2018-07-20 12:20:22   |   1104 dəfə oxunub

“Bütün sağlam qüvvələrə dəvət göndərmişik”

Akif Nağı: “Qarabağımız işğaldan azad olunana qədər tələblərimiz gündəmdə olacaq”



Qarabağ Azadlıq Təşkilatının mərkəzi ofisində Qarabağın azadlığı tələbi ilə keçiriləcək etiraz aksiyaları ilə bağlı yaradılmış Mitinq Komitəsinin növbəti iclası keçirilib. Bir sıra vacib qərarların verildiyi iclasda Qarabağın azadlığı tələbinin davamlı və fasiləsiz gündəmdə saxlanılması məqsədilə mitinq və digər tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilib.

Avqust ayında Qarabağ mitinqinin keçirilməsi üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmasına qərar verilib. Məlumat üçün deyək ki, Mitinq Komitəsinə bir sıra partiyalar, ictimai təşkilatlar, Qarabağ döyüşçüləri və ictimaiyyət nümayəndələri daxildir. Daimi mitinqlərlə bağlı "Şərq”ə müsahibə verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, alınan qərarlar içərisində sadəcə aksiyalar yoxdur. QAT sədrinin sözlərinə görə, Qarabağın azadlığı ilə bağlı çoxsaylı beynəlxalq konfranslar da keçiriləcək.

- Akif bəy, fasiləsiz mitinq qərarında məqsəd nədir?

- Hamımızın istəyi odur ki, erməni işğalına son qoyulsun. Bir müddət əvvəl yaratdığımız Mitinq Komitəsinin məqsədi Qarabağın azadlığı tələbini beynəlxalq təşkilatlar qarşısında davamlı olaraq gündəmə gətirməkdir. Tələb edirik ki, çağırışlarımıza uyğun olaraq addım atılsın. Düzdür, bu istiqamətdə işlər gedir, amma xalqın da öz mövqeyi var. Bu, həm də cəmiyyətin dövlətə dəstəyidir. Qarabağ məsələsində həmrəylikdir.

- QAT hər zaman müharibə variantına üstünlük verir. Aksiyalarda münaqişənin həlli ilə bağlı savaş şüarları səsləndiriləcəkmi?

- Biz heç kimə münaqişənin həlli yolunu göstərmirik. Demirik ki, problem mütləq müharibə yolu ilə çözülməlidir. Hansı yol daha uyğundursa, münaqişə o cür həllini tapsın. Amma həllini tapsın. Ona görə də fasiləsiz şəkildə aksiyalarımızı, mitinqlərimizi davam etdirməyi qarşımıza məqsəd qoymuşuq. Təkcə aksiya, piket, yürüş şəklində deyil, həm də daxili və beynəlxalq konfranslar, "dəyirmi masa”lar təşkil edəcəyik. Ən müxtəlif formalarda Qarabağımız işğaldan azad olunana qədər, yaxud bu istiqamətdə konkret addımlar atılana qədər tələblərimiz gündəmdə olacaq.

- Nə qədər müddətdən bir mitinq keçirməyi düşünürsüz?

- Hər ay Qarabağ mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. Növbəti toplantımızda avqust ayı üçün mitinqin vaxtı müəyyən ediləcək. Bu ay müraciətimizə müsbət cavab verilmədi. Nə "hə” dedilər, nə də "yox”. Biz bu yanaşmanı düzgün hesab etmirik. Başa düşmürük, niyə icazə vermədilər? Çünki mitinqimiz müxalifətin aksiyası deyil, sırf Qarabağın azadlığı məsələsidir. Prosesə başlayanda siyasi qüvvələrə də müraciət etmişik. Bütün sağlam qüvvələrə dəvət yollamışıq. Həmçinin, çalışırıq ki, dünyanın bir çox ölkəsində "Qarabağa dəstək” adı altında mitinqlər keçirilsin.

- Qarabağ mitinqləri ilə bağlı sizə müraciət edənlər olubmu?

- 26 ildir torpaqlarımız işğal altındadır. Bu vəziyyət və müharibə şəraiti təkcə bizi yox, bütün xalqı narahat edir. İnsanlar Qarabağın bu qədər uzun zaman işğalda qalmasına, beynəlxalq təşkilatların buna göz yummasına dözə bilmirlər. Ermənilərin bizə məxsus torpaqlarda kef çəkməsi, dəyişiklik etməsi, tikintilər aparması dözülməzdir. Ermənistan rəsmilərinin Dağlıq Qarabağda nə işi var? Buna "dur” deyilməlidir. Çünki bu torpaqlar Azərbaycanın tarixi ərazisidir. Ermənilər Qarabağa öz torpaqları kimi baxırlar. Beynəlxalq qurumlar isə buna göz yumurlar. Bizim məqsədimiz dünyanın gözünü açmaqdır. Düşmənin beynəlxalq hüquqa meydan oxumasına imkan verməməkdir.

- Əgər meriya aksiyalara icazə verməzsə, qərarınız nə olacaq?

- İcazə verməsələr, o zaman yenidən müzakirələr aparacağıq. Sözün açığı, bu dəfə icazəsiz mitinq keçirmək haqqında düşünürdük. Lakin ölkədəki prosesləri, ictimai gərginliyi nəzərə alaraq iclas keçirdik və qərara gəldik ki, indiki məqamda icazəsiz aksiyalar təşkil etmək məqsədəuyğun deyil. Bizim üçün ən birinci dövlətin və millətin maraqlarıdır. Belə məqamda Qarabağ adı ilə icazəsiz aksiya çağırışı etsəydik, cəmiyyətdə qarşıdurma yarana bilərdi. Ancaq növbəti müraciətimizə də cavab verməsələr, başqa addımlar atmaq məcburiyyətində qalacağıq.

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-25