2018-07-18 17:38:44   |   506 dəfə oxunub

"Xəzərin sahilindəki qanunsuz tikililər sökülməli, sahibləri cəzalandırılmalıdır"

Əliməmməd Nuriyev: "Sahilboyu zolağın bərpa edilməsi, qum örtüyünün yenilənməsi lazımdır. Sahilin əvvəlki vəziyyətinə qaytarılması da həmin şəxslərin öz hesabına olmalıdır”




"Xəzər sahili boyu ərazinin istifadəsi ilə bağlı Torpaq Məcəlləsində müvafiq məsələlər nəzərdə tutulmuşdu. Buna baxmayaraq, bəzi fiziki və hüquqi şəxslər qanunsuz hərəkətlərlə Xəzərin sahilini istismar edirdilər”.

Bu sözləri "Sherg.az”a Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı cərimə və cəzaların müəyyən olunmasından danışarkən "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib. 

O bildirib ki, qanunsuz halların artması səbəbindən Cinayət Məcəlləsinə müvafiq maddələr əlavə edildi:

"Müəyyən olunan cəzalar sahil boyu ərazidə qanunsuz tikililər tikən, hasarlayan şəxslərə qarşı çəkindirici addımlardır. Doğrudan da son illərdə görülən tədbirlər nəticəsində sahil boyu hasarların, tikililərin sayı xeyli azalıb. Eyni zamanda qanunsuz tikililərin sökülməsi istiqamətində addımlar atılıb.

Xəzər dənizindən, onun sahilindən hər bir Azərbaycan vətəndaşının istifadə imkanı olmalıdır. Fiziki və hüquqi şəxslər bu məsələni hər zaman diqqətdə saxlamalıdır. Sahilboyu ərazilərin çox hissəsi müvafiq icra hakimiyyətinin razılığı ilə özəlləşdirilib. Amma bunların əksəriyyəti qanunsuz həyata keçirilib. Ona görə, ictimaiyyətin də müvafiq narazılıqları yaranırdı. Bu baxımdan lazımi qərarlar qəbul edildi, cərimələr müəyyən olundu. Halbuki, işbazlar, məmurlar dəyişiklikləri nəzərə almadan vətəndaşların istifadəsinə ciddi məhdudiyyət yaradırdılar.

Hesab edirəm ki, sahilboyu ərazilərdə qanunsuz tikilən obyektlər sökülməli və sahibləri cəzalandırılmalıdır. Sahilboyu zolağın bərpa edilməsi, qum örtüyünün yenilənməsi lazımdır. Çünki elə ərazilər var, villalar tikilib sahilboyu ərazidə qum örtüyü korlanıb. Sahilin əvvəlki vəziyyətinə qaytarılması da həmin şəxslərin öz hesabına olmalıdır”.

Qeyd edək ki, Prezidentin Torpaq Məcəlləsinə dəyişikliyi nəzərdə tutan 15 yanvar 2016-cı il tarixli Fərmanının tələblərinə əsasən Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağının qrafik təsviri hazırlanıb.

Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22