2018-07-19 13:24:26   |   981 dəfə oxunub

“Hər gün toya getməklə fəxri ad ala bilməzsən”

Nigar Şabanova: “Heç kim məndən inciməsin. Mən bu gün əldə etdiyim uğura görə televiziyalara da borclu deyiləm”


Bütün sahələrdə olduğu kimi, muğam və mahnı ifaçılığı sənətində də əbədi yadda qalmağın öz əzəli qaydaları, normaları var. Muğam həmişə ayıq, hər cür şoudan uzaq, təsadüfləri həndəvərinə qoymayan ilahi səltənətdir. İstəyirsən kasetlərin, disklərin, kliplərin düz-dünyanı tutsun, şəklinin asılmadığı, adının-təxəllüsünün yazılmadığı tin-divar qalmasın, istəyirsən studiyalar daimi yaşayış ünvanına dönsün, ürəyində ürəklərə ötürüləsi bir şey yoxdursa, günəmuzd alqışlardan, ötəri şöhrətdən savayı heç nə əmələ gətirə bilməyəcəksən.

Bax, bu gün də təkcə pərəstişkarlarının yox, böyükdən-kiçiyə hamının ruhən qəbul etdiyi, azsaylı lent yazılarını dinlədikcə dinləmək istədiyimiz Yavər Kələntərli, Fatma Mehrəliyeva, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Tükəzban İsmayılova, Nəzakət Məmmədova kimi sənətkarları yada salanda bir daha əsl sənətin ölməzliyi haqqında düşünürsən.
Bu gün də muğam sənətinin məsuliyyətini gənc yaşlarından qanadlarına alıb, çiyinlərində daşıyan gənc xanəndələrimiz var ki, onlar həqiqətən səsləri, ifaları ilə muğamı dünyaya tanıdırlar. 

Gənc ifaçılar arasında səsi ilə özəlliklə fərqlənən əməkdar artist Nigar Şabanova "Şərq”in qonağı oldu.

- Xanəndə üçün səhnə nə deməkdi?

- Çox düşündürücü sualdı əslində. Səhnədə çox sənətçilər ola bilər. Musiqinin janrından asılı olaraq səhnəyə hər ifaçının özünəməxusus yanaşması yarana bilər. Amma xanəndə üçün səhnə anlayışı daha fərqlidir. Səhnə məsuliyyət deməkdir.

- Estrada sənətçisi səhnədə ifasını təqdim edərkən performansı, rəqsi-filan köməkçi vasitələr olaraq onun təqdimatını maraqlı göstərə bilər. Amma xanəndənin bu imkanları məhduddur. Xanəndə səhnədə yalnız səsinə güvənə bilər məncə...

- Bəli, həqiqətən digər janrda olan musiqiləri təqdim edərkən müğənni performans təqdim edə bilir. Səhnədə rəqs qura bilər, işıq və lazer effektləri, digər göməkçi elementlər müğənninin səhnədəki təqdimatına təsirini göstərmiş olur. Amma xanəndə üçün bunlar mümkün deyil. Xanəndə səhnədə yalnız mükəmməl ifası ilə maraqlı görünə bilər. Ən yaxşı halda xanəndəyə kömək edə biləcək yeganə vasitə tar-kaman, bir də dəf olar. Sən dəfdən başqa səhnədə nə istifadə edə bilərsən ki?

- Adətən deyirlər ki, Azərbaycan tamaşaçısı yalnız mükəmməl ifa eşidəndə alqışlamağa maraqlı olur. Xüsusilə də muğam ifaçılarına münasibətdə tamaşaçı bir az da tələbkar olur. Yəni muğam ifaçısının hər hansı səhvi, ifasında səslənə biləcək qüsurunu bağışlamır.

