2018-07-24 13:34:19   |   526 dəfə oxunub

Yeni tarix başlayır

Prezidentin səfəri bütün potensialı hərəkətə gətirəcək

Azərbaycan-Fransa arasında yeni əməkdaşlıq formatları yaranacaq



Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri olduqca mühüm əhəmiyyətli bir səfər idi. Səfər bir neçə səciyyəvi aspektləri ilə Azərbaycan üçün yaddaqalan oldu. Hər şeydən öncə səfərin siyasi tərəfləri önə çıxır. Azərbaycan hökuməti həssas istiqamətlərdə daima xüsusi siyasi diplomatk iş aparır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Fransaya rəsmi səfəri işğalçı Ermənistanın mətbuatında diqqət mərkəzində oldu.

Hətta bəzi mətbu orqanlar Fransanın Ermənistanı satdığı ilə bağlı müəyyən xəbərlər yaydılar. Digər mühüm məqam iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar aspektindən qiymətləndirilməsidir. Ən əsası isə odur ki, Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan ölkələrdən biridir. Fransanın Avropa İttifaqı çərçivəsində də söz sahibi olması faktorunu da nəzərə alsaq, bu ölkə ilə münasibətlərin bizim üçün nə dərəcədə əhəmiyyətli olması üzə çıxar. 

Azərbaycan tərəfi Avropa ittifaqı ilə tərəfdaşlığın prioritetləri haqqında sənədi paraflayıb. Bu o deməkdir ki, rəsmi Bakı İttifaq üzvü olan dövlətlərlə yeni keyfiyyətdə münasibətlərə başlayacaq. Eyni zamanda bu sənəddə önə çıxan ən əsas məsələlərdən biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin üzv ölkələr tətəfindən tanınması məsələsidir. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları və təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli bir səfər kimi qiymətləndirilməlidir.

Vurğulamaq lazımdır ki, səfər zamanı Prezident İlham Əliyev fransalı həmkarı Emanuel Makron, Fransa senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji, eləcə də Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirib. Fransada Azərbaycan Prezidentinə göstərilmiş yüksək diqqət dövlət başçısının simasında Azərbaycan dövlətinə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir. 

Bu yanaşma göstərir ki, Azərbaycan dünyada, o cümlədən Avropada etibarlı tərəfdaş kimi tanınır, qəbul edilir. Dövlət başçısının Fransaya səfəri ikitərəfli iqtisadi, siyasi və humanitar əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlişi üçün də mühüm əhəmiyyətə malikdir. Səfər əsnasında Prezident İlham Əliyev Parisdə "Bouygues Travaux Publics”, "CIFAL”, "IVECO France”, "IVECO Global Bus”, "Rothschild and Co” və başqa nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşdü. Yalnız Fransanın deyil, Avropa və bütövlükdə dünyanın aparıcı iqtisadi qurumlarının şirkət rəhbərləri ilə görüş nəticəsində 2, 3 milyard dollarlıq anlaşmalar imzalandı. Şübhə yoxdur ki, bu anlaşmalar həm Fransanın, həm də Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək, iki ölkə arasında, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək.

Millət vəkili, tarixçi-alim Musa Qasımlı deyib ki, Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasındakı münasibətlərə yeni dinamizm verəcək. Deputatın sözlərinə görə, Azərbaycan-Fransa münasibətlərinin geniş perspektivləri və böyük potensialı var: "Prezident İlham Əliyevin Fransaya səfəri həmin potensialı hərəkətə gətirəcək və iki ölkə arasındakı münasibətlərə yeni dinamizm verəcək. Dövlət başçısının Fransaya səfəri böyük əhəmiyyət daşıyır. Fransa hər şeydən əvvəl dünyanın aparıcı dövlətlərindən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədri, dünyanın "böyük yeddi”lərindən biridir. Elə bu amillər səfərin necə böyük əhəmiyyət daşımasının göstəricilərindəndir”. Deputat bildirib ki, Azərbaycan və Fransa arasında münasibətlərin dərin tarixi kökləri var: 

"Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyi ilk dəfə olaraq 1920-ci il yanvarın 11-də Fransanın Paris şəhərində tanınıb. Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri Fransada yaşayıblar. Azərbaycan bolşevik Rusiyasının işğalına məruz qaldıqdan sonra dövlət müstəqilliyinin bərpası üçün çalışan ölkələrdən biri Fransa olub. Fransa Azərbaycan mühacirlərinə yardımlar edib. Azərbaycanlılar da öz növbəsində Fransanın faşizm zülmündən azad olunması üçün müstəsna xidmətlər göstəriblər. Azərbaycanlılar Fransa müqavimət hərəkatında iştirak ediblər”. 

M.Qasımlı vurğulayıb ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan-Fransa münasibətləri yeni əsasda qurulub:

 "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilk xarici səfərini 1993-cü ilin dekabr ayında məhz Fransaya edib. İlk rəsmi dövlət səfərinin Fransaya edilməsinin bir çox səbəbləri var idi. Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan-Fransa münasibətləri xeyli inkişaf edib. Bakıda Fransız liseyi, Azərbaycan-Fransa Universiteti açılıb, Fransa şirkətləri Azərbaycanda çalışırlar. Heç şübhəsiz ki, Azərbaycan-Fransa münasibətlərinin inkişafında bütün sahələrdə əməkdaşlığın bərabərhüquqlu əsasda qurulması müstəsna rol oynayıb”.

Siyasi-şərhçi Arzu Nağıyev də bəyan edib ki, Azərbaycan-Fransa arasında yeni əməkdaşlıq formatları yaranacaq. Analitikin sözlərinə görə, Azərbaycanla Fransa arasında həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan sıx münasibətlər mövcuddur: 

"Prezident İlham Əliyevin Fransaya səfəri bir neçə baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə qarşı təhdidin qarşısının alınmasında iştirak edən dövlətdir. Fransa ilə əlaqələrin inkişafı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafının stimullaşdırılması deməkdir: "Azərbaycan dövlətinin Fransa ilə davamlı əlaqələri olub. Fransa Azərbaycanı bir müstəqil tərəfdaş kimi qəbul edir. Bu baxımdan dövlət başçısının Fransaya səfəri Azərbaycan-Fransa və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, bu səfərdən sonra iki ölkə arasında yeni əməkdaşlıq formatları yaranacaq”. 

A.Nağıyev qeyd edib ki, Fransada böyük erməni lobbisi fəaliyyət göstərir. Lakin Prezidentin Fransa səfəri bunun qarşısının alınması istiqamətində öz töhfələrini verəcək: 

"Bildiyiniz kimi, birbaşa təmas bir sıra məsələlərin həllində önəmli faktordur. Dövlət başçısı İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi çox mühümdür. Bu səfər həm erməni lobbisi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanması, həm də ATƏT-in Minsk qrupu həmsədri olan Fransanın Dağlıq Qarabağ münaqişəsinə dair münasibətinə müsbət mənada təsirsiz ötüşməyəcək”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18