg.az”a ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması işləri çərçivəsində sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət prosedurunun sadələşdirilməsinin əhəmiyyətini izah edərkən iqtisadçı-ekspert Natiq Cəfərli söyləyib.

O diqqətə çatdırıb ki, ünvanlı sosial yardımın verilməsi ilə bağlı problemlərin çox olduğunu yeni sosial müdafiə naziri də dəfələrlə qeyd edib:

"Sosial yardımların verilməsində insan faktoru daha çox önə çıxırdı. Yerlərdə sövdələşmələr, müxtəlif qeyri-qanuni yollarla sosial müavinətlərin təyinatı həyata keçirilirdi. Müraciətlərlə, qeydiyyatla bağlı ciddi problemlər var idi. İlkin olaraq, müraciətin sadələşdirilməsi, insan faktorunun tamamilə aradan götürülməsi müsbət addımdır. 

Amma sonradan qərarların verilməsi mexanizmində də şəffaflıq tam təmin edilməlidir. İnsan faktoru olmadan, müraciət edənin anonimliyi saxlanılaraq prosedurun aparılması daha düzgün olar. Seçimi edəcək şəxslər müraciət edənlərin kimliyini, adını bilmədən, onun maddi durumu, ehtiyac meyarlarına görə seçim etməlidirlər. Bu mexanizm müavinətlərin ayrılması ilə bağlı son qərarın verilməsində obyektivliyi təmin edəcək. Belə olarsa, bütün mənfi hallar tamamilə aradan qalxmış olar”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ilkin mərhələdə, sosial yardımın alınması üçün elektron qaydada müraciət zamanı "Ərizə-bəyannamə”nin doldurulması üçün tələb olunan məlumatların sayının azaldılmaqla sadələşdirilməsi təmin ediləcək. Belə ki, tələb olunan məlumatların bir hissəsi (məsələn, ailənin gəlirləri tərkibinə daxil olan pensiya və müavinətlər barədə məlumatlar) aidiyyəti elektron informasiya bazalarından əldə olunacaq.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22