2018-07-25 12:20:34   |   739 dəfə oxunub

“Xərçəng adını eşidəndə ikimiz də güldük”

İlqar Mikayıloğlu: “İnsanlar bəzən bu xəstəliyin adını çəkməyə belə qorxurlar”

"Onkoloji xəstəliyi olan qadını kişi anasının evinə göndərirsə, o insanın kişiliyi yoxdu. Onun bir adı var - biqeyrətdi, vicdansızdı, əxlaqsızdı..."




Həyat fani olduğu qədər də bəzən sınaqlarla, xəstəliklə səni imtahana çəkə bilir. Bu məqamda ya dözümlü olub o sınaqdan çıxa bilirsən, ya da ümidlərini itirib xəstəliyə boyun əyirsən. Aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova xərçəngdən əziyyət çəkir. Zülfiyyəyə dəstək üçün bir müddət əvvəl yaxınları da saçlarını keçəl etdirmişdi.

İndi isə Zülfiyyə başına xına ilə tatu etdirib. Həyat yoldaşı İlqar Mikayıloğlu xərçəng xəstəliyindən əziyyət çəkən yoldaşına sürpriz edib. İlqar Mikayıloğlu xəstəxanaya gələrək xanımına gül dəstəsi hədiyyə edib. Aparıcı Zülfiyyə həyat yoldaşının bu sürprizini sosial şəbəkədə paylaşaraq bunu söyləyib: "Səhər gözümü açıram və görürəm İlqar əlində bir dəstə güllə dayanıb "Səni sevirəm, Zülfiyyə” deyir”.

İlqar Mikayıloğlunun ailəsi ağır xəstəliyə tutulan Zülfiyyə Bayramovaya dəstəyi əslində digər bu xəstəliklə mübarizə aparan ailələrə bir örnək oldu. İlqar Mikayıloğlunun ailəsinin bu jesti əslində cəmiyyətə bir sosial mesaj sayıla bilər. Xərçəng ağır xəstəlikdir, amma ölməyə tələsmə!
Taleyin sınağından keçən aparıcı İlqar Mikayıloğlu "Şərq”ə maraqlı açıqlamalar verdi. Bu xəstəliklə mübarizə aparan ailələrə mesaj göndərdi.

- Son dönəmlər ailəniz ağır sınaqdan keçir. Atdığınız addım, xəstəliyə qarşı mübarizəniz fərqli oldu. Zülfiyyəyə dəstək olmaq üçün ailəliklə yaxınlarınızla saçınızı kəsdirdiz. Kreativ bir dəstək addım kimi qiymətləndirildi. Kimdən gəldi bu dəstək ideyası?

- Bunu izah etməyə ehtiyac yoxdu. Sadəcə biz ailə olaraq Zülfiyyəyə dəstək olmalıydıq. Vəssalam. Biz ona kömək etməliydik, dəstək olmalıydıq. Biz bunu sevərək etməliyik və etdik.

- Gəl razılaşaq ki, xərçəng xəstəsi olan hər insanın ailəsi bu dəstəyi tam dərk etmir, ya düşünmür, ya da ehtiyac görmür.

- Bilirsiz, insan ömür yaşayır. Yaxşı, çətin günləri olur. Həyatda xəstəlik də təbiidir. Bunu böyütmək də lazım deyil. Onkoloji xəstəsi olan istənilən ailə belə olmalıdır. O, xəstəsi olan doğmasına dəstəyini hər an göstərməlidir. Bunun başqa yolu yoxdur. Bəli, elə ailələr var ki, özüm də şahidi olmuşam ki, onkoloji xəstəsi olan ailədə biganəlik var. Onkoloji xəstəliyi olan qadını kişi anasının evinə göndərirsə, o dönəmdə onu tək qoyursa, atıb gedirsə, mənim üçün o insanın kişiliyi yoxdu. Onun bir adı var - biqeyrətdi, vicdansızdı, əxlaqsızdı...