- Əslində həqiqətən bizim xalq muğamı bilir deyə, onun qarşısında xanəndə olaraq çıxış etmək daha böyük məsuliyyət tələb edir. Çünki tamaşaçının muğamda hansı məqamda hansı ifanın təqdimatından xəbəri var. Sən səhvə yol verə bilməzsən. Buna haqqın yoxdu. Hətta yol verilsə belə, bu tamaşaçının diqqətindən yayına bilməz. Mütləq o muğamda hansı yerdə səhv etdiyini dərhal hiss edəcək. Çünki bizim tamaşaçımızın ruhunda muğam sevgisi var. Estrada ifaçıları ilə xanəndənin fərqi nədir? Onlar səhnədə qüsur olsa belə, onu ötürə bilirlər, musiqiçilərin köməyi ilə, rəqslərin təqdimatında o məqamın üstündən ötüb keçə bilirlər. Bizdə isə bu mümkün deyil. Xanəndə ifası ilə də, geyim tərzi ilə də səliqəsini itirə bilməz. Hətta bəm muğamı oxuyanda belə xanəndənin səsi tam hiss olunur. Orda xırda bir səs tamaşaçını qıcıqlandıra bilər, zövqünü korlaya bilər.

- Xanəndələr tənqidi əslində sevmirlər. Çünki muğam özü o qədər ağır janr sayılır ki, orda xırda nöqsan və qəbahət böyük bir günah sayıla bilər.

- Əslində elə qəbahət sayılmalıdır. Xanəndə səhnədə yanlışlığa yol verə bilməz. O, səhnə məsuliyyətini uşaq yaşlarından dərk edir. 30-40 muğam yoxdur ki, onları öyrənmək çətin olsun. Barmaqla sayılacaq qədər muğamımız var. 7 əsas muğamımız var, xanəndə də uşaq yaşlarından o muğamları öyrənir, mənimsəyir. Sən yuxudan oyananda o muğamlar sənin beynində olur. Sən o 7 muğamı mükəmməl mənimsəyə bilməmisənsə, bu sənin üçün qəbahətdi. Muğam məsuliyyətlə yanaşı, fitri istedad tələb edir.

- Hər bir xanəndə çalışır ki, muğam sahəsində möhürünü vursun. Və hər muğam ifaçısı bir muğamı ilə daha çox fərqlənir. Nigar Şabanovanın ifasında "Orta Mahur” və "Şüştər” muğamı xüsusilə seçilir. Nəzərə alsaq ki, bu muğama az xanım xanəndə bu günə qədər müraciət edib.

- Təbii ki, Azərbaycan muğam tarixinə diqqət yetirsəniz, muğam ustadlarımızın hər birinin ifasında bir muğam xüsusilə seçilib. 2010-cu ildə muğam müsabiqəsində mən "Orta Mahur” və "Şüştər” muğamlarını ifa edərkən fərqlənə bildim. Bunu mənim ustadlarım da qeyd edib. Bu muğamlar həqiqətən ağır muğamlar sayılır. Hər kişi, xanəndə belə "Şüştər” muğamını ifa etməyə o qədər cəsarət etmir. Bu gün bir-iki kişi xanəndəmizdən başqa o muğama müraciət edən olmayıb. Mənim müəllimim, professor Qəzənfər Abbasov gənc yaşlarında "Şüştər” muğamını ifa edib. İllər sonra xanım xanəndələr arasında o muğama mən müraciət etdim.

- Muğam müsabiqəsində bir çoxları səninlə bir yola çıxsalar da, onlar yarıyolda qaldılar, gəlişləri qısa oldu. Sən isə yolunda daha qətiyyətli oldun.

