2018-07-24 13:53:42   |   1200 dəfə oxunub

“Azərbaycanın inkişaf etmiş ölkələrlə əməkdaşlığı çox faydalıdır”

Vüqar Bayramov: “İtaliya və Fransa Azərbaycana yönəldilən birbaşa xarici investisiyanın həcmində də ciddi paya malikdir”



Avropa qitəsinin aparıcı ölkələri olan Fransa və İtaliya Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarıdır. Hər iki ölkə ilə olan münasibətlərin potensialı olduqca çoxşaxəlidir. Nəzərə almaq lazımdır ki, Fransa və İtaliya iqtisadi inkişaflarına görə, dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyinə” daxildir. Avropa Birliyində söz sahibi olan Fransa dünyanın 5-ci iqtisadi gücüdür. Bu ölkə dünya ÜDM-nin 5 faizini və dünya ticarətinin 6 faizini formalaşdırır. Avropada ümumi iqtisadi göstəricilərə görə, Almaniyadan sonra ikinci yerdə durur. Şübhəsiz, bütün bunlar Azərbaycan kimi dinamik və inkişaf edən iqtisadiyyata sahib olan bir ölkənin diqqətini cəlb etməyə bilməz.

Əgər biz Fransa və İtaliya iqtisadiyyatının yüksək sənaye və modern texnologiyalar əsasında formalaşdığını nəzərə alsaq, o zaman iqtisadiyyatımızın inkişafı üçün bu ölkələrin potensialından nə qədər faydalana biləcəyimizi görə bilərik. Elə Azərbaycan da öz inkişaf potensialına və enerji resurslarına görə Fransa və İtaliya şirkətləri üçün çox əhəmiyyətli ölkədir. Çünki ölkəmizdə münbit sərmayə mühiti var. Beynəlxalq iqtisadi təşkilatların hesabatlarında iqtisadiyyatımız üçün optimist proqnozlar verilir ki, bu da Azərbaycanı Avropa şirkətləri üçün cəlbedici edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə Fransanın və İtaliyanın aparıcı şirkətləri çox böyük maraq göstərdilər. Səfər zamanı Prezident İlham Əliyev həmkarları və digər rəsmi şəxslərlə yanaşı, dünya iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə də yüksək səviyyəli görüşlər keçirdi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Fransaya səfər zamanı 2,3 milyard dollarlıq anlaşmalar imzalandı. İqtisadçılara görə, bu anlaşmalar ölkəmizə olduqca böyük iqtisadi dividendlər qazandıracaq. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da bu cür düşünür. Ekspert "Şərq”ə açıqlamasında Avropanın aparıcı ölkələri ilə bağlanan iqtisadi müqavilələrin və sazişlərin böyük əhəmiyyətə malik olduğunu deyib.

- Vüqar müəllim, Prezident İlham Əliyevin İtaliya və Fransa səfərləri fonunda imzalanan iqtisadi anlaşmaları necə dəyərləndirirsiniz?

- Avropa Birliyini təmsil edən ölkələrlə iqtisadi və ticari əlaqələri inkişaf etdirmək rəsmi Bakı üçün prioritet məsələdir. Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən yarısı Avropa Birliyinin payına düşür. Xüsusən, İtaliya dövləti Azərbaycan ixracatında aparıcı ölkələrdən biridir. Azərbaycan İtaliyaya enerji məhsulları ixrac edir. O cümlədən il ərzində 493 milyon dollarlıq məhsulu Fransaya ixrac edir. İtaliya və Fransa Azərbaycana yönəldilən birbaşa xarici investisiyanın həcmində də ciddi paya malikdir. Ümumi investisiyaların 7.6 faizi Fransanın payına düşür. Ölkə Prezidenti İlham Əliyevin Fransaya son səfərində ən diqqət çəkən məqamlardan biri məhz investisiyanın Azərbaycana cəlb edilməsi istiqamətində imzalanan anlaşmalar oldu. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti 2 milyard dollardan artıq investisiyanın ölkəmizə cəlb edilməsi ilə bağlı qarşı tərəflə anlaşmalar imzaladı. Əminliklə söyləmək lazımdır ki, İtaliya prezidentinin Azərbaycana gəlişi, həm də dövlət başçısı İlham Əliyevin Fransaya səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin güclənməsinə xüsusi təkan verəcək.

- Enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət göstərilir. Avropa ölkələri ilə əməkdaşlığın bu sahəyə təsir imkanları nə qədərdir?