Əgər sən bu insanla evlənmisənsə və bu problem varsa, sən onunla birgə yürüməlisən. Sən o xəstəliyə tutulsan, səni atmalıdırlar? Gərək sənin başının üstündə qadın dayansın, atmasın? Bəs sənin kişiliyin harda qaldı? Sən həyat yoldaşının yanında dayanmalısan. Canın çıxmamalıdır, amma dayanmalısan. Çox təəssüf ki, bizdə ailələr, kişilər var ki, hələ də qadına əşya kimi baxırlar, atırlar bir kənara. Biz Zülfiyyə ilə bu sınaqda onu sübut etməyə çalışırıq ki, ailədə ərlə arvadın hər hərəkəti 50-nin 50-yədir. Həmin 50 faizi mütləq qorumaq lazımdı. Biz bunu çatdırmaq istəyirik. Onkoloji xəstəliyə əyri baxanların baxışlarını düzəltməyə çalışırıq ki, insanlığınızı itirməyin.

- İlk dəfə bu xəstəliyi eşidəndə Zülfiyyənin və sizin reaksiyanız necə oldu? Xərçəngi necə qarşıladınız?

- Bu xəstəliyi eşidəndə həqiqətən ikimiz də güldük. Xərçəngə gülüşlə cavab verdik. Biz hər ikimiz güclü insan olduğumuz üçün əminik ki, bu xəstəliyə qalib gələ bilərik. İnsanlar bəzən bu xəstəliyin adını çəkməyə belə qorxurlar. Sanki faciənin son nöqtəsini yaşayırlar, sanki əcaib bir məxluq yaxalarını tutub. İnsan nə qədər aciz, zəif olmalıdır ki, xəstəlikdən bu qədər qorxsun. Xərçəngdən danışanda qorxmaq lazım deyil. Biz ailəcə xərçəngdən danışanda çox sakit danışırıq. O xəstəliyin başqa adlarını da rahat çəkirik. Hətta bu xəstəliklə bağlı zarafatlaşırıq da. Biz ailə olaraq bu xəstəliyə güc gələ biləcəyimizə inanırıq.

- Oğlunuzla söhbətiniz oldumu anasının xəstəliyini eşidəndə?

- Yox. Çünki biz bu xəstəliyi küncdə, qaranlıq otaqda tək-tək müzakirə etmirik. Bu xəstəlikdir, müalicə mümkündür, ailəcə buna hazırıq. Vəssalam.

- Zülfiyyə bu qədər cəsarətli olduğunu göstərməyə çalışır. Amma qadındı, səninlə təklikdə eyhamla, sətiraltı nəsə çatmayıb ki, İlqar, belə olsa necə olar, filan.

- Yox. Konkret söz danışmırıq. Biz biri-birimizi başa düşürük. Bu anlarda söz danışmaq nə kəsb edir. Bilirsiz, biz oynamırıq ki? Ya da uşaq deyilik. Mənim atam xərçəng xəstəliyindən dünyasını dəyişib. Mən doğmalarımın ölümünü görən insanam. Elə Zülfiyyə də həyatın çətinliklərini yaşayan bir qadındı. Ona görə də bu xəstəliyi bütün reallığı ilə dərk edib qəbul etmək lazımdı. Biz manıs deyilik ki, xoş olsun deyə sözlər deyək, artistlik edək. Bizim bir məqsədimiz var, ailəliklə xəstəliyə qalib gələk. Sübut edək ki, xərçəng ağır xəstəlik olsa da, ondan qorxub geri çəkilmək olmaz. Allah böyükdü. Biz Azərbaycanda güclü həkimlərin olduğuna da inanırıq. Çünki müayinələri Türkiyədə də etdirdik. Eyni bizdəki cavablar oldu. Qərara gəldik ki, müalicələri Azərbaycanda davam etdirək. Biz xərçəngə qalib gələcək inamla yolumuzu tutmuşuq. Bu yolda hamıya, elə bizə də Allah kömək olsun.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-09-25