- Bəli, müsabiqədə olanların bir çoxu bu gün səhnədə deyillər. Mən müsabiqədən sonra qarşıma məqsəd qoydum. Onu da qeyd edim ki, muğam müsabiqəsinə qədər "Xalq ulduzu” müsabiqəsində olmuşdum. Müsabiqənin finalında narazılıqlar oldu. Mən o zaman da heç nə demədim. Orda birinci, ya beşinci olmaq vacib deyildi. Vacib sənət göstərmək idi. Muğam müsabiqəsində isə 3-cü yerə layiq görüldüm. Əslində gileylənmirəm, şükr edirəm. Sadəcə, muğam müsabiqəsində 3-cü yerə layiq olmadığımı düşündüm. Ona görə də müsabiqədən sonra dayanmadım. Məqsədimə sarı yola çıxdım. Sübut etdim ki, mən 3-cü yerə layiq ifaçı deyildim.

- Bəhrəsini də gördünüz...

- Təbii ki, bəhrəsini gördüm. Mənə elə gəlir ki, zəhmətinin bəhrəsini bir gün tez, bir gün gec alırsan. Sadəcə, qətiyyətli olmaq lazımdı. Mən gənc yaşımda əməkdar artist fəxri adına layiq görüldüm. Buna görə ölkə başçısına təşəkkür edirəm. Heç kim mənim sözümdən inciməsin. Mən bu gün əldə etdiyim uğura görə televiziyalara da borclu deyiləm. Mən dövlət tədbirlərində iştirakıma görə, dövlətimin başçısı tərəfindən mükafatlandırılmışam. Nə hər gün toya getməklə, nə də toylarda çox oxumaqla fəxri ad ala bilməzsən. Dövlətimə, millətimə xidmət edən sənətçiyəm. Bundan sonra da bu yolun davamçısıyam.

- Estrada sahəsində, digər musiqi janrlarında olduğu kimi, muğam ifaçıları arasında da qısqanclıqlar, paxıllıq olur. Estrada sahəsində bu qalmaqallarla, açıq şəkildə özünü göstərsə də, xanəndələr arasında bu paxıllıq da səliqəli gedir. Yəqin sənə də paxıllıq edənlər var?

- Hər sahədə rəqabət olur. Paxıllıq isə fərqli hissdir. Mən rəqabətə hazır insanam. Amma mənə paxıllıq edənlərə yazığım gəlir. Bəli, estrada ifaçıları arasında paxıllıq sonralar qalmaqallara gətirib çıxarır. Muğam sahəsində isə bir az fərqlidir. Bəli, mənə də paxıllıq edənlər var. Mən fəxri ad alanda müxtəlif fikirlər deyənlər də oldu, bunlar gəlib mənə də çatdı. Mən isə işimlə onlara cavab verməyə çalışıram. Sadəcə xanəndələr arasında paxıllıq səliqəli gedir. Muğam sənəti özü ağır olduğu üçün, orda abır-həya qorunur. Ustadlardan çəkinib susmalı olursan ki, ayıbdı. Paxıllıq edənləri də yeganə bu söz dayandırır ki, ayıbdı. Mən paxıllığımı göstərsəm ayıb olar. Amma mənə paxıllıq edənləri də tanıyıram, onların mənə olan münasibətlərini də görürəm, arxamdan danışılanlar da gəlib qulağıma çatır. Onlar paxıllıqlarında olsunlar, mən də sənətimi davam etdirməyimdəyəm. Allah onlara kömək olsun. Nə deyə bilərəm.

- Artıq əməkdar artist olaraq hesabat konserti verməyinin vaxtı deyəsən çatır. Hesab etmirsən ki, solo-konsert vermək zamanı yetişib.

- Həqiqətən mən tamaşaçıma və özümə də bir hesabat konsertim olmalıdır. Bu barədə düşünürəm. Gələn ilin may aylarına solo-konsert nəzərdə tutmuşam. İnşallah qismət olsa, gələn ilin yazında solo-konsert proqramı ilə tamaşaçı qarşısında çıxış edəcəm. Artıq yavaş-yavaş hazırlıqlar başlanır. Mənə elə gəlir ki, Nigar bu solo-konserti ilə də fərqlənməyi bacarar.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-09-25