- Əməkdaşlıqda diqqət çəkən əsas məqamlardan biri qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan müzakirələr və bağlanan müqavilələr idi. Azərbaycan qeyri-neft sektorunda Avropanın Birliyinin üzvü olan ölkələrlə əməkdaşlığı gücləndirməkdə, bu sahəyə daha çox investisiya cəlb etməkdə maraqlıdır. Fransadan, İtaliyadan ölkəmizə xarici investisiyaların gəlməsi yeni texnologiyaların idxalı baxımından çox vacibdir. Bu yaxınlarda Azərbaycanla İtaliya arasında mövcud olan müqaviləyə əsasən, SOCAR-ın iştirakı ilə Sumqayıtda yeni tipli zavod yaradıldı. Bu zavodun ərsəyə gəlməsi Azərbaycanın idxaldan asılılığını aradan qaldırmaq baxımından mühümdür. Həm də yeni ixrac imkanları deməkdir. Azərbaycan və İtaliya arasında əməkdaşlıq sayəsində qurulan zavod ölkəmizin qeyri-neft ixracatında təxminən 20 faizə yaxın artım deməkdir. Eyni zamanda mərhələli şəkildə 80 milyon dollara yaxın idxalın əvəzlənməsi deməkdir. O baxımdan ikili əməkdaşlıqlar həm idxalın əvəzlənməsinə, həm də ixracın genişlənməsinə gətirib çıxarır. Prezidentin Fransa səfəri, İtaliya rəhbərinin ölkəmizə gəlişi nəticə etibarı ilə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin genişləndirilməsinə gətirib çıxarır ki, bu da yeni layihələrin və proqramların icrası deməkdir.

- Nisbətən yeni olan qeyri-neft sektoruna xarici investorları cəlb etmək çətin olmayacaq ki?

- Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı prioritetdir. Son illər çalışırıq ki, bu sahəyə daha çox xarici investisiya qoyulsun. Fransa, İtaliya və Avropa Birliyinin digər ölkələrindən gələn investisiyalar qeyri-neft sektorunun inkişafı, xüsusən 2014-cü ildən etibarən bu sahədə aparılan sürətli iqtisadi islahatlarla bağlıdır. Hökumətimiz post-neft dövründə qeyri-neft sektorunun dirçəlməsi üçün əlindən gələni edir. Bütün xarici səfərlərdə, əlaqələrdə qeyri-neft sektorunun inkişaf etdirilməsinə, sərmayə cəlb edilməsinə xüsusi önəm verilir. Xarici investorlar üçün Azərbaycan bazarı çox əlverişlidir. Digər tərəfdən Azərbaycan tərəfindən xarici investorlara verilən zəmanət Avropa Birliyindən daha çox sərmayənin ölkəmizə gəlməsinə şərait yaradır.

- Müharibə şəraitində olduğumuza görə, hərbi sahədə əməkdaşlıq, silah ticarəti bütün ikili 
əlaqələrimizdə ön plana çəkilir. Silah ticarəti Avropa ölkələri ilə iqtisadi əlaqələrdə necə əks olunur?

- Torpaqlarımız işğal altında olduğu üçün Azərbaycan tərəfi silahların alınmasına böyük vəsait ayırmaq məcburiyyətindədir. Bu baxımdan hərbi xərclərimiz hər zaman çox olur. Əslində, normal şəraitdə heç bir dövlət zərurət olmadan hərbi xərcləri artırmaq arzusunda deyil. Çünki bu zaman xeyli maddi vəsait sərf olunur. Lakin indiki vəziyyətdə Azərbaycan silah arsenalını artırmalıdır. İtaliya və Fransa müasir silahlar istehsal edən ölkələrdir. Uzun zamandır Azərbaycan silah ticarətində İsrail, Rusiya və bir sıra başqa ölkələrlə əməkdaşlıq edir. Lakin Avropa ölkələri - İtaliya və Fransa ilə əməkdaşlıq həm müasir hərbi texnikaların alınması, həm də silah ticarətində daha çox seçim imkanı deməkdir. Silahların optimal qiymətə alınması da önəmli məsələdir. Yəni Avropa ölkələri ilə əməkdaşlıq müasir silah-sursatın əldə edilməsi ilə yanaşı, həm də iqtisadi baxımdan əlverişlidir. Seçim imkanı olan Azərbaycan bir neçə ölkəyə uyğun qiymətə silah sifarişi verə bilər. Ona görə də düşünürəm ki, Azərbaycanın inkişaf etmiş Avropa dövlətləri ilə hərbi əməkdaşlıq qurması və silah ticarətini genişləndirməsi bizim üçün faydalıdır. Şübhəsiz ki, bütün bunlar həm də ölkəmizin hərbi qüdrətinin artması deməkdir.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18